"Qarabağ"ın kapitanı Rəşad Sadıqov qol.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir.
- “Qarabağ”ın durumu necədi?
- Təbii ki, bu dəqiqə tam ideal formada ola bilmərik. Bunun üçün hələ 2-3 rəsmi oyun da keçirməliyik ki, tam formaya düşək. Buna da vaxtımız yoxdur. Bilirsiniz, lider “Neftçi”dən 3 xal geridəyik və fasilədən sonra birinci oyunu da onlara qarşı keçirəcəyik. Ona görə də maksimum çalışacağıq ki, bu matça optimal formada çıxaq.
- Bəs, ideal formada olmamağınız “Neftçi” ilə oyuna təsir etməyəcək?
- Birinci-ikinci oyunlarda komandanın ideal formada olması çox çətin məsələdir. İstər yay, istərsə də qış təlim-məşq toplanışlarından sonra olsun, vaxt lazımdır. Tam oyun ritminə düşmək üçün bundan sonra azı 2-3 görüş keçirmək lazımdır.
- Millidən göndərilməyinizin səndə və Qurban Qurbanovda psixoloji gərginliyi qalırmı?
- Qətiyyən. Məni tanıyanlar bilir ki, karyeram boyu bu tip şeylərlə az qarşılaşmamışam. İstər futbolçu, istərsə də məşqçi kimi. Bu da onlardan biri idi. Bu, məni ruhdan salmır, əksinə motivasiya edir. Nə qədər ki, oynayıram, çalışacağam, daha da istəkli olum. Qurban müəllimdə də o məsələ ilə bağlı nəsə gərginlik olduğunu görmürəm. Bütün fikrini işinə həsr edib. Tamamilə komandanı ikinci dövrəyə hazırlamağa köklənib. Düşünmürəm ki, bununla bağlı bizdə nəsə problem olsun.
- Karyeranı bitirirsənmi?
- U-21-də məşqçi kimi çalışdığım vaxt qəti qərar qəbul etmişdim ki, bu ilin mayında karyeramı bitirim. Bunu bütün yaxınlarım, Qurban müəllim də bilirdi. Ancaq milli ilə yollarımız ayrıldığı üçün karyeramla bağlı ikinci dövrənin gedişatında qərar verəcəyəm. Baxarıq da... Bu gün nəsə fikir bildirmək istəmirəm.
- Ən çox tənqid edildiyiniz məsələyə gələk. “Qarabağ” niyə yaxşı legioner ala bilmir?
- Nə qədər danışıq aparsaq da, bir çox səviyyəli futbolçu Azərbaycanda oynamaqdan imtina edir, gəlmək istəmir. Ümidvaram ki, getdikcə çempionatımızda 10, 12, 14, 16, 18 komandalı sistemə keçərik, səviyyə bir az da artar və legionerləri cəlb etmək daha asan olar.
- Sırf çempionatın səviyyəsi aşağıdır deyə gəlmirlər?
- Bəli, sırf çempionata görə gəlmirlər. Kimi dindirirsən, hamısı deyir ki, 8 komandalı çempionatdır, gəlmək istəmirik, cəmi 28 oyundur. Yavaş-yavaş stadionlarımız düzəlməyə başlayıb. Amma çempionatın səviyyəsi aşağıdır, tribunalar boşdur. Gəlməmələrinin əsas səbəbi budur. Başqa amil yoxdur. Çünki baxırsan, son illərdə Avroliqada da, hətta Çempionlar Liqasında da qrupda oynamışıq. Əslində yaxşı futbolçuları cəlb etmək istəyirik, bu istiqamətdə çalışırıq da, amma gəlmirlər.
- Problemlər içində futbolumuzun sabahını necə görürsən?
- Bu işə məsul insan mən deyiləm. Bu gün nəsə fikir bildirsəm, düşünürəm ki, düzgün çıxmaz. Amma nələrisə yaxşılaşdırmaq lazımdır. Çünki çempionatın səviyyəsi qalxsa, millimizin də səviyyəsi qalxacaq. Millinin səviyyəsi qalxsa, beynəlxalq arenalarda istər klublarımız, istər yığmalarımız daha uğurlu nəticələr əldə edəcəklər. Belədə futbolumuz addım-addım inkişaf etməyə, daha yaxşı səviyyəyə gəlməyə başlayacaq.
- Millini yerli çalışdırmalıdır, yoxsa əcnəbi?
- Mənə görə, U-21 millisinə təyin olunan Milan Obradoviç təcrübəlidir. Serbiyanın U-19, U-21 yığmasında işləyib. Ona bir məşqçi kimi hörmət edirəm. O ki qaldı mənim ümumi fikrimə, U-21-də də, əsas millidə də əcnəbiyə qarşıyam. İstəyirəm ki, həm A milli, həm də U-21 yığmasında yerli məşqçilər işləsinlər. Müasir futbolu öyrətmək üçün aşağı yaş qruplarında (15, 16, 17 yaşlılarda) bəlkə də əcnəbi məşqçiyə şans vermək olar. Ancaq artıq U-21 və əsas millidə psixologiya böyük rol oynayır. Ya gətirilən məşqçi Robert Prosineçki kimi psixoloq olmalıdır ki, daim futbolçularla vaxt keçirsin, onları yaxından tanısın, oyunları izləsin, mentalitetə uyğunlaşsın, ya da yerli məşqçi olmalıdır. Çünki yerli futbolçuları ən yaxşı tanıyan yerli məşqçilərdir.
- Yerli məşqçi? Yəni kim?
- Ad çəkməyim doğru olmaz. Millidə işləməyə istər təcrübəli, istərsə də gənclər arasında məşqçilərimiz var. Onlardan birinə şans vermək, inanmaq olar. Səhv də olsa, uğursuzluq da olsa, ən azından biləcəyik ki, azərbaycanlı məşqçi təcrübə qazandı. Bununla bizim futbolumuz nəsə qazanmış olacaq. Bu gün Qurban Qurbanov millinin baş məşqçisi deyilsə, o demək deyil ki, yerli məşqçilər arasında yığmanın başına keçəcək mütəxəssis yoxdur.
- “Avro-2020”də oynaya bilərikmi?
- İlk iki ev oyununda uğurlu start verə bilsək, düşünürəm ki, şans yaranacaq. Amma uğursuz başlasaq, ondan sonra durum bir az çətin olacaq.
saytlarin hazirlanmasi