Topaz Premyer Liqasının 25-ci turunda səfərdə “Keşlə”yə uduzan (1:2) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Əhmədov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:
- Bu, komandaya gəldiyimdən bəri ən pis oyunumuz idi. Rəqibi təbrik edirəm. Komanda çox istəkli idi. Onların itirəcək heç nəyi yox idi. Bacardıqları qədər çox xal toplamağa çalışırlar. Əsas diqqəti isə kuboka yönəldiblər. Buna görə, bir qədər sərbəstdilər. Bizim komandanın üzərində isə təzyiq var. Komandada istək görmədim. Bizə dəstək verən insanlardan üz istəyirəm. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, bu oyunlardan maksimum nəticə ilə ayrılaq.
- “Neftçi”yə hər iki qol başla vuruldu. Sizcə, “ikinci mərtəbə” komandanın ən zəif cəhəti deyil ki?
- Standart vəziyyətlər həmişə çətin olur. Tək bizim üçün yox, hamı üçün belədi. Bir də deyirəm, istək hər şeyi həll edir. Rəqib səndən daha istəklidisə, səndən daha yaxşı nəticə qazanacaq.
- Daha çox Mirabdulla Abbasova etiraz edirdiz. Ümumiyyətlə, hücum xəttindən razısız?
- Son oyunlarda qalib gəlsək də, qolları yarımmüdafiəçilər və ya müdafiəçilər vurur. Hücumçular fərqlənə bilmir. Ola bilsin, arxayınlıq da bunda rol oynayır. Qolların çoxunu yarımmüdafiəçilər vurursa, hücum xəttindən razı qala bilmərəm.
- Ruslan Abışov Vaqif Cavadova təpik atdığı epizoddan sonra iki futbolçu arasında gərginlik yaşandı. Daha sonra siz də məsələyə müdaxilə etdiz...
- Vaqif mənim əlimin altında oynayıb. Onunla mübahisə etmirdim, sakitləşdirirdim. Futbol kişi oyunudu. Danışmaq nəyə lazımdı? Mən niyə onunla dava etməliyəm? Ona artıq-əskik heç nə deməmişəm. Orda hər nə olubsa, mənə maraqlı deyil. Ruslan təpik atıb, hakim “sarı”sını verib. Əsas budu. Bir də deyirəm, mən ona artıq-əksik heç nə deməmişəm. İki azərbaycanlı oyunçu dalaşanda, mənim əsəbimə toxunur. Düzdü, ehtiyat oyunçular skamyasına yaxınlaşdı, mən də ona “boş ver, oyununu oyna” dedim.
- Düşünmürsüz ki, “Neftçi”nin oyunçuları bu gün bir qədər aqressiv idi. Xüsusilə, Derlis Meza Kolli çox aqressiv görünürdü.
- Meza Kolli kimi hər oyuna istəklə çıxan futbolçu aqressiv olmalıdı. O, uduzmağı sevmir. Çox istəyərdim ki, bu səhvləri mənə qalib gəldiyim oyunlarda deyəsiz. Ancaq mən qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi. Təəssüf ki, uduzan kimi bu cür suallar verilir. Futbolda aqressiyanın da öz yeri var. (Komanda.az)
saytlarin hazirlanmasi