"Neftçi" rəsmisi Slavik Alxasovun "Xəzər Lənkəran"a keçməsinə münasibət bildirdi

15:10 - 21 Dekabr 2013

"Şifahi danışıq zamanı onun “Xəzər Lənkəran" klubuna təmənnasız keçməsinə etiraz edilməyib"
 
Son günlər mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də "Neftçi"nin futbolçusu Slavik Alxasovun "Xəzər Lənkəran"a keçməsi haqda gəzən söhbətlərdir.
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu barədə açıqlama verib.
 
"Slavik Alxasovun “Xəzər Lənkəran”a transferi ilə bağlı klub rəhbərləri arasında şifahi danışıq olub. “Xəzər Lənkəran” klubu müqavilə ilə “Neftçi”yə məxsus olan Slavik Alxasovu heyətində görmək üçün şifahi müraiət edib. Bilirsiz ki, bundan öncə də “Neftçi” futbol klubu Ağabala Ramazanovun, Amit Quluzadənin təmənnasız olaraq başqa kluba keçməsinə razılıq verib. Klubun prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”, “Qəbələ” və bu kimi digər klublarımızın Azərbaycan futbolu üçün gördüyü işləri, gənc futbolçuların inkişafı üçün yatırılan sərmayələri nəzərə alaraq bu futbolçuların təmənnasız transferinə razılıq verib. Slavik Alxasov məsələsinə gəlincə isə şifahi danışıq zamanı onun “Xəzər Lənkəran” klubuna təmənnasız keçməsinə etiraz edilməyib. Lakin, hazırda müqavilə ilə “Neftçi” futbol klubuna məxsus olan Slavik Alxasovun “Xəzər Lənkəran”a keçidi ilə bağlı rəsmi müraciət və ya müqavilə yoxdur. Bu transfer rəsmiləşəcəyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".

Xəbər xətti