Futbola "Qalatasaray"da başlayan, "Qarabağ"da parlayan kapitan

12:43 - 8 Dekabr 2013

Nazim Kərimli: "Yəqin, görünüşüm millinin məşqçilərini aldadır"

 

Onun görünüşü insanı aldadır və bir anlıq elə düşünürsən ki, belə fiziki göstəricilərlə futbol oynamaq olmaz. Lakin o, meydanda əsl döyüşçüdür. Rəqibdən top almaq qabiliyyəti, cəldliyi, texnikası, topla rəftar etmək bacarığı. Bir sözlə, o, U-17 Liqasının ən yaxşı dayaq yarımmüdafiəçilərindəndir.

 

“Qarabağ”-ın U-17 komandasının kapitanı Nazim Kərimlinin sportal.az-a müsahibəsi

 

Futbol ictimaiyyətində geniş kütləyə tanış sima deyilsən. Buna görə də, ilk növbədə özün haqqında məlumat verməyin yaxşı olardı. Futbola gəlişin necə olub?

1997-ci ildə Bakıda doğulmuşam. Lakin sonradan atamın işləri ilə əlaqədar Türkiyəyə köçməli olduq. 8 yaşımda “Qalatasaray”da futbola başladım və üç il orada futbolun sirlərinə yiyələndim.

 

Bəs, niyə karyeranı Türkiyədə davam etdirmədin?

Ailəmiz Bakıya köçməli idi. Türkiyədə isə 11 yaşlı uşağı ailəsi yanında olmadan saxlaya bilməzdilər. Beləcə, mən də vətənə qayıtmalı oldum.

 

Necə oldu ki, “Qarabağ”ın sıralarına qoşuldun?

Bakıya qayıtdıqdan sonra bir müddət futboldan uzaq qaldım. Lakin futbola davam etmək istəyirdim. Əslən Zəngilandan olduğum üçün “Qarabağ”da çıxış etmək istəyirdim. Bu istəklə də, “Qarabağ”ın futbol kurslarına yazıldım və 1 ildən sonra məni öz yaş qrupumda əsas komandaya keçirdilər.

 

Artıq “Qarabağ”ın U-17 komandasının kapitan sarğısını daşıyırsan. Bu mövsüm çıxışınızı necə dəyərləndirirsən?

 

Hal-hazırda 5-ci pillədəyik. Ancaq nəzər yetirsəz, görərsiniz ki, turnir cədvəlində bizdən üstün olan heç bir komandaya məğlub olmamışıq. Əminliklə deyirəm ki, komandamız turdan-tura oyun planında artırır və artıracaq da. Baş məşqçimiz Samir Musayev bu mövsüm mənə kapitanlıq sarğısını həvalə edib. Mən də onun etimadını doğrultmağa çalışacağam.

 

Öz ampluanda çempionatın ən yaxşılarındansan. Heç, millinin məşqçiləri səni yoxlanışa çağırıblar?

Yox, millidən heç vaxt dəvət almamışam. Yəqin, görünüşüm millinin məşqçilərini aldadır və elə bilirlər ki, fiziki cəhətdən zəifəm. Ancaq dəvət etsələr, özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. 

 

Şahin OĞUZ

Xəbər xətti