Uşaq futbolundakı ən qabarıq problemlərimiz və inkişaf modelləri LAYİHƏ

14:55 - 27 Oktyabr 2017

(I HİSSƏ)

 

“İndi uşağı aparırlar məşqə, məşqçi deyir ki, qiymət 50 manatdı”

 

Hər bir uşağın futbolçu, ümumiyyətlə idmançı kimi yetişdirilməsi üçün uyğun məşq prinsiplərinə riayət etmək lazımdı. Layihə üzrə bundan öncəki yazımızın davamı olaraq sözügedən məsələyə toxunmağı lazım bildik. Müasir dövrdə futbol xeyli inkişaf etdiyi üçün, məşqlər ümumiyyətlə, bu idman növünə aid olan bütün sistemlər də yenilənib. Artıq xarici ölkələrdə uşaqları daha müasir sistemlərlə öyrədirlər, onlara gələcəkdə futbolçu olması üçün təməl gücləri yeni sistemlər vasitəsilə verirlər. Müasir sistemlər uşaqların lazımi şəkildə inkişafı üçün daha rahat vasitələr sayılır nəinki ötən əsrin əvvəllərində futbolçu yetişdirmək üçün tətbiq olunan məşqlər. Əslində xarici, futbolun daha populyar olduğu ölkələrdə müasir sistemlərin təməli hələ xeyli əvvəldən qoyulmuşdu. Yəni düzgün inkişaf yolu seçən futbol ölkələri tədricən istəklərinə nail olmağı bacardılar. Hələ 100 il sonra bəlkə onların yolunu gedə biləcəyimizi düşündüyümüz ölkələrdən danışırıq... 

 

 

Yerimizdə sayırıq

 

Azərbaycan isə sovet dönəmindən qalma ənənələrindən əl çəkə bilmir. Baxmayaraq ki, bu gün futbolda bir sıra yeniliklər tətbiq olunur. Ancaq bizdə uşaq məşqçilərinin demək olar 95 faizi sovet dönəmində tətbiq olunan məşqləri indi də uşaqlara mənimsətməyə çalışırlar. Yəni, Azərbaycanda əsas problemlərdən biri də məhz bununla bağlıdı. Əslində bunun digər səbəbini də şəraitsizliklə əlaqələndirmək mümkündü. Sırf məşqçilərin savdsızlığını, futbol biliyinin, məşq anlayışının az olduğunu deyərək günahı onlarda görmək də bir qədər düzgün çıxmır. Həmin dönəmlərdə, Azərbaycan kimi ölkələrdə məşq meydançaları, fitnes zalları, stadionlar indiki qədər çox deyildi. Tək-tük olanları çıxmaq şərtilə nə Olimpiya Kompleksləri nə də məşq üçün yararlı meydançalar vardı. Olanların da bir çoxu elə durumda idi ki, sadə, torpaqdan ibarət məhlə meydançasından böyük fərqi yox idi. Əslində indi də şəraitsizliklə bağlı problemlər həllini tapmayıb. Düzdü, Bakıda müəyyən mənada, süni örtüklü də olsa stadionlar salınıb. Amma şəraitsizlik xüsusən də bölgələrimizdə ciddi şəkildə nəzərə çarpır.

 

 

İndi bölgələrdə yerləşən klubların əsas şikayəti məhz məşq bazası və meydança ilə bağlıdı. Nümunə kimi premyer-liqada iştirak edən 8 klubdan 4-nün, “Neftçi”, “İnter”, “Zirə” və “Səbail”in sırf Bakını təmsil etməsini göstərmək kifayətdi. O cümlədən də “Qarabağ”ın adı Ağdamındı, “dadı” Bakının. Klub demək olar paytaxtda məskunlaşıb, Ağdama ayağını belə basmağı lazım bilmir. Yəni rəhbərlik ağdamlı azarkeşləri nə qədər nəzərə almasa belə komanda onlar tərəfindən sevilir və dəstəklənir. “Sumqayıt”ı da bölgə komandası saymaq düzgün olmaz. Artıq böyük bir şəhərin adını daşıyır. Yəni, Bakını təmsil etmədiyi üçün normal qarşılanmalıdı. “Qəbələ” kimi futbol bazası olan bölgə demək olar Azərbaycanda yoxdu. “Kəpəz”in isə hələ də stadion problemləri çözülməyib. Amma bir müddətdən sonra komandanın Gəncədə davam edəcəyini nəzərə alsaq bu futbolumuz adına sevindirici haldı. Azərbaycanda ən çox futbolçu məhz bölgələrdə yetişib. Məhlədə, torpaq meydançaların, asfaltın və s. üzərində... 

