"U-21 yığması bizim böyük problemlərimizdən biri olacaq"

11:58 - 24 Noyabr 2022

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisinin son beş görüşdəki qələbəsini ciddi qəbul edənlər də var, zəif rəqiblərə qalib gəldiklərini deyənlər də. Bu barədə sizin fikriniz necədir?
- Millimizin son 5 oyundakı qələbəsi sevindiricidir. Daha sevindirici olan isə, millimizin təsadüfi qələbə qazanmamasıdır. Onlar oyunları ilə qələbəyə layiq olduğunu sübut edir. Hər bir azərbaycanlı millimizin qələbəsinə sevinməlidir. Bu qələbələri harasa yozmağa ehtiyac yoxdur. Rəqiblərimiz zəif deyildi, guya biz özümüz güclü rəqibik? Axı bizim də reytinqimiz çox aşağıdır. Slovakiya, Qazaxıstan və Şimali Makedoniya yığmaları reytinqdə bizdən də yuxarıdadır, həm də güclüdürlər. San-Marino, Lixtenşteyn desəydiz, zəif rəqib olduqlarını bildirərdim. Gəlin, millimizin qələbələrinə sevinək.

​- Sizcə, yığma komandamız uğurlu çıxışını AÇ-2024-ün seçmə mərhələsində də davam etdirə biləcək?
- Millimizin oyunu onu deməyə əsas verir ki, onlar qrupda da uğurlu çıxış edə bilər. Estoniyanı çıxmaq şərtilə, qrupdakı rəqiblərimiz güclüdür. Onlara qarşı göstərəcəyimiz oyun vacibdir. Doğrudur, millimizin oyununda inkişaf var. Bunun davam edib-etməməsi də rəqiblərdən asılıdır. Rəqib nə qədər imkan verir, o qədər oynayırsan. Azca gözləmək lazımdır. Necə olacağını görəcəyik. 


- Canni De Byazi millini inkişaf etdirib, yoxsa millinin yaxşı oynaması “Qarabağ”ın avrokuboklardakı daimi çıxışı, “Sabah”ın ölkə çempionatında çempionluq mübarizəsi aparmasına görədir?
- Belarusla oyunu saymıram. Çünki milli çətin qələbə qazandı. Son 4 oyunda isə yaxşı oyunla qalib gəldik. Oyunumuzun təkmilləşməsinin şahidi olduq. Futbolçular özünəinamlıdır, Canni De Byazi də onları bir yerə yığa bildi. Məncə, Canni De Byazi millini gücləndirib, nəinki zəfiləndirib. "Qarabağ"da oynayanların beynəlxalq təcrübə toplaması sevindiricidir. O da milliyə yaxşı mənada təsir edir, milliyə qələbə ruhu gətiriblər. Deməzdim ki, bu, tək klublarla bağlıdı. Millidə də iş var. Elə futbolçuılar var ki, ölkə xaricindən gəlir. Digər tərəfdən, "Sabah"da tez-tez oynamayan, ancaq kimsə zədə alanda meydana çıxan Bəxtiyar Həsənalızadənin millidəki oyununu da gördük. Millinin əməyini yerə vurmaq olmaz.

- "Sabah" və "Qarabağ"dan söz düşmüşkən, bu iki komandanın çempionluq mübarizəsi haqda fikriniz necədir?
- Çox təəsssüf ki, bu mübarizədə iki komandanın adını çəkə bilirik. Üçüncü olaraq "Neftçi"nin də adını çəkə bilərdik. Amma onlar çempionluq yarışından bir az kənarlaşır. Xal və oyun baxımından belədir. "Sabah" "Qarabağ"a müqavimət göstərir. Amma "Qarabağ" çempion olmağa daha yaxındır. Onların təcrübəsi, keyfiyyətli legionerləri var. Onların göstərdiyi oyun onu deməyə əsas verir ki, "Qarabağ" asanlıqla çempion olacaq. Amma "Sabah"ın belə oyun göstərməsi də sevindiricidir, onlar rəqabət yaradır. 

- U-21 yığmamız bir neçə gün əvvəl Macarıstana 0:3, İsveçə 1:8 məğlub oldu. Son tsikldə yığmamızın heyətindəki əksər futbolçular Premyer Liqa təcrübəsinə malik idi, indiki yığmadakıların çoxu isə birinci divizionda oynayır. Nəticələrə təsiri çoxdur?
- U-21 bizim böyük problemlərimizdən biri olacaq. Gənclərlə bağlı limit olanda, Premyer Liqa klubunda minimum bir futbolçu oynayırdı, biri də ehtiyat olurdu ki, onu əvəzləsin. Bu mənada, 20 futbolçu U-21 yığması üçün hazır idi. Oyun praktikaları yüksək olurdu. Təəsssüf ki, hazırkı yığmanın üzvlərindən heç biri Premyer Liqada oynamır. Bu da, bizi düşünməyə vadar edir. Birinci dəstədə oynayan futbolçularla İsveç və Macarıstana qarşı çətin olacaq. İnanıram ki, Samir Əliyev optimal heyət yığacaq və daha çox toplanış keçərək, yoxlama görüşləri keçirərək nəyəsə nail ola biləcək. Samir Əliyevə inanıram və ona uğurlar arzu edirəm. Güclü rəqiblərlə oynamaq, millimizin bugünkü problemlərini məşqçilər üçün aşkara çıxarır. Bunları düzəltmək üçün hələ vaxt var.

Mirbağırağa

Xəbər xətti