Yunis Hüseynov: "Federasiyanın kimdən xoşu gəlir, kimlə arası yaxşıdı, onu baş məşqçi təyin edəcək" - MÜSAHİBƏ

14:29 - 30 Noyabr 2021

Futbol mütəxəssisi Yunis Hüseynov “FutbolPress” saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Yunis müəllim, salam. Necəsiz?
- Təşəkkür edirəm. Nə yaxşı zəng vurmusuz?

- Bir mövzu ətrafında mütəxəssis fikri almaq istəyirdik...
- Bilirsiz niyə soruşuram? İki telefonum var, arada birindən o birinə yığıram ki, görüm, nömrəm işləyir, ya yox. (gülür)

- Kimdən gileylisiz?
- Nə barədə soruşmaq istəyirdiz?

- Mövzu millinin baş məşqçisi De Byazidi. Bu gün müqavilə müddəti başa çatır. İlyarımlıq işini necə dəyərləndirmək olar?
- Gərək bir iş olsun ki, dəyərləndirək. Tsikldə 1 xal yığıldı. Bunun nəyini dəyərləndirmək olar? Nəticə ürəkaçan olmadı. Əlbəttə ki, pis nəticədi.

- Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxaran mütəxəssis niyə Azərbaycanda belə uğursuzluqla üzləşdi?
- Səbəbləri çoxdu. Azərbaycan çempionatı zəifdi. Azərbaycanlı futbolçular legioner həyatı yaşamır, güclü klublarda oynamır. Çox şey sadalamaq olar. Əsas məsələ odu ki, futbolçular ölkə xaricində oynayanda komandaya daha çox xeyir verirlər. Albaniya millisininin bir neçə üzvü “Böyük beşlik” liqalarında forma geyinirdi. Nüanslar çoxdu. 8 komandalı çempionatda bir rəqiblə 4 dəfə oynayırsansa, bu matçlarda gərginlik də olmursa, futbolçu artıra bilməz. Özüm də futbol oynamışam. “Dinamo”, “Spartak” kimi komandalara qarşı oynayırdıq. Güclü futbolçular var idi, özümüz də artırırdıq. Azərbaycan çempionatına gələndə, pis də çıxmasın, yeriyə-yeriyə futbol oynayırdım. Belədə, yavaş-yavaş mən də gerilədim. Belə nüanslar yekunda milli komandanın oyununa təsir edir. Bu gün futbolçu sayı da azdı. Aşağıdan yetişənlər yox dərəcəsindədi.

- De Byazi burda işlədiyi müddətdə 45 futbolçunu meydana buraxıb. Bu, əslində aşağı rəqəm deyil...
- Çox oyunlarda eyni futbolçular meydana çıxıb. Sadəcə, baş məşqçi hansısa yoldaşlıq matçında bəzi oyunçulara şans verib. Ona görə bu rəqəm yaranıb. Biz deyə bilmərik ki, rəsmi oyunlarda heyətdə böyük dəyişikliklər olub, baş məşqçi çox oyunçudan istifadə edib.

- Belə bir qrupda 1 xal lap az deyil?
- Mənə də elə gəlir ki, daha çox xal toplamaq olardı. 4-5 xal yığmaq mümkün idi.

- Niyə mümkün olmadı?
- De Byazinin üstünə düşürük. O, məşqçidi, mənim həmkarımdı, danışmaq etikaya da uyğun olmaz. Ancaq bilirsiz, milli komandaya kimi də baş məşqçi qoysan, böyük dəyişiklik olmayacaq. Olanımız budu. Reallıqla heç vaxt barışmırıq. Elə deyirik ki, biz nəticə qazanmalı, Avropa çempionatına çıxmalıyıq. Reallıqla barışmaq lazımdı ki, çempionatımız çox zəifdi. Olan futbolçularımız da elə üzdə görünənlərdən ibarətdi. Sabah məni də baş məşqçi qoysalar, elə bu oyunçulardan istifadə edəcəm. 100-200 oyunçu olsa, onda demək olar ki, baş məşqçi seçimlərində yanıldı və s.

- Yaxşı, De Byazinin üstünə düşməyək ki, futbolçu azdı, potensial aşağıdı. Bu nəticələrin hesabatını kim verməlidi?
- Günah hamıdadı. De Byazidə də var, federasiyada da, futbolçularda da. Elə oyun olub ki, hansısa futbolçu şansdan istifadə edə bilməyib, epizodda kimsə gecikib və s. Bunların hamısı yekunda belə nəticəyə səbəb oldu. Bir nəfərin üstünə düşmək olmaz.

