Azərbaycan millisinin üzvü ağladı: "İnsanların hörmətlərini bu cür göstərməsi təsirli idi"

20:18 - 8 Fevral 2023

Niderland birinci divizionunun 21-ci turunun "Villem II" – "Eyndhoven" matçı başlamazdan əvvəl (3:0) Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sportal.az xəbər verir ki, stadionda sükutun hökm sürdüyü bir vaxtda "Eyndhoven" və Azərbaycan millisinin futbolçusu Ozancan Kökçü göz yaşlarını saxlaya bilməyib.

Kökçü matçdan sonra "AD.nl" portalına açıqlamasında həmin epizodu bu cür şərh edib: "Ürəkağrıdıcı anlardır. Dünyanın harasında baş verirsə-versin, eyni dərəcədə pis olardım. İndi belə hadisənin Türkiyədə baş verməsi, məni daha çox üzdü. Türkiyə də mənim vətənimdir. Hansı hisləri və ağrıları keçirdiyimi sözlə ifadə etməyim çətindir. Adətən hislərimi içimdə saxlayıram, emosiyalarımı çox ifadə etmirəm. Amma bu cür izdihamlı stadion sükuta qərq oldu, insanların hörmətlərini bu cür göstərməsi təsirli idi. Bu cür reaksiya verəcəyimi heç gözləmirdim, amma insanların belə şəkildə münasibət göstərməsi çox gözəldir. Bu, niderlandlıların hörmətini göstərir".

Xəbər xətti