"Flavinyonun oynamasında problem yoxdur"
Dünən kubokun 1/8 final mərhələsi çərçivəsində AZAL üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın futbolçusu Riçard Almeyda qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir.
- Bu oyun haqqında danışardın....
- AZAL-ı yaxşı tanıyırıq, sərt oynayan komandadır. Mərhələ adlamaq üçün bacardığımızı ortaya qoyduq. 1/4 finala yüksəldiyimiz üçün komanda yoldaşlarımı təbrik edirəm.
- Qol vurana kimi oyununuz alınmırdı. Bu, nədən irəli gəlirdi? Qələbə qazanmağınıza sanki qırmızı vərəqə kömək etdi...
- Dediyim kimi, rəqib çox sərt, həm də təkbətək epizodlarda çox sıx oynayırdı. Müdafiə xəttini yarmaq isə çox çətin idi. Yaxşı fürsət əldə etdik və Reynaldo şansını əldən vermədi.
- 4 gün sonra daha çətin sınağınız olacaq, sizdən bir xal öndə olan lider “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsünüz?
- Çox çətin olacaq. Hər halda, şansları bərabər sayıram.
- Sizin “Neftçi”də forma geyinən braziliyalı futbolçularla əlaqə saxladığnız deyilir?
- Onlarla yaxın münasibətim var,amma bunun həmin qarşılaşmaya heç bir aidiyyəti yoxdur.
- Flavinyonun cəzasının azaldılması və onun “Qarabağ”a qarşı oynaması sizə necə təsir etdi?
- Heç bir problem yoxdur. Kimin oynamasından asılı olmayaraq, hamı komandasının qələbə qazanması üçün çalışacaq.
- İlk oyun maraqsız və qolsuz heç-heçə ilə başa çatdı...
- İndidən nəsə deyə bilmərəm. Qarşılaşmadan sonra danışmaq olar.
- Bəs son matçlarda “Qarabağ” niyə qol vurmaqda çətinlik çəkir?
- Sadəcə, top qapıya girmir. Şükürlər ki, bu dəfə qapıya yol tapa bildik. Bundan sonra da bu cür davam etməsinə çalışacağıq.
saytlarin hazirlanmasi