"Premyer Liqaya geri qayıtdığım üçün sevinirəm, əziyyətimiz yerdə qalmadı" - "Şəfa"nın müdafiəçisi

13:34 - 21 May 2026

"Şəfa"nın təcrübəli futbolçularından olan “Neftçi” və “Turan Tovuz” klublarında oynamış İsmayıl Zülfüqarlı Sportal.az saytına müsahibə verib.

- “Şəfa” Premyer Liqaya vəsiqə qazanmağı bacardı. Təəssüratların necədir?

Premyer Liqaya geri qayıtdığım üçün çox sevincliyəm. Allaha şükürlər olsun ki, çəkdiyimiz əziyyət yerdə qalmadı. Mövsümboyu məşqçilərimizin verdiyi taktikaları, tapşırıqları düzgün yerinə yetirdik. Əlimizdən gələnin artığını etdik ki, çempion olaq. Bunu da bacardıq. Bu yolda bizə dəstək olan rəhbərliyimiz də də böyük təşəkkür düşür. 

- Ümumiyyətlə, "Şəfa" ilk turdan sona qədər lider oldu. Demək olar ki, çox da çətinlik çəkmədi komanda, yoxsa gözlədiyinizdən daha çox çətin alındı?

Düzdür, ilk turdan son tura kimi lider olduq. Sonda da çempionluğu qazandıq. Bu, hamıya görünən tərəfidir. Ancaq xüsusi ilə 2-3-cü dövrə komandaların bizə qarşı yalnız müdafiə futbolu oynaması bizə çətinlik yaratdı. Ancaq buna baxmayaraq yenə də, çox döyüşdük, çalışdıq, sonda çempion olduq. 

- 25 yaşında olsan da, Premyer Liqa təcrübən də yetərincədir. Şəxsən sənin üçün Premyer Liqadan sonra I Liqada oynamaq nə dərəcədə çətin idi? 

Uzun illərdir Premyer Liqadayam, orada oynamışam. Bu qənaətə gəlirəm ki, I Liqada oynayan komandalar mübarizəyə üstünlük verir. Çox qaçırlar, əsl əzmkarlıq göstərirlər. Bir də, çətin tərəfi meydança amilidir. Demək olar ki, meydançalarda sulanma sistemi yoxdur. Məsələn, Buzovnadakı stadionda gəzmək belə olmur inanın, qalmışdı ki, oyunlar keçirmək.

- "Neftçi" və "Turan Tovuz"un heyətində Premyer Liqada oynamışdın. Bu dəfə "Şəfa" ilə yüksək liqada oynamaq şansın var. Yeni mövsüm səni komandada görəcəyik, yoxsa fərqli komandaya keçmək ehtimalın var?

“Şəfa” ilə müqaviləm var. Allah qoysa, burada davam edəcəm. Əlimdən gələni edəcəm ki, komandama necə lazımdırsa, kömək edim.

- Maraqlıdır ki, rəhbərlik yalnız azərbaycanlı futbolçulardan ibarət heyət qurulmasını istəyir. Premyer Liqada bu təcrübə çox da uğurlu alınmır. Amma yerli futbolçu kimi yəqin ki, limitin olmadığı bir vaxtda bu fikri dəstəkləyirsən? Səncə, yalnız yerlilərdən ibarət komanda yüksək liqada nəticə verə bilər?

Rəhbərliyimizin iki il ərzində qoyduqları strategiyanı bilirəm. Bu komandaya gəldiyim zaman gələcək planlarını da öyrəndim və bura keçməyimdə də böyük rol oynadı. Onlara da çox böyük təşəkkür düşür ki, Azərbaycan futboluna azərbaycanlı futbolçular qazandırmaq istəyirlər. Düzdür, bu yol çətin yoldur. Ancaq niyə də yox? Bu komandaya gələn hər bir futbolçu bu yola inansa, bu yolda əlin daşın altına qoysa, böyük uğurlar da qazanmaq olar.

- Yəqin ki, "Şəfa"nın heyətində "Turan Tovuz" və xüsusən də "Neftçi"yə qarşı oyunlar sənin üçün xüsusi önəm daşıyacaq? Həmin matçları səbirsizliklə gözləyirsən?

Bu komandalar mənə çox doğmadır. Birində illərlə oynamışam. Mənim ilk addımlarımı atdığım yerdir “Neftçi”. Digəri isə iki mövsüm keçirsəm də, mənə çox yenə də çox doğma komandadır. “Turan Tovuz” və “Neftçi”yə qarşı oynamaq mənə çox xoş və sevindirici olacaq.

Mirbağırağa

Xəbər xətti