"Sabah"ın kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
- Deyərdim ki, gərgin oyun oldu. III dövrənin ilk oyununa çıxdıq. “Zirə”nin stadionunda bu mövsüm ilk matç oldu. Həm də rəqib yeni komanda idi. Samir Abasov işlədiyi yerlərdə aqressiv komanda yaratmağa çalışır və buna da nail olur. Biz yaxşı oynadıq. Qırmızı vərəqə alana kimi oyuna biz dominantlıq edirdiksə, Məqsədin qovulmasından sonra üstünlük meydan sahiblərində oldu. Ancaq 10 nəfərlə qalsaq da, qol vura bildik. Rəqib də qırmızı aldı və az sonra biz növbəti dəfə fərqləndik. Samir müəllim gözəl komanda formalaşdırıb. Yeni futbolçular bizə çox kömək oldu. İnanıram ki, növbəti matçlarda daha da uyğunlaşacaqlar. Komanda üzvlərini, azarkeşləri təbrik edirəm.
- Qələbəni nəzərə alaraq söyləmək olar ki, “Zirə” ilə müqayisədə “Sabah” daha yaxşı təlim-məşq toplanışı keçib?
- Belə düşünmürəm. Bəzən elə olur ki, əla hazırlıq keçirsən, ancaq çempionatda istədiklərin alınmır. Çünki Premyer Liqa tam başqadır. Toplanışda yorğunluq olur, başqa ölkələrin klubları ilə qarşılaşırsan. Sadəcə, biz fürsətdən istifadə etdik və qol vurduq.
- Futbolçular sərt oynayırdı. Bu qədər aqressivlik nədən irəli gəlirdi?
- İkinci yarının ilk matçı idi. Buna görə mübarizə gərgin oldu. Güc və aqressiya bundan qaynaqlanırdı. Hər iki komanda qalib gəlmək üçün oynayırdı. Bütün azarkeşlər də səni izləyir və buna görə də qalib gəlmək istəyirsən. Hər iki tərəf istəkli idi. Çox sevinirəm ki, qalib gəldik.
- Antalyada güclü rəqiblərlə qarşılaşmışdınız. Bu gün qazandığınız qələbədə həmin matçların köməyi nə dərəcədə oldu?
- Düşünürəm ki, yaxşı təlim-məşq toplanışı keçdik. Elşad müəllimin rəhbərliyi altında yaxşı hazırlaşdıq. Növbəti oyunlarda da uğurlu çıxış etməyə davam etmək istəyirik.
- Oyunda hakim iki qırmızı vərəqə göstərdi. Bu qərarlar ədalətli idi?
- Bunlar bizim işimiz deyil. Biz futbol oynayırıq. Biz futbolçuların baş məşqçisi, rəhbərliyi var. Həmçinin, hakimlərin də rəhbərləri var. Qərarı onlar verəcək, biz yox. Buna cavab vermək istəmirəm.
- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun barədə necə düşünürsünüz?
- Fərqi yoxdur, “Qəbələ”, “Neftçi” və ya “Qarabağ” olsun, biz meydana ancaq qələbə üçün çıxacağıq!
- “Sabah”ın Premyer Liqada hədəfi nədir?
- Nə qədər xal toplasaq, bizim üçün müsbətdir. Biz debütant komandayıq. Bu il böyük məqsədimiz yoxdur. Gələn mövsüm isə böyük hədəflərimiz olacaq. Avrokuboklarla yanaşı, deyərdim ki, ilk 3 yer uğrunda mübarizə aparacağıq.