Həbsdə olan "Xəzər Lənkəran" azarkeşinin məhkəməsi başlayır

15:34 - 10 Dekabr 2013

Dekabrın 12-də Elman Tağıyev hakim qarşısına çıxacaq
 
Həbs olunan azarkeşlər xuliqanlıqda ittiham olunur 
 
Avqustun 25-də Azərbaycan Premyer Liqasının IV turunda “Xəzər Lənkəran”- Neftçi” matçından sonra baş verən iğtişaşlarda günahlanadırılan və barələrində həbs qətimkan tədbiri seçilən 7 azarkeşin məhkəməsi dekabrın 12-dən start götürür. 
 
Sportal.az xəbər verir ki, həbsdə həbs olunan “Xəzər Lənkəran” azarkeşi, əslən Qusar rayonundan olan Eliko ləqəbli Elman Tağıyevin anası Emilya Şərifova ilə əlaqə saxlayıb. Emilya xanım oğlunun hələ də həbsdə olması ilə bağlı narazılığını dilə gətirib:
 
 “Oğlum hazırda Kürdəxanıda həbsxanada yatır. Dekabrın 12-də işlə bağlı ilkin baxış keçiriləcək. Bundan sonra dəqiq olaraq məhkəmənin günü və saatı müəyyənləşəcək. Oğlum cinayətkar deyil. O sadəcə azarkeşdir. İstintaq zamanı hətta bir polis işçisi oğlumun üzünə duraraq onun əlində daş olduğunu deyib. Bu yalandır, çünki mənim oğlumun sağ əli yaxşı işləmir. O, bu vəziyyətdə əlində necə daş tuta bilər? Buna görə də ona 221.3 maddəsi ilə iş açılıb. Əslində isə bu belə deyil. İğtişaşı törədənlər qaçıb kənarda gizləniblər, olan bu yazıq 7 günahsız uşağa olur. Hara yazmışıqsa, hara müraciət etmişiksə, bir nəticə verməyib. İşimiz Allaha qalıb”.
 
Daha sonra məsələ ilə bağlı Elman Tağıyevin vəkili Əliheydər Hüseynovla da əlaqə saxladıq. Vəkil məhkəməyə hazırlaşdıqlarını bildirib: 
 
“Dekabrın 12-də hazırlıq iclası keçiriləcək. Bundan sonra məhkəmənin tarixi ilə bağlı yekun qərar qəbul ediləcək. Bu iclasda tərəflər dinləniləcək və vəsatətlərə baxılacaq. Mən də vəkil olaraq, yeni vəsatət qaldırmaq istəyirəm amma ilk olaraq Elikonun bu vəsatətlə bağlı fikrini öyrənəcəm. Elikoya ev dustaqlığı verilməsini tələb edəcəm. Mən ona qarşı qaldırılan 221.3 maddəsinin yerinə 233-cü maddənin qaldırılmasını tələb edəcəm. Bu maddə onun təxribatçı, xuliqan deyil, sadəcə olaraq oyundan sonra qarışıqlıqda iştirak edən biri olduğunu göstərir”.
 
Maddə 221.3 Xuliqanlıq
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə—
 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Maddə 233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə—
 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
mənbə: Qafqazinfo.az

Xəbər xətti