40 yaşlı almaniyalı futbolçu sabah karyerasının son matçına çıxır - klubun əsas səhmdarına çevrildi

22:08 - 22 May 2026

Lukas Podolski bu həftəsonu futbolçu karyerasını başa vuracaq.

Sportal.az xəbər verir ki, Polşa liqasının 34-cü turunda “Qurnik”in “Radomyak”a qarşı şənbə günü keçiriləcək oyunu 40 yaşlı futbolçu üçün sonuncu olacaq.

Bu mövsüm hücumçu çempionatda 15 oyunda iştirak edib və heç bir qol vurmayıb. Komandası ilə birlikdə Polşa Kubokunu qazanıb. Bu, "Qurnik"in son 38 ildə ilk titulu olub.

O, daha əvvəl "Bavariya", "Arsenal" və "Köln" klublarında çıxış edib, həmçinin Almaniya millisinin heyətində 130 oyun keçirərək 49 qol vurub.

Podolski 2025-ci ilin sonunda “Qurnik”in minoritar sahibi olmuşdu, bu həftə isə təxminən 4 milyon zlotıya (940 min avro) səhmlərin 86%-ni alaraq klubun əsas səhmdarına çevrilib.

Xəbər xətti