 

 

“O məşqçi ki, uşaqdan pul alır...”

 

 

Təbii ki, peşəkar futbolçular və ya klublar üçün belə problemlərin yaşandığı bir məqamda uşaq futbolundan danışmağa dəyməz. Azərbaycanda uşaq futbolundakı problemlər məgər bunlarla bitir? Əlbəttə xeyr... Ölkəmizin tanınmış uşaq məşqçilərindən olan İslam Kərimovun bununla bağlı öz fikirləri var: “Son illər düzgün istiqamət götürülüb. 9 yaş qrupu üzrə çempionat keçirilir. Problemlərə gəlincə, bilirsiz nədən qaynaqlanır? Bölgələrimizdə komandalar azalıb. Bakıda hər şey qaydasındadı. Ən yaralı yerimiz bölgədi. Orada inkişaf yoxdusa, futbol irəli gedə bilməz. Bunun üçün güclülər dəstəsində bölgə komandaları daha çox olmalıdı. Baxın, uşaq 17 yaşına qədər futbol oynayır. Həmin bölgədə əsas komanda yoxdursa bəs uşağın taleyi necə olsun? Yaxşı olardı ki, güclülər dəstəsində komandaların sayı 12-yə çatdırılardı.  Zaman istər-istəməz əvəzedici, 9 yaş üzrə komandalar olacaq. Bizdə isə 8 komanda oynayır. Uşaq yetişir, amma əsas komandaya legionerlər gətirildiyi üçün kənarda qalır. Valideynlər də görür ki, uşaqdan futbolçu olmur, onu yönəldirir digər istiqamətlərə. Demirəm bölgələrdə futbol yoxdu, sadəcə komandalar azdı. Hər bölgənin ən azı birinci dəstə səviyyəsində komandası olsa yaxşıdı. Şəraitsizlik deyəndə, bu gün bütün bölgələrimizdə Olimpiya Kompleksləri mövcuddu. Onlardan səmərəli istifadə etmək lazımdı. Uşaq meydançaları tikmək üçün elə də böyük xərc lazım deyil. Ölçüsü cəmi 60-70 metr olur. Yaxşı olardı ki, məktəblilər arasında çempionatlar keçirilərdi. Məsələn, Nizami rayonunda 22 məktəb var. Onlar arasında çempionat keçirilsə, ən azı 5-6 istedad üzə çıxa bilər. Köhnə dəri topları, məktəblər arasında çempionatları mütləq bərpa etmək lazımdı. “Jek”lər arasında da yarışlar keçirilirdi. Futbolçu küçədən gəlir də elə deyil?  Yaxşı olardı ki, Bakı Şəhər İcra Hakimiyyəti binaların layihəsini təsdiq edəndə uşaqlara da yer ayırardı. Gürcüstanda bunu edirlər. Mən görmüşəm. Kiçik meydançalar tikilməlidi. Uşaq futbolu harada oynamalıdı? Həyətdə, məhlədə. Baxın, görün Bakıda uşaq meydançası varmı? Bundan əlavə şəxsi fikrimdi, MOİK-in bir nümayəndəsi mütləq AFFA-nın İcraiyyə Komitəsində təmsil olunmalıdı. Güclülər dəstəsində MOİK olsa, gənc futbolçular oynamağa başlayacaqlar. Bu əsgərlik məsələsinin həll olunması deməkdi. Valideyn düşünür ki, uşaq 18 yaşından sonra orduya çağrılacaq və futbolu tərgidəcək. Yəni MOİK-in olması stimuldu. Bu da bir problemdi. Digər tərəfdən skautlarımız zəifdi. 