"İnter" və "Bakı" kimi komandalar da çempionluğa namizədlərdən sayılır"

15:13 - 23 Dekabr 2013

"Olduğum 9 turu bir hücumçu ilə keçirtmişəm"
 
"Rəvan"ın baş məşqçisi Şahin Diniyevin Sportal.az-a müsahibəsi
 
- "Rəvan"da baş məşqçi kimi 9 oyuna çıxdınız və 3 xal topladınız. Bu mövsümü necə dəyərləndirirsiniz?
- Nəticə baxımından yaxşı dəyərləndirmirəm. AZAL, "Qəbələ", "Sumqayıt" və "Xəzər Lənkəran"la matçlarda xal qazanmaq şanslarımız çox idi. Bu, itirdiyimiz xallar oldu. Nəticə baxımından çox narazıyam, amma oyun baxımından yüksəliş olduğunu deyə bilərəm. "Sumqayıt"la "Simurq" oyununu çıxmaq şərti ilə komandama oyun barəsində deyəcəyim söz yoxdu. Mən gəldikdən sonra "Rəvan"da irəliləyiş göz qabağındadır. İnanıram ki, dekabrdan sonra yükəlişdə olan "Rəvan" olacaq. Həm oyun baxımından, həm də nəticə baxımından irəliləyən komanda görəcəksiniz.
 
- Şahin Diniyevə necə "Rəvan" vermişdilər?
- Mən keçmiş haqqında danışmağı xoşlamıram. Çünki burada mənim həmkarlarım işləyib. Mən gəldim sadecə bir şeyi gördüm ki, komandanın fiziki durumu olduqca pis vəziyyətdədir. Seleksiya baxımından bəzi səhvlərə yol verildiyini də gördüm. Bir faktı deyim ki, olduğum 9 turu bir hücumçu ilə keçirtmişəm. 
 
- Artıq bu 9 turdan sonra müəyyən etmisiniz ki, komandadan hansı futbolçular ayrılacaq?
- Nə qədər ağır olsa da, futbolda gəliş olduğu kimi gediş də var. Qərar çıxarmaqda çox çətinlik çəkdim, amma oyun baxımından güclənmək istəyiriksə, bunu etməliyik.
 
- "Sumqayıt"la oyundan sonra demişdiniz ki, "qış fasiləsində 7 futbolçu ilə yollarmızı ayıracağıq..."
- Dəqiq adlarını çəkmək istəmirəm, amma ola bilər ki, 7-8 futbolçu göndərilsin.
 
- Bu futbolçular yerli olacaq, yoxsa legioner?
- Çempionatın əvvəli olsaydı bu legionerlər də ola bilərdi, amma yaxşı yerli futbolçu da azdı. O qədər də geniş büdcəyə malik deyilik ki, böyük pullarla futbolçu transfer edək. Bu bizim büdcəmizə yaraşmaz. Yerli futbolçu problemimiz böyükdü. 60-40 faiz arasında həm yerli, həm də legioner futbolçular göndəriləcək. 
 
- Komandaya gələcək yerli futbolçuları gözaltı etmisiniz?
- Bu dəqiqə yerli futbolçu tapmaq çox çətindi. Baxacağıq görək perspektivi olan yerli futbolçu olacaqsa, onu komandaya cəlb edəcəyik.
 
- Bəs legioner futbolçuların necə?
- Buna çoxdan başlamışıq. Təxminən 1 aydır ki, axtarışlarımız davam edir. Bir neçə mövqeyə futbolçular istəmişəm. Yanvarın 5-nə kimi hamısı dəqiqləşəcək. Biz baxışa futbolçu çağırmayacağıq, müqavilə bağlayıb komandaya dəvət edəcəyik.
 
- Qış planlarınız necə olacaq?
- Qış planlarımız açıqlanıb. Yanvarın 5-i Bakıda yığışırıq. Ayın 12-nə kimi Mərdəkanda təlim-məşq toplanışı keçirəcəyik. Ayın 14-dən 26-na kimi 4 yoldaşlıq oyunu keçirməklə Antalyada təlim-məşq toplanışında iştirak edəcəyik.
 
- Qış fasiləsindən sonra Şahin Diniyev necə "Rəvan" görmək istəyir?
- Biz hücuma meyilli futbol oynayan, müdafidə etibarlı, orta xəttdə yaradıcı oyunu üstünlük verən aqressiv komanda görmək istəyirik. Bunun üçün də bizim seçdiyimiz oyunçular bu tələblərə uyğun olmalıdırlar.
 
- Komanda qış fəsiləsinə autsayeder qismində yollandı. Növbəti dövrədə komanda daha irəli gedə biləcəkmi?
- Biz olduqca yuxarı pillələrdə olan komandalar arasında xal ehtiyyatına görə çox geridəyik. Əsas məqsədim bütün rəqiblərlə başa-baş mübarizə aparan "Rəvan" yaradım. 
 
- Hesab etmirsini ki, artıq "Rəvan"ı bu mövsümə yox, gələn mövsümə hazırlamalısınız?
- Bu reallıqdır ki, bizim çempionatda  bu il elə də yüksək nəticəmiz olmayacaq. Bir dənə kubokda şanslarımız var. Premyer Liqada Avropa Liqasına və ya yüksək pillələrdə olacağıq desəm, bu gülünc olar. Bizim hal-hazırdakı vəzifəmiz sonuncu yerdə olan "Sumqayıt"dan aralanmaq və gözəl oyun oynayıb xallar qazanmaqdır.  Sizin də dediyiniz kimi, gələn mövsümün iddialı "Rəvan"ını yaratmaq istəyirik.
 
- Kubokda şanslarınızı necə dəyərləndirirsiniz?
- Yanvarda bizim heyətlə bağlı planlarımız həyata keçsə, deyərdim ki, daha irəli gedə bilərik.
 
- "Rəvan"ın büdcəsi bu gün Şahin Diniyevi razı salır? İstədiyiniz oyunçuları almaqda bunamaliyy imkan verəcəkmi?
- Birinci yerdə gedən "Qarabağ"ın baş məşqçisindən heyətlə bağlı soruşsanız, onlar da daima axtarışdadırlar. Heç bir baş məşqçi indiki durumdan razı ola bilməz. Həmişə axtarışda olmaq lazımdır. Həm özümüzdən, həm də komandadan. "Rəvan"ın büdcəsi çox olmasa da, az da deyil.
 
- Gəldikdən sonra güclü klublara qarşı baş-baş mübarizə apar bildiniz. Bəs 18 turdan sonra sizə hansı komanda daha yaxşı təsir bağışladı? Siz çempionluğa namizəd kimi hesab edirsiniz?
- Çempion olmaq üçün komandanın stabil oyunu daha vacibdir. Xal itkilərinə görə "Qəbələ", "Qarabağ" və "Neftçi" daha az yol verməlidir. Çempionluq uğrunda mübarizəyə təkcə  3 komanda yox, "İnter" və "Bakı" kimi komandalar da çempionluğa namizədlərdən sayılır. Hal-hazırdakı turnir cədvəli əsas favoritin kim olduğunu göstərir. 
 
- Berti Foqtsla yenidən 2 ilik müqavilə bağlanıldı. Sizin buna münasibətiniz necədir?
- Artıq müqavilə bağlanılıbsa, milli komandamıza uğurlar arzulayıram. Arzu edirəm ki, komanda stabil oyununu tapsın.  
 
Şahin OĞUZ

Xəbər xətti