"Qarabağ"ın forvardı Musa Qurbanlı Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 13-cü turunun "Karvan-Yevlax"la matçdakı qalibiyyətini şərh edib: "Təbii ki, asan oyun olmadı. Əsas odur ki, üç xalı qazandıq. Bizim üçün qalibiyyət vacib idi. Rəqib çox yaxşı və kompakt müdafiə olunurdu. Bütün fikirləri müdafiə olunmaq idi. Bu mənada, hücum qurmaq, təhlükəli epizodlar yaratmaq çətin alınırdı. Çünki "Karvan-Yevlax" boşluqlar vermirdi. Amma sonda lazım olan qolları vurduq və qalib gəldik".
Qurbanlı sıx qrafikə görə yorğunluğun baş verib-verməməsindən də bəhs edib: "Kifayət qədər futbolçumuz var. Düzdür, hər halda, çətinlik, yorğunluq olacaq. Bu da normal haldır. Amma hamımız burada komandamız üçün əlimizdən gələni edirik. Neçə futbolçu olsa da, meydana kim çıxsa da, hamımız burada komandamız üçün can qoyuruq".
O, "Qarabağ"ın Çempionlar Liqasının 6-cı turunda "Ayaks"a qarşı keçirəcəyi görüş və ümumilikdə pley-off şanslarını da dəyərləndirib: "Ayaks"la görüşə hazırlaşacağıq. Belə turnirlərdə, belə komandalara qarşı hansısa üstünlükdən danışmaq bir qədər yaxşı fikir deyil. Rəqibləri onsuz da görürük, dünya səviyyəli komandalardır. Çempionlar Liqasında oynayırıq. Hər matça ciddi hazırlaşacağıq, maksimum xal üçün mübarizə aparacağıq. Sona qədər oynayacağıq. Təbii ki, pley-offa çıxmaq üçün müəyyən şansımız var. Çalışacağıq ki, bu şansdan istifadə edək. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
