"Sözün düzü, bu görüşdə oynayacağımı gözləmirdim"

15:35 - 25 Dekabr 2013

Bayram Nuruzadə:"Deyərdim ki, bu görüşdə bəxtimiz də gətirmədi"
 
Premyer Liqanın 18-ci turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşmada "Sumqayıt"ın 1996-cı il təvəllüdlü futbolçusu Bayram Nuruzadə  əsas komandanın heyətində debüt oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, 17 yaşlı adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlama verərək futbola gəlişindən danışıb və bəzi maraqlı məqamlara toxunub: "Futbola 9 yaşında başlamışam. Valideynlərim məni Sumqayıtda futbol məktəblərinin birinə yazdırmışdı. İlk məşqçim Ağamusa Bağırov olub. "Sumqayıt" Futbol Klubu yarandıqdan sonra isə bu komanda ilə müqavilə imzalamışam. Əvvəlcə U-15 komandasında çıxış etmişəm burada kapitan olmuşam. Ardınca isə U-17-yə dəvət almışam. Cari mövsümün əvvəlində isə Vaqif Paşayevin rəhbərlik etdiyi əvəzedici komandaya cəlb olunmuşam. Bu mövsüm əvəzedici komandada demək olarki bütün oyunlarda çıxış etmişəm"
 
"Xəzər Lənkəran"la keçirilmiş qarşılaşmada ilk dəfə əsas komandanın formasını geyinmiş Bayram Nuruzadə gələcəkdə "Sumqayıt" FK-da böyük uğurlara imza atmaq istədiyini də bildirib: "Tez-tez əsas komandanın baş məşqçisi Aqil Məmmədov məni və əvəzedici komandada çıxış edən bir neçə futbolçunu məşqlərə dəvət edirdi. Açığı, Lənkərana yollanacağımı bilmirdim. Qarşılaşmadan bir gün əvvəl Aqil müəllim mənim əsas komanda ilə səfərə yollanacağımı dedi. Sözün düzü, bu görüşdə oynayacağımı gözləmirdim. Lakin baş məşqçi ikinci hissədə məni meydana buraxdı. Ümid edirəm ki, meydanda olduğum müddətdə komandama kömək edə bildim. "Xəzər Lənkəran"la qarşılaşmada "Sumqayıt" yaxşı oyun nümayiş etdirdi. Deyərdim ki, bu görüşdə bəxtimiz də gətirmədi. Əsas hədəfim "Sumqayıt" Futbol Klubunun əsas komandasında möhkəmlənmək və uğur qazanmaqdır".

Xəbər xətti