Arteta dünyanın ən yüksək maaş alan məşqçilərindən biri ola bilər - yeni müqavilə imzalanacaq

22:02 - 20 May 2026

"Arsenal" Mikel Arteta ilə yeni müqavilə imzalamaq istəyir.

Sportal.az xəbər verir ki, London klubu İngiltərə çempionluğunu artıq təmin edib. Komanda mövsümün bitməsinə bir tur qalmış "Mançester Siti"ni 4 xal qabaqlayır.

"The Guardian"ın məlumatına görə, “topçular” baş məşqçiyə yeni müqavilə təklif edəcək. Premyer Liqa çempionluğu uğrunda mübarizə davam etdiyi üçün danışıqlar dayandırılmışdı, baxmayaraq ki, klubdakı mənbələr bildirirlər ki, "Arsenal" ikinci yeri tutsa belə, Artetaya müqavilənin uzadılması təklif olunacaqdı.

Artetanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilənin şərtlərinə əsasən, ispaniyalı mütəxəssis mövsümə görə təxminən 10 milyon funt sterlinq maaş alır, əlavə olaraq komandanı Çempionlar Liqasına çıxardığı üçün 5 milyon funt bonus qazanır.

Gözlənilir ki, indi Mikelə maaşında ciddi artım olan yeni müqavilə təklif ediləcək. Bəzi mənbələrin proqnozuna görə, Artetanın qazancı dünyanın ən yüksək maaş alan məşqçisi hesab olunan "Atletiko"nun çalışdırıcısı Diego Simeonenin maaşına yaxınlaşa bilər. Məlumatlara əsasən, argentinalı mütəxəssis ildə təxminən 30 milyon avro qazanır.

Xəbər xətti