"Sumqayıt" "Neftçi"nin futbolçuları ilə bağlı bəyanat yaydı

19:12 - 5 Dekabr 2013

"Neftçi" kimi komanda həmin 4 futbolçunun xidmətində maraqlı olduğu üçün onları geri qaytarır"
 
"Sumqayıt" futbol klubu bəyanat yayıb.
 
Sportal.az sizi klubun rəsmi saytında dərc olunan həmin bəyanatla tanış edir.
 
"Son günlər mətbuat səhifələrində klubumuz haqqında bəzi xoşagəlməz açıqlamalar dərc olunmaqdadı. Səslənən qeyri-obyektiv fikirlər olduqca təəssüf doğurur.
 
"Sumqayıt" Futbol Klubunun hansı məqsədlər üçün yarandığı hərkəsə məlumdu. Ümumilikdə, klubumuz Premyer Liqada çıxış edən digər komandalar arasında ən çox yerli və gənc futbolçuların xidmətindən yararlanan kollektivdi. "Sumqayıt" yarandığı gündən ölkənin aparıcı klublarından gənc futbolçuları icarəyə götürməklə onlara Premyer Liqa təcrübəsi qazandırıb və futbolçuları milli komandalar üçün yetişdirib.
Azərbaycan çempionatında çıxış etdiyimiz qısa zaman kəsiyində Premyer Liqada çıxış etməyən və futbol azarkeşlərinə tanış olmayan Bədavi Hüseynov, Abdulla Abatsiyev, Andrey Popoviç, Ruslan Tağızadə, Murad Ağayev, Tərlan Quliyev, Hacı Əhmədov, Murad Səttarlı, Emil Balayev, Kamil Nurəhmədov, Orxan Əliyev, Ruslan Nəsirli kimi futbolçular məhz "Sumqayıt"da parlayaraq milli komandalara qədər yüksəlib.
 
Son iki il ərzində A milliyə dəvət olunmuş Andrey Popoviç, Səlahət Ağayev, Ruslan Qurbanov, Murad Ağayev, Uğur Pamuk və Pərdis Fərcad-Azad kimi futbolçular "Sumqayıt"da çıxış etdikdən sonra yığmanın çalışdırıcısı Berti Foqtsun diqqətini cəlb edib. Arzu edirik ki, Premyer Liqada mübarizə aparan digər klublarımız da bizim qədər milli komandaların mənafeyini düşünəcək.
 
"Neftçi" klubunun qərarı ilə qışda "Sumqayıt"dan ayrılaraq məxsus olduqları kluba qayıdacaq 4 futbolçu məhz bizim komandada təcrübə toplayaraq milli komandalara çağırılmağa başlayıb. Bu da olduqca sevindirici haldı ki, "Neftçi" kimi komanda həmin 4 futbolçunun xidmətində maraqlı olduğu üçün onları geri qaytarır. Ümid edirik ki, ardıcıl 3-cü mövsümdə ümumilikdə 50-dən artıq Premyer Liqanın oyununda iştirak etmiş Slavik Alxasov və Ruslan Qurbanov kimi futbolçular bundan sonra da Premyer Liqada oynamaq şansı qazanacaq.
 
Bütün bunlara baxmayaraq, "Sumqayıt" Futbol Klubu tutduğu yolu davam etdirəcək və milli komandalar üçün istedalı gənclər yetişdirməkdə davam edəcək".

Xəbər xətti