"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike novasports.gr saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, yanvarda "Astana"dan PAOK-a dönən futbolçu "Qarabağ"dakı karyerası ilə bağlı danışıb.
- Formanızı yığa bilmisiniz?
- PAOK-a qayıtdığım üçün xoşbəxtəm. Ancaq indi digər komanda yoldaşlarımla eyni fiziki statusa malik deyiləm. İki həftə əvvəl hazırlığa başlamışam. Forma yığmağım bir müddət çəkəcək. Əsas odur ki, mən burdayam və xoşbəxtəm.
- "Qarabağ" və "Astana" klublarında icarədə çıxış etdiniz. Bu, sizə necə təcrübə qazandırdı?
- İki fərqli təcrübə oldu. "Qarabağ"da hər şey inanılmaz, fantastik idi. Çempionlar Liqasında oynadığım üçün gözəl təcrübə olduğunu deməliyəm. "Astana" isə fərqli idi, çünki Qazaxıstan klubunda xaos var idi. Avropa Liqasında çıxış etdik. "Astana"ya yayda qoşuldum və ilin sonunda ölkə çempionu olduq. Mən burada çox mübarizə aparıb, əziyyət çəkmədim. Daxili yarışlarda az oynadım. Klub rəhbərliyi avrokuboklarda əcnəbilərin, Premyer Liqada isə yerli futbolçuların daha çox oynamasını istəyir. Avropa Liqasında mərhələ adlamadıq. Lakin biz yaxşı çıxış etdik. İki fərqli təcrübə yaşadım, ancaq Azərbaycandakı karyeram daha xüsusi alındı.
- PAOK-a qayıtmaq özünüzün istəyi oldu?
- Bəli, məşqçilərə də təşəkkür edirəm. Klub prezidenti məni geri aldı və komandada oynamaq şansı yaratdı. İki-üç ay əvvəl Braziliyada ailədaxili problemlərim var idi. PAOK-la danışdım, onlar mənim Braziliyaya qayıtmağımı istəmirdilər. Ancaq onlar istəsəydi, Yunanıstana qayıda bilərdim. Buna görə də cavab gözlədim. Ya Yunanıstan, ya da Braziliya olmalı idi. Yanvar ayında mənə müsbət cavab verildi və PAOK-a qayıtdım.
- Xeyli müddətdən sonra PAOK-a necə futbolçu kimi qayıtdınız?
- İndi fərqlənirəm. Müsbət cəhətlərimə görə daha yaxşıyam. Çempionlar Liqası və Avropa Liqasında çıxış etmək əlavə təcrübə oldu. İndi meydanda daha yaxşı ağıla sahibəm. Hazırda PAOK daha güclü komandadır. Prezident mənə dəstək oldu. Özümü xoşbəxt hiss edirəm.
- "Qarabağ" və "Astana"da olanda PAOK-u izləyirdiniz?
- Əlbəttə, çox komanda üzvləriylə danışırdım. Ancaq Leo Matosla daha yaxın dostam. 25-26-27 yaş arası yaxşı futbolçu dostlarım var. Braziliyalı futbolçularla yanaşı, ispan və portuqallarla da yaxın münasibətimiz var. Komandamızda bir neçə braziliyalının olması mənə daha da güvən verir. Çempion olmaq və kuboku qazanmaq istəyirəm.
saytlarin hazirlanmasi