Skarlatake: "Pitin qayıdışı bizi çox sevindirdi"
"Xəzər Lənkəran"ın vitse-kapitanı Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi
- Komandanız AZAL-la matçda yenə qalib gəlmədi. Səbəb nə idi?
- Çünki bizdə şans və bəxt yoxdur, biz 45 dəqiqə meydanda bir nəfər çox mübarizə apardıq və yaxşı da oynadıq, daha sonra bir penaltidən yararlana bilmədik. Topa 80 faiz biz yiyələndik, ancaq AZAL bir hücum etdi və istədiyi qolu vurdu. Bu, futboldur, hər şey ola bilər.
- Deyirsən ki, "Xəzər Lənkəran"ın bu mövsüm bəxti gətirmir...
- Nə olursa, öz səhvimizdən olur. Hal-hazırda bizim 15 xalımız var, ancaq biz ən pis halda daha 6-7 xal qazanmalı idik. Biz doğma meydanımızda 9 oyuna cəmi 3 qol vura bilmişik, bu anormal vəziyyətdir. Əgər qol vura bilmiriksə, qələbə də qazanmaq çətin olur. Hal-hazırda biz komanda olaraq yeni baş məşqçi ilə qalib gəlmək üçün meydanda vuruşacağıq.
- Komandaya yeni hücumçu lazımdır?
- Buna rəy bildirmək istəmirəm, sadəcə fikirləşirəm ki, bir az gözləmək lazımdır, qış transfer pəncərəsində yeni məşqçi özü qərar verəcək.
- Artıq yeni baş məşqçinin rəhbərliyi altında məşqə də çıxmısınız..
- Bəli, baş məşqçi özü ilə komandaya yeni ab-hava gətirib, inanıram ki, yaxın müddətdə layiq olduğumuz pillələrə qalxacağıq. Baş məşqçi haqqında bir də onu deyə bilərəm ki, çox peşəkar məşqçidir və komandada çox şeyi yaxşılığa doğru dəyişdirəcək.
- Son oyunda Adrian Pit yenidən əsas heyətinə qayıtdı..
- Bəli, o, AZAL-la oyunda meydanda ən yaxşılardan biri idi, komandaya qayıdışı gözəl bir haldır. Bizim ona ehtiyacımız var.
- Sabah “Neftçala”, daha sonra isə çətin “İnter” səfəri sizi gözləyir..
- Onu deyə bilərəm ki, bu iki oyunda qalib gəlmək bizim üçün çox vacibdir. Hal-hazırda yeni baş məşqçi gələndən sonra komandadakı ab-hava başqadır, biz bu iki komandanı məğlub etməyə qadir gücdəyik.
- Bu mövsüm komanda uğursuz çıxışı ilə azarkeşlərini də üzüb. Onlara nə isə demək istəyirsən?
- Bilirəm ki, onlar da üzgündürlər, ancaq onlar bizə yenə də dəstək olurlar, çünki onlar həqiqi azarkeşlərdir. Mən onları yaxşı başa düşürəm, hal-hazırda biz çətin vəziyyətdəyik, onlar belə halda bizə dəstəkləri ilə kömək etməlidirlər. Bizim azarkeşlərimizə ehtiyacımız var.
- “Xəzər Lənkəran”ın mövsümü yaxşı şəkildə tamamlayacağına inamın qalıb?
- Əlbəttə, bu çox çətindir, amma hələ də heç nə itirilməyib. Sadəcə biz artıq xallar qazanmağa başlamalıyıq.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi