"Qəbələ"nin gələcək planlarına daxil olub-olmadığımı rəhbərliklə müzakirə edəcəyik"

11:43 - 23 Noyabr 2022

"Qəbələ"nin ukraynalı yarımmüdafiəçisi Andrey Strijak Sportal.az saytına müsahibə verib. Ölkə kubokunun 1/8 final mərhələsinin "Araz Naxçıvan"la görüşündə meydana start heyətində çıxan Strijyak görüşü dəyərləndirib.

- "Araz Naxçıvan"la matçda 5:0 hesabı ilə qalib gəldiniz. Demək olar ki, matç sizin üçün asan keçdi?
- Oyuna yaxşı hazırlaşmışdıq. Meydana da çıxdıq və baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Sonda uğurlu nəticə alındı. Yolumuza davam edirik.

- Maraqlıdır ki, ilk yarıda cəmi bir qol vurdunuz. Demək olar ki, səviyyə fərqi özünü yalnız ikinci hissədə göstərdi və ardıcıl 4 qol vurdunuz...
- Deməzdim ki, çətin idi. Çünki diqtə edən tərəf biz idik. İlk yarıda yaradılan qol epizodlarını reallaşdıra bilmirdik. Fasilədən sonra isə fərqli oldu. Biz yaratdığımız qol imkanlarından istifadə etdik. Ona görə də daha 4 vurduq.

- "Qəbələ"yə gəldiyin gündən bu yana ilk dəfə idi ki, əsas heyətdə meydana çıxırdın. Elmar Baxşıyev sənə nə dedi oyundan sonra? 
- Bəli, bu, mənim "Qəbələ"dəki əsas heyətdə meydana çıxdığım ilk oyun oldu. İmkan yaratdıqlarına görə məşqçilər korpusuna təşəkkür edirəm. Hiss edirəm ki, ən yaxşı göstəricilərimi meydanda nümayiş etdirməyim üçün hələ oyun tonusunda çatışmazlıq var. 

- Çempionat oyunlarının birindən sonra mətbuat konfransında Elmar Baxşıyev sənin oynamamağın haqda danışarkən, yer aldığın mövqedə rəqabətin yüksək olmasını əsas gətirmişdi. Bu barədə sənin fikrin necədir?
- Bu, məşqçilər korpusunun qərarıdır. Bunu müzakirə edə bilmərəm. Hazırda əsas heyətdə digər futbolçular oynayırsa, demək ki, belə də, olmalıdır. Hər halda, onlar əsas heyətdə oynamağa layiqdirlər.

- Komanda ölkə kubokunun 1/4 final mərhələsində "Qarabağ"la qarşılaşacaq. Səncə, mərhələni adlaya biləcəksiz? 
- Bəli, kubokda növbəti oyunumuz "Qarabağ"a qarşıdır. Hazırlaşacağıq və çalışacağıq ki, layiqli mübarizə aparıb növbəti mərhələyə vəsiqə qazanaq.

- Tez-tez oynamırsan deyə, qışda "Qəbələ"dən ayrılmaq haqda düşünürsən?
- Çempionatın ilk yarısı başa çatdıqdan sonra rəhbərlik və məşqçilərlə oturub söhbət edəcəyik. Bu məsələni müzakirə edəcəyik. Onların mənə etimad göstərib-göstərmədiyi, "Qəbələ"nin gələcək planlarına daxil olub-olmadığımı rəhbərliklə müzakirə edəcəyik.​

- Yəqin ki, dünya çempionatını izləyirsən? Hansı komandaya azarkeşlik edirsən?
- Bəli, məşqlərdən imkan tapdıqca, dünya çempionatının oyunlarını izləyirəm. Braziliya millisinə azarkeşlik edirəm.

Mirbağırağa

Xəbər xətti