Azərbaycanın U-19 milli komandasının baş məşqçisi Samir Əliyev Sportal.az saytına müsahibə verib.
39 yaşlı mütəxəssis ilk toplanışdan və yığmadakı planları barədə danışıb.
- U-19 millisini çalışdırmaqla bağlı AFFA-dan təklif aldıqda təəccüblənmədiniz?
- Sözün düzü, bir az gözlənilməz oldu. Görüşdük, federasiya rəsmiləri ilə söhbət etdik, bir az zaman istədim. Bundan sonra bir neçə nəfərlə məsləhətləşdim və qərar verdim ki, bu yükün altına girim. Məşqçiliyim karyeramda yeni bir səhifə və çağırış oldu.
- İlk toplanışdan razı qaldınız?
- Seleksiya və tanışlıq məqsədli toplanış oldu. Araz Qulamovla Emin İmaməliyev köməkçi məşqçilər olacaq. Mən 2001-2002-ci il doğumlu futbolçuları o qədər də yaxşı tanımıram. Ancaq İmaməliyev “Qəbələ”nin U-19 komandasında çalışıb. O, həm “Qəbələ”dən, həm də digər klublarda olan gənc oyunçular tanıyır. Toplanışdan öncə biz məşqçilər divizion və U-19 liqasında çıxış edən klubların çalışdırıcıları ilə danışdıq. Onların rəyinə əsasən, bu futbolçular toplanışa dəvət aldılar. Divizion klublarının məşqçiləri ilə milliyə layiq olan futbolçular barədə söhbət etdik. Onların təklif etdiyi və özümüzün tanıdığı futbolçulardan ibarət 23 nəfərlik heyət topladıq. Planlaşdırdıq ki, üç oyun keçirək. Ancaq təəssüf ki, hava şəraitinə görə bunlardan biri təxirə salındı. Bir həftəlik toplanışla qəti nəsə qərar vermək olmur. Ancaq bizdə müəyyən fikir formalaşdı.
- Avropa çempionatının ilkin seçmə mərhələsinin qrupunda şansları necə dəyərləndirirsiniz?
- U-19 elə yaş qrupudur ki, futbolçular peşəkar karyeralarında ilk addımlarını atırlar. Bu yaşda bizim Avropa ölkələri ilə ayaqlaşmağımız çətindir. Çexiya San Marino və Norveçlə eyni qrupda qərarlaşmışıq. Çexiya və Norveçin U-19 milliləri ötən və ondan əvvəlki illər elit-raund mərhələlərində ştirak ediblər. U-17 və U-19 Avropa çempionatlarında çıxış etmiş komandalardır. Vaxtımız var, hazırlaşacağıq. İstəyirik ki, layiqli çıxış edək və qarşımıza qoyulan elit-raund hədəfini reallaşdıraq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Rəqiblərimizin oyununu izləmisiniz?
- Sözün düzü, hələ öz millimizi formalaşdırmaq istəyirik. Fikrimizi buna cəmləmişik. Proqramımızı AFFA-ya təqdim etmişik. Demək olar, 99 faiz təsdiq olunub. Oktyabr ayına kimi yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Bununla paralel olaraq, rəqiblərimizin yoxlama görüşlərini mən, ya da köməçilərimin canlı izləməsini də istəyirik. Rəqiblərlə tanış olacağıq və təhlillər aparacağıq.
- Qrupda favorit kimi hesab edirsiniz?
- Fikir bildirmək çətindir. Rəqiblərin oyununu izləməmişik. Qrupda Norveçlə Çexiya güclü rəqiblərdir. Çexiya evdə oynayacaq, bu da onlar üçün əlavə üstünlükdür. Norveçin U-19 yığması ötən il İngiltərə üzərində 3:0 hesabı ilə qalib gəlib. Elə bu oyunu demək kifayətdir. Fikrimcə, Çexiya və Norveç qrupda favoritdir. Ancaq vaxtımız var və hazırlaşacağıq.
- Neçə yoxlama oyunu nəzərdə tutulub və rəqibləri seçmisiniz?
- Planı tərtib edib federasiyaya təqdim etmişik. Artıq təsdiq edilib. Oyunların sayını bilmirəm. İstəyirik ki, oktyabr ayına qədər beynəlxalq yoldaşlıq oyunları keçirək, təcrübəmizi daha da artıraq. Futbolçuların oyun praktikaları daha da artıracaq. Federasiya ilə görüşmüşük və bununla bağlı axtarışlar, danışıqlar gedir. Bildiyiniz kimi, ötən il U-19 millimiz elit-raunda vəsiqə qazanıb. Antalyaya gəlmişəm və burada yığmada çıxış edə biləcək 12 nəfərə yaxın 2001-2002-ci il təvəllüdlü futbolçulara baxıram. Onlar bu il də U-19 yığmasında oynayacaqlar. Ayın 27-si və 30-u oyunlar var. Onların çıxışını izləyəcəm.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi