Musatafa Dənizli: "Qələbə qazanmasaydıq, komandaya qış tətili verilməyəcəkdi"
"İlk dövrənin son oyunu idi, bizim üçün çox vacib oyun oldu. Həm kubokda, həm də liqada son 4 oyunda uğurlu çıxış etdik. Qarşıdakı 40 günü yaxşı dəyərləndirməliyik".
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Sumqayıt"la oyundan (4:3) sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyəli mütəxəssis komandasının uşaq səhvlərindən qol buraxdığını bildirib:
"Liderlər qrupu ilə olan xal fərqini azaltmaq lazımdır. Digər rəqiblərin nəticələrindən məlumatım yoxdur. Oyunun sonlarına yaxın komanda rahatlaşdı, hesab 4:1 olduqdan sonra uşaq səhvlərindən qollar buraxdıq. Bu cür səhvlər buraxan futbolçular bir daha öz oyunlarını nəzərdən keçirməlidirlər.
Qol vurmağa çətinlik çəkmirik. Buna qədərki oyunlarda qapımızdan qol buraxmadıq, indi isə rəqib komanda 3 qol vurdu. Oyunda xətalar ola bilər, amma bu cür bəsit olmalı deyil. Qış fasiləsində bunun üzərində çalışacağıq. Qarşıda 18 tur var, azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Xəzər Lənkəran” olaraq öz sözümüzü deməliyik. Heç nəyə baxmayaraq futbolçularımı təbrik edirəm. Qələbə qazanmasaydıq, komandaya qış tətili verilməyəcəkdi".
saytlarin hazirlanmasi