"Rəqib pressinq tətbiq edə-edə bizi topsuz qoydu" MÜSAHİBƏ

12:43 - 23 Avqust 2013

Rəşad Sadıqov: "Onlar Bundesliqada öz sözlərini demiş oyunçulardır"
 
"Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasında Almaniya “Ayntraxt”ı ilə ilk "play-off" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir.
 
- 0:2 hesabı ilə uduzduğunuz qarşılaşma barədə nə deyə bilərsiniz?
- Oyunumuz o qədər də yaxşı alınmadı. Rəqib bütün meydan boyu pressinq tətbiq edirdi. Biz isə hücum, öz oyunumuzu qura bilmirdik. İkinci hissədə yaxşı imkanlarımız oldu. Biz qol vuracağımız halda rəqib ikinci dəfə fərqləndi. Demək olar ki, bununla da oyunun taleyi həll olundu.
 
- Oyununuza meydan amili təsir etdi?
- Meydanın vəziyyəti haqda danışmaq istəmirəm. Biabırçılıq idi. Onsuz da topla oynamaq çətin idi, bir tərəfdən də rəqibin pressinqi. Bilmirdin, pressinqlərin qarşısını alasan, yoxsa öz oyununu qurasan. Yəni, gözlənilməz bir hal idi. Mən bununla bəhanə gətirmək istəmirəm, amma təəssüflər olsun ki, bu cür qarşılaşmanı belə meydanda oynadıq.
 
- Bununla bağlı iradınızı stadion rəhbərliyinə bildirdiniz?
- Stadionun ot örtüyünə cavabdeh bolqarıstanlıya ötən gün məşqdən sonra sözümüzü demişik.
 
- Bəs necə oldu ki, “Ayntraxt” 6 dəqiqə ərzində meydanın vəziyyətinə uyğunlaşaraq qol da vurdu?
- Rəqib meydana uyğunlaşmadı, sadəcə, bizdən üstün çıxış edirdi. “Ayntraxt” daha çox pressinq tətbiq edirdi və bizə topla irəli çıxmağa imkan vermirdi. Biz isə onlar kimi pressinq tətbiq edən yox, topla oynayan komandayıq. Ona görə də istər-istəməz özünəinam itirdi. Biz topsuz oynayan komanda deyilik, rəqib isə pressinq tətbiq edə-edə bizi topsuz qoydu.
 
- Razısınız ki, bu gün təcrübə sözünü dedi?
- Təcrübə və ustalıq. Onların son vuruşları bizim son vuruşlardan dəqiq idi. Hər iki komandanın 3 təhlükəli epizodu oldu. Amma “Ayntraxt” daha dəqiq oldu və lazımi nəticəni qazandı.
 
- Cavab görüşündən nə gözləyirsiniz?
- Mərhələ adlamaq çox ağırdır, amma əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ın adına layiq oyun nümayiş etdirək. Rəqib doğrudan da güclü idi. Biz “Ayntraxt”ın oyunlarını analiz etmişdik. Bu qədər güclü olacaqlarını fikirləşmirdik. Amma görünür, rəqib bizi daha yaxşı analiz edib. Çox qüvvətli, ustalıq səviyyəsi yüksək olan komandadır. Sol cinah müdafiəçisinin ötən mövsüm Bundesliqada 10 məhsuldar ötürməsi olub, sağ və sol cinah yarımmüdafiəçilərinin 8 qolu, 7 məhsuldar ötürməsi var, bu gün “dubl” edən Aleksandr Mayer 16 qol vurmuşdu. Ustalıq səviyyələri yüksəkdir, Bundesliqada öz sözlərini demiş oyunçulardır. Bu da meydanda özünü göstərdi.
 
- Elə isə niyə pessimist görünürsünüz?
- Hamımız inanmışdıq ki, mərhələni keçə bilərik və evdə qələbə qazanacağıq. 

Xəbər xətti