"Konfrans Liqasında növbəti mərhələyə adlamaq istəyirdik, turnirdən kənar qalmaq üzücü oldu" - MÜSAHİBƏ

15:44 - 4 Avqust 2021

“Sumqayıt” və milli komandamızın üzvü Murad Xaçayev Sportal.az saytına müsahibə verib:

 

- “Çukariçki” matçlarından artıq müəyyən müddət keçib. Səncə, nəyə görə alınmadı Serbiya klubunu keçmək?
- Əlbəttə ki, turnirdən kənarda qalmaq üzücüdü. Çünki Konfrans Liqasında növbəti mərhələyə adlamaq istəyirdik. Təəssüf ki, bu bizdə alınmadı.

 

- Hazırda komandadakı atmosfer necədi? Özünüzə gəlmisiz?
- Bir neçə gün tətildən sonra yığışdıq və çempionata hazırlaşmağa davam etdik. Komandamızda onsuzda atmosfer hər zaman yaxşı vəziyyətdə olub. İndi də bu cürdü.

 

- Yeri gəlmişkən, mövsümün sonuna yaxın “Zarya”(Luqansk) klubundan təklif almışdın. Nəyə görə bu komandaya keçmədin?
- Söz-söhbətlər var idi. Sadəcə təklif konkret deyildi. 


- Azərbaycan Premyer Liqasının püşka atıldı və mövsüm start götürür. “Sumqayıt”ın bu mövsümki məqsədi nədən ibarətdi?
- Ötən mövsüm ilk dəfə Azərbaycan Premyer Liqasında bürünc medallara sahib çıxdı. Əlbəttə ki, bu uğuru təkrarlamaq xoş olardı. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək.

 

- Komandanızı çempionata tam hazır hesab edirsiz?
- Çempionatın startına hələ ki, 10 gün var. Hazırlaşmağa vaxtımız qalıb. Yəqin ki, oyuna qədər tam hazır olacağıq.

 

- İlk turdakı rəqibiniz “Keşlə”di. Mövsümün açılış oyununda “Qarabağ” və “Neftçi” ilə də oynaya bilərdiniz. Bu mənada, püşkatma sizin üçün yaxşı alındı?
- İlk turda hansı komanda ilə qarşılaşacağımıza baxmayaraq, onsuzda hər bir rəqiblə oynamalıyıq. Ona görə də, heç bir fərqi yoxdu.

 

- 2021/2022 mövsümündə özünün məqsədi nə olacaq? Milli komandada əsas heyət oyunçusu olmaq və ya qışda, mövsüm sonunda daha güclü kluba keçmək kimi məqsədlərin var?
- Hər bir futbolçu daima məqsədlərlə irəliləyir. Bu mövsümdə də məqsədim komandama faydalı olub, futbolçu kimi inkişaf etməkdi. Komanda üçün maksimumu meydanda qoyacam.

Xəbər xətti