I Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, I Liqanın 9-cusu “Şimal”ın və II Liqanın 2-cisi “Qaradağ Lökbatan”ın nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Şimal” menecer Taleh Bədirxanov, “Qaradağ Lökbatan” isə klubun baş meneceri Bəbir Həsənov ilə təmsil olunub. Püşkatmaya əsasən “Şimal” nominal meydan sahibi olub və nominal meydan sahibi kimi bütün təşkilati məsələləri həyata keçirəcək.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər nüanslarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.
PFL-in qərarına əsasən, I Liqa uğrunda pley-off oyunu 27 may tarixində Şamaxı şəhər stadionunda keçiriləcək. Görüş saat 16:00-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.
saytlarin hazirlanmasi