14-16 yaşlı uşaqların istedadını üzə çıxara bilmirik. Amma gürcü futbolunda bu tam fərqli şəkildə yerinə yetirilir. Azərbaycanlı istedadları mütləq ölkədən kənara çıxarmaq lazımdı. Ən azı Almaniya, Türkiyə klublarında, “Ayaks”da bizi təmsil etsinlər. Türkiyə niyə inkişaf etdi? Çünki Almaniya ilə münasibət qurmuşdular. Futbolçular Almaniyada təhsil alıb gəlirdilər. Problemlərdən ən böyüyü odur ki, ixtisaslı mütəxəssislərimiz azdı. Daha səmərəli, müasir tələblərə cavab verən mütəxəssislər lazımdı. Fikrimcə, mütəxəssislər ingilis dilini, kompyuteri mükəmməl bilməlidi. Futbol gündən-günə inkişaf edir, yeniliklər olur. Müxtəlif taktiki sxamlər olur. Məşqçilərimizi maarrifləndirmək, oxutmaq lazımdı. Düzdü, AFFA kateqoriya almaq üçün kurslar təşkil edir. Amma ən güclü mütəxəssislərimizi ölkədən kənara çıxarmaq da olar. Ən azı Türkiyənin yolunu getməliyik. Pullu xidmətlərin qarşısı mütləq kəsilməlidi. Mən pullu xidmətlərin, uşaqlardan pul yığan məşqçilərin əleyhinəyəm. Bu futbolu “öldürür”, inkişafdan saxlayır. Futbolu kasıblar oynayır. Yazıq uşağın valideyni 30-50 manatı hardan versin? Pullu xidmətlər dayandırılmasa belə dövlət tərəfindən nəzarət edilməlidi. O pullu xidmətlə işləyən məşqçilər vergi verirlər? Kim onlara səlahiyyət verib ki? Hər kəsin hüququ var ki, övladı azad məşq keçsin. Pullu xidmətə nəzarət varmı? Ən azı AFFA-da qeydiyyatdan keçməlidilər. Assosasiya bilməlidi ki, bu pul kimin cibinə gedir? O məşqçi ki, uşaqdan pul alır, inkişaf ola bilər? Sovet dönəmi deyirsiz. İndi hər klubun nəzdində uşaq futbolu varmı? Güclülər dəstəsində iştirak edən hər klubun nəzdində 9 yaş qrupu üzrə  komandalar olmalıdı. Bu, mütləqdi, AFFA-nın qərarıdı. Əks halda premyer-liqaya buraxılmırsan. Çox yaxşı təşəbbüsdü. Amma kütləvilik orta məktəbdə, məhlədə və sair yerlərdə də olmalıdı. Hər rayonda ilboyu yarış keçirilməlidi. Sovet dönəmində dəri toplar, məktəblərarası yarışlar vardı. Düzdü, o vaxt da klubların nəzdində yaş qrupları üzrə komandalar yox idi. Yalnız “Neftçi” vardı. Amma, Təhsil Nazirliyinin, İdman Nazirliyinin tərkibində olan məktəblər fəaliyyət göstərirdi. UGİM-lər, kütləvi futbollar vardı. Üstün cəhəti də o idi ki, pulsuz xidmət olunurdu. Vətəndaş oğlunu götürüb futbola yazdıra bilərdi. Amma indi uşağı aparırlar məşqə, məşqçi deyir ki, qiymət 50 manatdı. Valideyn də qayıdır geri, çünki imkanı yoxdu. Bunun evində 4 uşağı varsa necə oxutdura bilər hamısını? Pullu xidmətlər bizi məhvə sürüklədi. Mən futboldan gedərəm, amma pullu xidmət göstərmərəm. Çünki özümə hörmət edirəm. O pullu xidmətlə mən, Kamran Ağayevi, İlqar Qurbanovu, Elvin Yunuszadəni, Asif Məmmədovu, Elnur Abdullayevi, Ruslan Abışovu, Araz Abdullayevi, Fəhmin Muradbəylini hazırlaya bilməzdim”.

