"Azərbaycan milli komandası barədə çox məlumatım yoxdur" MÜSAHİBƏ

11:40 - 18 Noyabr 2013

Kobiaşvili: “Bu dəyişikliklər məni çox sevindirir”
 
“İnter”-“Sumqayıt” yoldaşlıq matçını izləyənlər arasında tanınmış gürcü futbolçusu Levan Kobiaşvili də olub. Berlin şəhərinin “Qerta” klubunun oyunçusu klubun rəsmi saytına müsahibə verib
 
Sportal.az həmin müsahibəni təqdim edir
 
- Levan, öncə bilmək istərdik, sizi Bakıya gətirən nədir? Hansı səbəblərə görə bu matçı izləməyə gəldiniz?
- Buraya dostlarımı ziyarətə gəldim, daha dəqiq desəm, dostum Aleksandr İaşvilini görmək üçün Bakıya baş çəkdim. Onunla birlikdə hələ Tbilisinin “Dinamo” komandasında  oynamışıq, sonra Almaniyanın “Frayburq” klubunda çıxış etmişik. Bundan əlavə, birlikdə uzun müddət Gürcüstan milli komandasının şərəfini qorumuşuq. Mən Aleksandrla qardaş kimiyəm. Hazırda milli komandaların oyunlarıyla bağlı fasilə yaranıb və komandaya üçgünlük istirahət verilib. Mən də bundan yararlanaraq istirahətimi yaxın dostumun yanında keçirməyi qərara aldım. Xəbər verdim ki, ona qonaq gəlirəm. Bax, beləcə Bakıda peyda oldum. Deyim ki, Almaniyada ayrı-ayrı klublarda çıxış etməyimizə baxmayaraq tez-tez bir-birimizə baş çəkirdik.
 
- Azərbaycanın paytaxtı-Bakı şəhəri  sizdə necə təəssürat oyatdı?
- Etiraf edim ki, sonuncu dəfə burada 10 il öncə olmuşam. Səmimi desəm, ötən müddət ərzində şəhərdə baş vermiş dəyişikliklərdən çox xoşum gəldi. Şəhər çox gözəl olub, burada çoxlu  maraqlı yerlər var.  Futbol sahəsində baş verən dəyişikliklərdən də xoşum gəldi. Bakıda çox sayda stadionlar istifadəyə verilib, burada bir çox rəqabətqabiliyyətli komandalar var ki, bu da yerli birinciliyin tərəqqəsinə kömək edir. Bu dəyişikliklər məni çox sevindirir. Xoşdur ki, Azərbaycanda belə şərait yaradılır.
 
- Azərbaycan futbolu barədə daha nə bilirsiniz? Bəlkə Aleksandr İaşvili sizə müəyyən məlumat verib?
- Doğrusu, Azərbaycan milli komandası barədə çox məlumatım yoxdur, lakin çempionatınız haqqında müəyyən məlumatım var. İnternetin köməyilə “İnter”in çıxışını izləyirəm. Aleksandr İaşvilinin oyununu izləməyə çalışıram. Dost münasibətdə olduğum Kaxaber Tsxadadze komandanıza rəhbərlik edir. “İnter”in digər futbolçularını da tanıyıram. “İnter”ə azarkeşlik edirəm və komandanıza bu mövsümdə uğurlar arzulayıram.
 
- Berlinin “Qerta” komandasında işləriniz necə gedir?
- Hazırda biz birinci Bundesliqada çıxış edirik. İşlər pis deyil. Bu mövsümün sonunda “Qerta”yla müqavilə müddətim başa çatır, ancaq hazırda bütün diqqətim bu komandaya yönəlib.
 
- Bəlkə müqavilə müddəti bitdikdən sonra Aleksandr İaşviliyə qoşulasınız?
- Bilmirəm(gülür). Bu barədə hələlik düşünməmişəm. Öncə dediyim kimi, hazırda yalnız “Qerta” barədə düşünürəm, sonra nə olacağını hələlik bilmirəm.

Xəbər xətti