- Deyirsiz ki, kimi də gətirsək, vəziyyət dəyişməyəcək. Deməli, 1 xal üçün əcnəbi mütəxəssisə də ehtiyac yoxdu...
- Əlbəttə, bunun üçün əcnəbi lazım deyildi. Mən bunu hələ 25 il bundan qabaq demişəm. Rəhmətlik Fuad Musayevin vaxtında da deyirdim ki, kimi də gətirsək, elə bu olacaq. Futbolla yaşayan insanların sözünə qulaq asmaq lazımdı. Demirəm ki, hər dediyimizi etsinlər. Məsələ bundadı ki, şəxsən mən bütün səmimiyyətimlə futbolumuzun yaxşı olmasını istəyərəm. Ona görə ki, futbolla yaşayıram, ömrümün 45 ilini bu sahəyə vermişəm. Amma futbolu bilən insanların tövsiyələrini vecə alan yoxdu.

- Futbolu bilən insanların biri siz. Nə məsləhət görürsüz, bundan sonra nə etmək lazımdı?
- İndi heç nə məsləhət görmürəm. Nə edərlər, özləri bilər (gülür). Guya nəsə deyəndə edirlər ki... Nə isə, çox şeylər var, adam danışmaq istəmir...

- Futbolu bilən insanların məsləhətlərinə niyə qulaq asmırlar?
- Yəqin sərf eləmir, ona görə.

- Niyə sərf eləməsin? Ölkə futbolunun inkişafını istəmirlər?
- İstəsələr, qulaq asardılar. Futbolu sevmək lazımdı. Bu sahədə yalnız futbolu düşünməlisən, başqa şeyləri yox...

- Dekabrın 2-də baş məşqçi məsələsi müzakirə olunacaq. Sizcə, hansı qərar verilməlidi?
- Məncə, yeni baş məşqçi yerli olmalıdı. Ancaq mənə elə gəlir ki, yerli olmayacaq.

- Məlumatlısız, yoxsa sadəcə, ehtimal edirsiz?
- Yox, hardan bilirəm? Mən heç federasiya tərəfə də getmirəm. Elə saytlardan oxuyuram ki, kim gələ bilər, hansı namizədlər var. Ona görə belə fikirləşirəm. Bu dəqiqə hamı özünü reklam etdirir ki, məşqçi mən gələcəm. İstəyirəm, mən də özümə bir sayt açım (gülür).

- Belə iddianız varsa, buyurun, tribuna sizindi...
- Təşəkkür edirəm. Mənim reklama ehtiyacım yoxdu, mən Yunis Hüseynovam. Bu, kifayətdi (gülür).

- Yunis Hüseynov kimi məsləhət görür baş məşqçi kimi?
- Mən heç kimi demirəm. Bu, etikadan uzaqdı. Kimi istəsələr, onu da qoyacaqlar. Reklamla olan iş deyil. İndi kimisə deyim, sabah başqası görəndə deyəcək ki, məni layiq görmürsən? Belə nüanslar var. Bəli, yerli məşqçi olsun. Kimi qoyacaqlar, bu da federasiyanın işidi. Federasiyanın da kimdən xoşu gəlir, kimlə arası yaxşıdı, onu baş məşqçi təyin edəcək. Söhbət yerlilərdən gedir.

- Milliyə baş məşqçi təyinatı bu prinsiplə həyata keçirilir?
- Bilmirəm hansı prinsiplədi. Danışığa, yoldaşlığa görə olub-olmadığını deyə bilmərəm. İstənilən halda, yerli olmalıdı.

- Yerli olmasa?
- De Byazi qalsın.

- Yəni, ən azından burdakı vəziyyətə bələddi...
- İlyarımdı burda işləyir. Düzdü, mənim fikrim onlara lazım deyil, mən danışanda xoşlarına gəlmir. Ancaq əgər soruşsalar, deyərəm ki, De Byazi qalsa, yaxşıdı. Burdakı vəziyyəti bilir, futbolçuları tanıyır. Başqa bir əcnəbi gəlsə, yenə hər şey əvvəldən başlayacaq, vaxt istəyəcək, elə ilyarım futbolçulara bələd olmağa gedəcək. Əgər xarici olacaqsa, De Byazi qalsın. Yerlidisə, elə məni qoysunlar. Qurtardı, getdi (gülür).

Xəbər xətti