 

 

“Uşaqlarla işləmək sərf etmir axı, çünki maaş azdı”

 

Təbii, şəraitsizlik olan yerdə də məqçilər alternativ yol tapa bilmirlər və ya buna bacarıqları yetmir. Bu üzdən uşaqlarla böyüklərin məşqləri arasında ciddi fərq qoyulmur. Nəticədə uşaqda fiziki problemlər, qüsurlar yaranmaqla yanaşı onlar gələcək arzularından, xəyallarından məhrum edilir. Deməli, burada uşaq məşqlərindən anlayışı olmayan və hansısa yollarla məşqçilik edən insanların da günahı var. Ona görə də məşqçilərin əksəriyyəti sovet dönəmindən qalma üsullara üstünlük verdiyi üçün tənqid olunur. Kərimov isə belə düşünür: “Bəs mən nəyə görə maariflənmədən söhbət açdım? İndi yeni metodikalar çıxıb ortalığa. AFFA məşqçilərə kateqoriyalar verir, bu yaxşı haldı. Məşqçilər öz üzərlərində işləməlidi. Gündə bir taktiki yeniliklər baş verir. Sovet dönəmində bir dənə şablon proqram vardı. Moskvada hazırlayıb göndərirdilər respublikalara. Amma sovet dönəmində biz Avropa çempionatında oynamırdıq. Azərbaycan indi müstəqil dövlətdi. Avropa ilə ayaqlaşmalıyıq. Komandalarımız ÇL-də, Avroliqada oynayır. Məşqçilərimiz yeni, müasir metodika ilə işləməlidi, bunun üçün də biliyin olmalıdı. “Neftçi”nin köhnə futbolçuları uşaqlarla işləməlidilər, xarici ölkələrdə belədi. Futbolu kim öyrətməlidi? Əlbəttə, veteran futbolçular. Amma niyə güclülər dəstəsində işləmək istəyirlər? Çünki orada pul var. Uşaqlarla işləmək sərf etmir axı, çünki maaş azdı. Halbuki ən çətin, ağır peşə azyaşlılarla işləməkdi. Mən ilk dəfə 6 yaşlıları yığdım, effekt verdi və sonradan çempion oldular. Hansı ki, əvvəllər Azərbaycanda 8 yaşdan etibarən uşaqları futbola götürürdülər. Mən isə ilk dəfə olaraq 6 yaşlıları topladım. Deməli, lap kiçik yaşlardan yığmaq lazımdı. Birinci sinif uaqlarını yığmalısan, çünki onları tez başa salmaq olur, futbolu qavrayırlar. O yaşda təməl texnikanı öyrədirsən. Amma deməzdim sovet dövrünün metodikası tam yararsızlaşıb. Onların da gözəl metaodikası vardı. Amma bu gün Avropada oynayırıq. Sovet dönəmində ittifaq miqyasında oynayırdıq və bundan kənara çıxmırdıq. Türkiyə nə vaxt inkişaf etməyə başladı? 80-ci illərdə. Rəhmətlik Turqut Özal gəldi və iqtisadiyyatı qaldırdı. Belədə futbol da inkişaf etdi. Əhalinin sosial problemləri həll olunanda, yaxşı yaşayanda futbola da həvəslə baxmağa gedirlər. Həmin vaxt Türkiyə alman mütəxəssislərə müraciət etdi. Onların yanında isə Şenol Günəş, Fatih Terim kimi məşqçiləri köməkçi qoydu. Hər iki məşqçi müxtəlif dönəmlərdə yığmanın baş məşqçisi oldu. Həmin işin nəticəsi kimi Türkiyə 2002-ci ildə dünya çempionatının 3-cüsü oldu”.

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”

 

Həmid

Davamı var...

Xəbər xətti