Bojoviç Adil Şükürovun yerində olsaydı... REPLİKA

15:11 - 10 Mart 2024

Ad-san, karyera baxımından bu iki mütəxəssis müqayisəyə gəlməsə də, gördükləri işi müqayisə etməyə ehtiyac yaranıb. Əslində, qarşılarına qoyulan tapşırıqlar da fərqlidir. Bojoviç "Neftçi" ilə Premyer Liqada ikinciliyi və ölkə kubokunu qazanmalıdırsa, Adil Şükürov onun gəlişinə qədər əlini hər şeydən üzmüş "Kəpəz"i elitada saxlamalıdır. 

İş elə gətirib ki, adlı-sanlı Bojoviç çətinliyə düşüb, illərdir unudulmuş, çoxlarının etimad etmədiyi Adil Şükürov gəncəlilərə ümid verib. Bu iki məşqçinin müqayisəsinə gəlincə, buna ötən gün "Kəpəz"lə heç-heçədən sonra Bojoviçin dedikləri səbəbdir. Monteneqrolu mütəxəssis 14 gün ərzində 2 dəfə Tovuza səfər etmələrindən gileylənib, bunu ciddi problemə çevirib. 

Adama deyərlər ki, heç olmasa qarşındakı adama, komandaya bax, bir az utan! Bəs, Adil Şükürovun yerində olsaydı, nə edərdi... Məcburi köçkün kimi gah bir yerdə, gah o biri yerdə oynayan, hələ qarşıdakı matçları harada keçirəcəyini bilməyən "Kəpəz"in baş məşqçisi gərək üsyan qoparaydı. Klubun nə sponsoru var, nə səviyyəli futbolçulara malikdi, üstəgəl Gəncədən də didərgin düşüblər. Adil Şükürov belə şərtlər altında heç nədən gileylənmir, bütün çətinliklərə sinə gərib "Kəpəz"i Premyer Liqada saxlamağa çalışır. 

Belə görünür ki, Bojoviç də bura gələn əksər əcnəbilər kimi uğursuzluqlara bəhanə axtarır. 6 həftəyə komandanı düzəldəcəyini demişdi, 8 həftə keçib. "Neftçi" elə həmin "Neffçi"dir. Dəyişən heç nə yoxdur.

Həmid
 

Xəbər xətti