Toraman:“Xəzər Lənkəran”ın mənim barəmdə transfer istəyi varsa..." MÜSAHİBƏ

18:54 - 12 Dekabr 2013

"Yəqin komandasının potensialı da var"
 
Türkiyə mətbuatında adı “Xəzər Lənkəran”la yanaşı çəkilən “Beşiktaş” klubunun müdafiəçisi İbrahim Toramanın müsahibəsi
 
- Mustafa Dənizlinin qışda sizi komandasında görmək istədiyi deyilir... 
- Mustafa hoca sevdiyim məşqçidir. Onunla “Beşiktaş”da çempionluq yaşadım. Çox dəyərli, böyük adamdır. Ancaq hələ “Beşiktaş”la 2 illik müqaviləm var. “Transfer pəncərəsi” yanvarda açılacağından, klubumla həmin ay danışacağam ki, görək mənim barəmdə fikirləri necədir. Ondan sonra klubun qərarına uyğun özüm üçün plan quracağam. Ancaq indiyədək Mustafa hoca ilə transferə dair söhbətimiz olmayıb.
 
- “Beşiktaş”da problemlərinizin olduğunu bilirik. “Xəzər Lənkəran”dan təklif gələcəyi halda, klubunuzu tərk etməyə razılıq verəcəksiniz? 
- Hazırda konkret bir şey olmadığı üçün bu haqda fikir söyləyə bilmirəm. Müqavilə ilə “Beşiktaş”a məxsus olduğum üçün bunu açıqlamağım düzgün çıxmaz. Mən bir çox klublardan təklif alıram. Ancaq təbii ki, Azərbaycan bizim üçün qardaş, sevdiyimiz bir ölkədir. Mustafa Dənizli isə bayaq dediyim kimi, sevdiyim məşqçidir. Yanvarı gözləyirəm. “Xəzər Lənkəran”ın mənim barəmdə transfer istəyi varsa, “Beşiktaş”la danışması lazımdır.
 
- Yəqin ki, adınız “Xəzər Lənkəran”la yanaşı çəkilməyə başlandığı vaxtdan etibarən bu klub haqqında internet və ya başqa vasitələrdən məlumat öyrənməyə çalışdınız. Nə öyrənə bildiniz? 
- Mustafa Dənizli o komandanın başındadırsa, deməli, iddialı bir kluba gedib. Bu o deməkdir ki, o, komandasını çempion etmək və ya turnir cədvəlində yuxarı pillələrə çıxartmaq üçün ordadır. Yəqin komandasının potensialı da var. Azərbaycan futbolu hər il inkişaf etməyə başlayır.
 
- Deyəsən, sualımızı düzgün başa düşmədiniz. Sizdən öncə “Beşiktaş”ın sabiq oyunçuları – Oktay Dərəlioğlu, Ahmet Dursun və Gökhan Güləç bu klubda çıxış edib. Onlarla bu haqda söhbət etdinizmi? 
- Bu futbolçuların Azərbaycanda oynadığını eşitmişdim. Ancaq dediyim kimi, hər şey dəqiqləşəndən sonra onlarla söhbətləşə, məsləhətləşə bilərəm. Ondan sonra daha çox araşdırma apararaq. Hazırda isə fikrim burda, İstanbuldadır.
 
- Dənizlinin yanvardan sonra köməkçilərindən birinin İbrahim Üzülməz olacağı deyilir. Üzülməz “Beşiktaş”da oynadığı vaxt onunla aranızda dava olduğunu bilirik. Belə olacağı halda, “Xəzər Lənkəran”a gəlmək istəyəcəksiniz? 
- Bunlar keçmişdə qalıb. 
 
- Hazırda onunla aranız necədir? Bir-birinizi görəndə salamlaşırsınız, yoxsa? 
- Onunla hər hansı bir sıxıntım yoxdur. Keçmiş keçmişdə qaldı.
 
apasport.az

Xəbər xətti