"Hansısa uğur və ya uğursuzluqdan danışmaq tezdir, mövsümün sonunu gözləmək lazımdır" - MÜSAHİBƏ

12:22 - 12 Mart 2025

"Sabah"ın müdafiəçisi Tellur Mütəllimov Sportal.az saytına müsahibə verib.

- "Sabah” son turda “Şamaxı”ya məğlub oldu. Bu görüşdə komandanız performansını necə dəyərləndirirsiz? Səncə, nəyə görə komanda səfərdə uduzdu?

- "Şamaxı" ilə oyunlarımız həmişə çətin keçir. Onlarla bu mövsümdə baş tutmuş əvvəlki iki oyunda da qalib gələ bilməmişdim. Bu dəfə də bizi çətin oyunun gözlədiyini bilirdik. Oyuna yaxşı başlamışdıq. Lakin bu tempi sonrakı dəqiqələrdə qoruyub-saxlaya bilmədik. Rəqib əldə etdiyi fürsətdən isə lazımınca yararlandı. Sonrakı dəqiqələrdə isə rəqib qapısını toxunulmaz saxladı. İkinci hissədə bir neçə fürsətlərimiz var idi. Bir epizodda isə top qapı tirinə dəydi. Təəssüf ki, bu matçda istədiyimiz nəticəni qazana bilmədik.

- Ümumiyyətlə, “Sabah” “Şamaxı”ya bu sezon ikinci dəfə uduzurdu. Səncə, nəyə görə “Şamaxı” səfərindən uğursuz nəticə ilə geri qayıdırsız? Rəqibi yaxşı analiz etmək alınmır, yoxsa arxayınçılıq var?

- Arxayınçılıq olduğunu deməzdim. Rəqibi yaxşı tanıyırdıq, necə oynayacaqlarını bilirdik. Bu komanda ilə əvvəlki oyunlarımız da arxayınlığa imkan vermirdi. Sadəcə "Şamaxı" səfəri çempionatda ən ağır oyunlarından olur. Bu matçda vuracağımız bir qol hər şeyi tam əksinə çevirə bilərdi. Bu matçı unudub, qarşıdakı matçlarımıza köklənməliyik. 

- Növbəti turdakı rəqibiniz “Zirə”dir. Hansı ki, bu sezon yaxşı mövsüm keçirirlər. "Zirə"ni evdə məğlub etmək mümkün olacaq, yoxsa onlar da sizin oyununuza uyğun deyil?

- "Zirə" çempionatda iddialı komandalardandır. Ümumiyyətlə, çempionatda olan rəqibləri uyğun və ya uyğun olmayan komandalar deyə, iki hissəyə bölmək istəməzdim. İstənilən halda, çempionatda bütün komandalar meydana qələbə üçün çıxır və bunun üçün sona qədər də mübarizə aparırlar. Bu baxımdan "Zirə"yə qarşı bizi çətin görüş gözləyir.

- "Sabah" turnir cədvəlində hazırda 34 xalla 5-ci pillədədir. Səncə, ilk üçlüyə düşmək realdır? Ən azından üçüncü pillədəki “Araz-Naxçıvan”dan 12 xal geridəsiz. Onlara çata bilərsiz?

- Hazırda çempionatın elə mərhələsidir ki, bu anda turnir cədvəlinə baxmaq yox, ancaq öz oyunumuza köklənməliyik. Bir çox oyun olub ki, sırf meydanda sərgilənən oyun baxımından 3 xal qazanmalı olduğumuz halda, ya uduzmuşuq, ya da heç-heçə etmişik. Bu cür xal itkilərindən uzaq olmaq lazımdır. Bunun üçün də hər matçdan öncə turnir cədvəlində rəqiblərimizin xallarını saymaq əvəzinə növbəti matça köklənməli, bütnü motivasiyamızı oyuna yönləndirməliyik.

- Demək olar ki, "Sabah"ın əsas hədəfi, kubokdur? "Neftçi" səddini keçə biləcəksiz? Erkən final olduğunu söyləyənlər az deyil. Final qədər maraqlı yarımfinal olacağını söyləmək olar?

- "Neftçi" ilə kubok oyunumuza hələ var. Bu matça qədər bizi çempionatda vacib 2 oyun gözləyir. Hazırda yalnız bütün diqqətimizi bu oyunlara yönləndirmişik. Amma kubok oyunlarına belə bağlayıb, çempionatı diqqətdən kənarda saxlaya bilmərik.

- Titul qazanmasaz, avrokuboklara da vəsiqə qazanmasaz, 2024/2025 mövsümünün sizin üçün uğursuz keçdiyini demək olar?

- İndidən hansısa uğur və ya uğursuzluqdan danışmaq tezdir. Mövsümün sonunu gözləmək lazımdır. Bu mövsüm üçün hədəflərimiz bəllidir. İstənilən halda, hədəflərə çatmamaq yaxşı nəticə kimi dəyərləndirilə bilməz.

- Ümumiyyətlə, bu mövsüm “Sabah”ın hətta çempionluq mübarizəsində yer alacağı gözlənilirdi, ancaq bu baş vermədi. Səncə, nəyə görə bu gözləntilər alınmadı?

- Daha yüksək gözləntilərin olması komandaya inamdan irəli gəlir. Amma futbolda heç də həmişə gözləntilər nəticə ilə uyğun gəlmir. Bəzən gözlənilməz nəticələr də qeydə alınır. Hazırda mövzud vəziyyəti xeyrimizə dəyərləndirə bilmərik. Lakin sabah hər şey tam əks yöndə dəyişə də bilər. Komanda olaraq buna inanırıq.

- Bu ay milli komandanın toplanışı, iki yoxlama görüşü olacaq. Milli komandaya yenidən dəvət olunacağına inanırsan?

- Milli komandada yer almaq hər bir futbolçu üçün fəxrdir. Amma milli komandanın heyətini məşqçilər müəyyənləşdirir. Dəvət edilsəm, bundan ancaq qürur duyaram.

Mirbağırağa

Xəbər xətti