"Şamaxı"nın kapitanı: "Əsas məqsədimiz Premyer Liqada qalmaqdır, heç cürə rahatlaşmaq olmaz" - MÜSAHİBƏ

13:21 - 4 Mart 2025

"Şamaxı"nın kapitanı Rafael Məhərrəmli Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" "Səbail"lə matçda inamlı qələbə qazanmağı bacardı. Səfərdə mütləq üç xal qazanmaq istəyirdiz, yoxsa bir xal da sizi razı salırdı?

Bu matçın bizim üçün əhəmiyyətini bilirdik. Çünki "Səbail" qışdan sonra ən yaxşı komandalardan biri idi. Oyunun çətin keçəcəyi məlum idi. Hər matça olduğu kimi bu oyundan da maksimum nəticə qazanmaq istəyirdik. Hazırda bizim üçün ən əsası məğlub olmamaq idi. Şükür Allaha bunu bacardıq və qalib gəldik. Komandamızı təbrik edirəm.

- "Şamaxı" ikinci hissədə daha yaxşı oynadı. Bəs, ilk hissədə niyə o qədər yaxşı oynaya bilmədiniz?

Belə oyunlar çox olur. Bu cür vəziyyətlərdə hər zaman çalışırıq ki, qol vurmasaq belə, qol buraxmayaq. Baş məşqçimizin dediklərini yerinə yetirmək istəyirik. Belə də alındı. Standart vəziyyətdən yaxşı istifadə etdik və ilk hissəni 1:0 başa vurduq. Bu da bizə əlavə motivasiya verdi. İkinci hissə daha yaxşı və daha üstün oynadıq.

- Ötən mövsümü "Səbail"də keçirmişdin deyə, bu matç sənin üçün xüsusi önəm kəsb edirdi? Özü də "Şamaxı"nı meydana kapitan sarğısında çıxarmışdın...

"Səbail" ailəsi mənim üçün doğmadır. İki il bu komanda üçün oynamışam və oradan yaxşı xatirələrlə ayrılmışam. Elə buna görə də, "Səbail"in hər bir üzvü ilə indiyə qədər münasibətim var. Əlbəttə ki, hər bir oyun mən və komandam üçün xüsusidir. Kapitanlığa gəldikdə, 4-cü oyun idi ki, komandanı meydana kapitan kimi mən çıxarmışdım. Şükürlər olsun ki, bu oyunlarda yaxşı nəticə göstərmişik. Ümidvaram ki, ardı gələr. 

- "Şamaxı" üçün də vacib görüş idi. Hər halda, bu qələbə sayəsində "Şamaxı" aktivindəki xalların sayını 24-ə çatdırdı və 7-ci pillədədir. İndiki hədəf daha yuxarı pilləyə yüksəlməkdir, yoxsa ancaq Premyer Liqada qalmaq uğrunda düşünürsüz?

Təbii ki, bu xal bizim üçün çox vacib idi. Çünki həqiqətən də yaxşı mübarizə gedir, heç cürə rahatlaşmaq olmaz. Hər şey ola bilər. Premyer Liqada qalmaq uğrunda oynayırıq. Əsas məqsədimiz də budur. Son matça qədər mübarizə aparacağıq. Allahın köməyi ilə istədiyimizə nail olarıq.  

- "Şamaxı" növbəti görüşünü "Sabah"a qarşı keçirəcək. Onları bu sezon evdə məğlub etmişdiniz. Bu dəfə də bunu etmək mümkündür?

Hazırda "Sabah" yaxşı formadadır. "Səbail"ə qarşı matçı unudub, bu görüşə köklənəcəyik. Öz meydanımızda oynayırıq. Bu, bizim üçün əlavə motivasiyadır. Bacardığımız qədər bu matçdan da xal götürməyə çalışacağıq.

- "Şamaxı"nı qarşıda çox ağır oyunlar gözləyir, ardıcıl olaraq "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Neftçi" komandaları ilə qarşılaşacaqsınız. Komanda bu ağır qrafikə hazırdır?

Əlbəttə, çətin olacaq. Dediyiniz komandalardan bu mövsüm yalnız "Araz-Naxçıvan"dan xal ala bilməmişik. Bu qrafikə hazırıq. Hər bir komanda ilə başa-baş oynayacaq gücdəyik. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirib, vuruşaraq bu görüşlərdən də üzüağ çıxmağa çalışacağıq. Premyer Liqadakı yerimizi qoruyub-saxlamaq üçün tam gücümüzlə mübarizə aparacağıq.

Mirbağırağa

Xəbər xətti