"Sumqayıt"ın futbolçusu: "Hazırda olduğumuz yerdə qalmağa qadirik"

19:15 - 24 Yanvar 2024

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

"Kimyaçılar"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə matçdan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:

- Fasilədən sonra ilk oyununuz idi. Matçı necə dəyərləndirirsən?

- "Antalyadakı təlim-məşq toplanışı yaxşı keçdi. Orada istədiyimiz qədər güc toplaya bildik. Qışdan sonra bunun bəhrəsini görəcəyik. Hava şəraiti futbol oynamağa çətinlik yaradırdı. Uzun yol gəlmişdik. İstədiyimiz qələbə qazanmaq idi, onu da qazandıq. 

- "Qəbələ"nin qapısına təyin olunan penaltini necə şərh edərsən? Penalti qırarı gözləyirdiz?

- Bəli, biz gözləyirdik. Mən epizodu görməmişdim. Komanda yoldaşlarım dedilər ki, İsa Sulimanı dirsəklə vurublar. Dərhal etirazımızı bildirdik. Daha sonra VAR-dan penalti olduğunu bildirdilər. 

- Hazırda 3-cü pillədəsiz. Avrokubok şansını necə dəyərləndirirsən?

- İstəyimiz avrokuboklara vəsiqə qazanmaqdır. Amma hələ marafon uzundur. Çempionatın ikinci yarısı yeni başlayıb. Qarşıda nələr olacağı hələ bilinmir.

- "Sumqayıt" qışda transfer etməyib. Bu, siz problem yaratmayacaq?

- Elə bir qorxumuz yoxdur. Komandada 20 nəfərik. Bura kimi bu oyunçularla gəlmişik. Yeni transferlər olmasa da, hazırda olduğumuz yerdə qalmağa qadirik.

- Bir neçə mövqedə oynayırsan. Hansı mövqe sənin üçün daha rahatdır?

- Hansı mövqedə oynamağımın fərqi yoxdur. Mərkəzdə bütün mövqelər demək olar ki, eynidir. Hücuma və müdafiəyə kömək etməlisən. Baş məşqçimiz harada desə, orada da oynayıram. Mənim üçün problem deyil.

Elçin Əlixan

Xəbər xətti