"Qara zolaq"da olduğumuzu deməzdim, çünki oyun baxımından yaxşıyıq, artırırıq"

18:18 - 25 Sentyabr 2023

"Turan-Tovuz"la matçda qələbə qazanmaq istəyirdik. Bunu da ilk dəqiqələrdən hiss etdirdik. Təəssüf ki, qələbə qazanmaq alınmadı. Çünki yaradılan qol imkanlarından istifadə edə bilmədik. Çox üzgünük. Uzun müddətdir ki, evdə qalib gələ bilmirik. Fanatlarımızı yenə sevindirmək alınmadı. Daha çox çalışmalıyıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov deyib. "Kimyaçılar"ın təcrübəli futbolçusu sonuncu dəfə üçüncü turda qalib gəlmələrinə baxmayaraq, "qara zolaq"da olduqlarını düşünmədiyini söyləyib:

"Çempionat yeni başlayıb, turnir cədvəlinə baxmağa da dəyməz. Çünki hamı bir-birinə yaxındır. Əsas məqsədimiz hər matçda uğurlu nəticə əldə etməkdir. Sonda hansı pillədə olacağımıza baxarıq. Deməzdim ki, "qara zolaq"dayıq. Çünki oyun baxımından yaxşıyıq, artırırıq. Sadəcə qalib gələ bilmirik. Demək ki, daha çox çalışmalıyıq. İnanıram ki, belə oyunu davam etdirsək, qələbələr gələcək".

Bədəlov, Premyer Liqanın 8-ci turunda səfərdə "Qarabağ" üzərində qələbə qazanmağın mümkünlüyünü də deyib: "Ötən mövsüm "Qarabağ"ı səfərdə udmuşduq. Futboldur da, hər şey olur. "Qarabağ"ın gücü hamıya bəllidir. Ancaq bizə də xallar lazımdır. Bunun üçün ciddi hazırlaşırıq. Hər şey özümüzdən asılıdır. Biz özümüzü fikirləşməliyik, rəqiblərə baxmaq bizim üçün elə də önəmli deyil. Əsas öz oyunumuzdur, hazırlaşmalıyıq. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".

Mirbağırağa

Xəbər xətti