AFFA-nın (el)XANI

11:40 - 13 Noyabr 2013

Məmmədov yenə oyun oynayır

 

5 il. AFFA-ya rəhbər gələnlərdən hər biri inkişaf üçün məhz 5 il vaxta ehtiyac olduğunu deyir. Elxan Məmmədovun da 5 ili sona çatdı. Bəli, Rövnəq Abdullayevin yox, məhz Elxan Məmmədovun 5 ili tamam oldu. Hamı bilir ki, AFFA-nın adı Rövnəq Abdullayevin, dadı isə Elxan Məmmədovundur. Adam baş katib adı altında AFFA-da istədiyi eksperimentləri həyata keçirdi, milyonları havaya sovurdu. Ancaq bu gün də ona “gözün üstə qaşın var” deyən yoxdur. Heç olmayacaq da...

 

Elxan Məmmədov yenə oyun oynayır. 2 il əvvəl olduğu kimi görüntü yaradır ki, Berti Foqtsla müqavilə müddəti artırılmayacaq. Böyük ehtimalla o, 2 il əvvəl olduğu kimi  yenə SWOT (marketinqdə analiz tərtibi üçün nəzərdə tutulur) hesabat hazırlayıb. Foqtsun nəticələrini, onu əvəzləyə biləcək məşqçiləri və s. məqamlar barədə analizlər eləyib. Bunlar hamısı görüntü üçün edilir, diqqəti yayındırmaq, zaman qazanmaq üçün. Özünü sığortalamaq üçün hərdən söz atır ki, Foqtsun məsələsinə İcraiyyə Komitəsinin üzvləri qərar verəcəklər. Balaca uşaq da anlayır ki, həmin komitənin adı var, özü yoxdur. Və həmin iclaslar verilmiş qərarların yekdilliklə təqsdiqlənməsi üçün qurulur.

 

Təəssüf ki, futbol savadı bəsit olan, futbola millinin oyunundan-oyununa baxan azarkeşlər də Məmmədovun çaldığı havaya oynayırlar. Bu gün elə düşünənlər var ki, Foqts futbolumuza xeyir verib. Millinin hər tsiklin sonunda ( hər dəfə də Rusiya işə yarayır) yığdığı xalları bir kənara qoyuram (hərçənd Rusiya ilə evdəki oyunun son dəqiqələrində yan xətt hakiminin Vaqif Cavadovun oyundan kənar vəziyyətdə olduğunu görməməsinə izah tapa bilmirəm. Axı, təkrardan da görünür ki, yan xətt hakimi düz ofsayd xəttini izləyir və Vaqifin oyundan kənar vəziyyətdə olduğunu görməməsi mümkünsüzdür). Adi millimizin oyununu da izləyən hər bir savadlı mütəxəssis təsdiqləyər ki, məşqçi işi hiss olunmur, heç bir üslub yoxdur. Əvəzində ayrı-ayrılıqda bəzi futbolçuların mübarizliyi var. Sadəcə Elxan kimilər milləti aldatmaq istəyir ki,uzaq məsafələrdən vurulan qollar futbolçuların fərdi bacarığı yox, Foqtsun əməyidir. Əvvəllər Qurban Qurbanovun kəşf etdiyi futbolçular hesabına baş girləyən alman indi də Araz Abdullayev kimi istedadlar hesabına vaxt udur. Hərçənd Foqts həmin Arazı millidən uzaqlaşdırmışdı. Səbəbini isə həm Arazın özü, həm “Neftçi” rəhbərliyi, həm də Elxan Məmmədov yaxşı bilir. Məsələ ondadır ki, Foqts Arazdan tələb edirdi ki, onun meneceri ilə müqavilə bağlasın və o, Arazın transferindən pul qazansın. “Neftçi”nin futbolçusu isə bundan imtina etdiyinə görə Foqtsun “qara siyahı”sına düşmüşdü. Eyni problem Kamran Ağayevlə də ortaya çıxmışdı. Ancaq ictimai qınaqdan çəkinən Elxan Məmmədov Foqtsa nəfsinə biraz sahib çıxmasını tapşırdıqdan sonra alman geri çəkilməli olmuşdu.

 

Əmin olun ki, Foqts qalacaq. Nə qədər ki, Elxan Məmmədov AFFA-dadır, almanlar da olacaq. Məmmədov almanları çox sevir, elə onun qardaşı da. Yeri gəlmişkən, Elxan Məmmədovun qardaşının Almaniyada şirkət sahibi olduğu deyilir.

 

P.S. – Bir neçə il əvvəl AFFA-nın hesabatında qeyd olunmuşdu ki, illik marketinq xərcləri 2 milyon manat təşkil edib. Sizcə, bərbad vəziyyətdə olan futbolumuzun bu günündə marketinqə bu qədər pul yatırmaq lazımdırmı?

 

P.S. – Elxan Məmmədov üçün – “футбол не подчиняется большинству экономических законов”

 

Şahin OĞUZ

Xəbər xətti