Julius Vobay: "Bu il azarkeşlərə avrokuboklardan qalan borcumuzu gələn il qaytaracağıq"
“Neftçi”nin futbolçusu Julius Vobay klubun rəsmi saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Mövsüm bitdikdən sonra “Neftçi” ilə yenidən müqavilə bağlayaraq qalmağa qərar vermişdin. Bu addımı atmağına hansı amillər təsir etdi?
- “Neftçi”yə gələnə qədər bir sıra klublarda oynamışdım. Amma karyeramda ən böyük uğurları məhz bu klubda qazandım. “Neftçi”nin heyətində Azərbaycan çempionu oldum və ölkə kubokunu qazandım. Avrokubokların qrup mərhələsində çıxış etmək istəyim də bu komandada reallaşdı. “İnter”, “Rubin”, “Partizan” kimi komandalarla qarşılaşmalarda meydana çıxmağımız bizi bütün qitəyə tanıtdı. Bundan sonra Avropanın bir çox klublarının maraq dairəsinə düşdük. Bir sözlə “Neftçi” mənim klub karyeramın zirvəsidir.
- Bəs nə üçün getmək qərarına gəldin?
- Açığı, mənimlə bir çox klublar daha öncədən maraqlanırdı. Bütün bu təkliflərə rəğmən “Neftçi” ilə müqavilə imzalamağa qərar verdim. Bayaq əbəs yerə avrokubokların qrup mərhələsi haqda demədim. Mənim daha çox diqqət mərkəzinə düşməyimdə məhz “Neftçi”nin avroliqanın qrupunda oynaması böyük rol oynadı. Bir növ bu kluba borclu idim. Ona görə də, digər təkliflərə “yox” deyib, “Neftçi” ilə müqavilə imzaladım. Məni tanıdan komandaya xeyir vermək istədim. Təəssüf ki, bu mövsüm avrokuboklarda istədiyimiz kimi çıxış edə bilmədik. “Əl Şaab” klubuna icarə əsasında yollanıram. Avrokuboklarda mübarizəni dayandırdıqdan sonra klub prezidenti ilə görüşüb getmək üçün izn istədim. O da istəyimi anlayışla və müsbət qarşıladı. Təbii ki, bu qədər uğur qazandığım klubdan müvəqqəti də olsa, ayrılmaq çətindir. “Neftçi” mənim üçün doğma komandadır. Belə bir kollektivdən 1 illik də olsa, uzaqlaşmaq asan deyil.
- Bakıdakı abu-havaya öyrəşmişdin və burada azarkeşlər tərəfindən yetərincə sevilirdin. Ümid edək ki, yeni mühitdə uyğunlaşmaq baxımından problem yaşamayacaqsan.
- Bakıda insanlar çox istiqanlıdır. Şəxsən mənə burada ünsiyyət yaratmaq və anlaşmaq asandır. Komanda daxilində yerli və legioner futbolçuların hamısı ilə əla münasibətdəyəm. “Neftçi”də uyğunlaşmaq baxımından problemim olmamışdı. “Əl Şaab” klubu isə Asiya təmsilçisidir və orada mühit müəyyən qədər fərqli olacaq. Ən azından hər yerin öz adət-ənənəsi var. Bu mənim üçün yeni təcrübə olacaq. “Neftçi”də oynadığım müddətdə azarkeşlərin sevgisini qazana bilmişdim. Futbolçu üçün bu çox önəmli məsələdir. Bu oynamaq üçün böyük stimuldur. Çalışacağam ki, “Əl Şaab” klubunda da oyunumla azarkeşlərin ürəyinə yol tapım.
- Artıq indidən azarkeşlər Vobay üçün darıxmağa başlayıb
- Təkcə Vobay yox, bu komandanın bütün üzvləri azarkeşlər tərəfindən sevilir. Darıxmağa gəldikdə isə mən onlardan çox darıxacam, əmin olsunlar. “Neftçi” bir-iki futbolçudan asılı komanda deyil. Burada əvəzedilməz futbolçu yoxdur, meydana kim çixirsa çıxsın yalnız qələbə üçün çalışır. İnanıram ki, mövsümün sonunda komanda yoldaşlarım mənsiz belə çempionluq kubokunu qaldıracaqlar.
- İcarə müddəti bitdikdən sonra yəqin ki, “Neftçi”yə qayıdacaqsan
- İcarə müddəti bitdikdən sonra yenidən “Neftçi”yə qayıtmağı düşünürəm. Təbii ki, bu mənim necə formada olmağımdan da asılıdır. Bildiyimə görə BƏƏ-nin daxili çempionatı da maraqlı və gərgin keçir. Çalışacağam ki, bura qayıtdıqdan sonra “Neftçi”yə daha faydalı olum. İnanıram ki, bu il azarkeşlərə avrokuboklardan qalan borcumuzu gələn il qaytaracağıq.
saytlarin hazirlanmasi