Sadiq Quliyev: "Az oynamağımın səbəbini özümdə axtarmalıyam" MÜSAHİBƏ

12:23 - 11 Fevral 2019

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Zirə" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub etdi. Oyundan sonra qonaqların müdafiəçisi Sadiq Quliyev Sportal.az-a müsahibə verib.

 

23 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:

 

- Bizim üçün iki fərqli hissə oldu. Birinci hissədə daha dogru və düzgün oynadığımızı düşünürəm. Fasilədən sonra diqqətli oynamağa çalışsaq da, boşluqlar verib, səhvlər etməyə başladıq. Buna baxmayaraq, oyunu qələbə ilə başa vurmaq sevindiricidir.

 

- Öz oyununu necə dəyərləndirərsən? Növbəti qarşılaşmalarda şans gözləyirsən?

- Yəqin ki, öz oyunum barədə nəsə deməyim düzgün olmaz. Harada düz və səhv qərarlar verdiyim kənardan daha yaxşı görünür. Əlbəttə, növbəti oyunlarda hər bir futbolçu kimi mən də şansımı gözləyirəm. Yenidən şans veriləcəyi halda komandam üçün əlimdən gələnin ən yaxşısını edəcəm.

 

- Bu mövsüm az-az oynamağının səbəbi nədir? Tam formada deyilsən, yoxsa baş məşqçi sənə şans vermir?

- Mövsüm ərzində az oynamağımın səbəbini özümdə axtarmalıyam. Ola bilsin ki, hardasa səhvlərə yol vermişəm, məşqlərdə özümü yaxşı tərəfdən göstərə bilməmişəm. Futboldur, hər şey olur, əsas olan odur ki, bunları aradan qaldırıb, əsas heyətdə oynamaq üçün çalışım.

 

- Artıq son pillədən qurtulmusuz. Komandada özünəinam necədir?

- Son pillədən xilas olmaq sevindiricidir. Oynadığımız futbolun son pilləyə layiq olduğunu düşünmürəm. Həqiqətən də qələbənin ayrı bir ləzzəti var. Qalib gələndə komandada özünəinam artır, ruh yüksəkliyi olur.

 

- Növbəti tur lider "Neftçi" ilə qarşılaşacaqsız. Bu rəqibi ilk yarıda büdrətmişdiniz. Bu dəfə bunu doğma meydanda reallaşdıra biləcəksiniz?

- Fikrimcə, çempionatda asan qələbə qazanılası rəqib yoxdur. Hər oyun başqa fərqlilik daşıyır. İlk yarıdakı oyunlar artıq geridə qalıb. Hər oyuna qələbə qazanmaq əzmiylə çıxırıq. Bu oyunda da əlimizdən gələnin ən yaxşısını edib, evimizə sərfəli nəticə qazanmağa çalışacağıq.

 

- Avrokuboklara vəsiqə qazanmağı bacarmaq gücünüz var? Yeni transferlər bu yolda sizə kömək edə biləcəklər?

- Əlbəttə, istək və iradə olandan sonra hər şey mümkündür. Bizim də komanda şəklində istəyimiz, düşüncəmiz bu yoldadır. Əlimizdən gələnin ən yaxşısını edib avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün gücümüzün olduğunu düşünürəm. Yeni transferlər bəzi səbəblərdən komandaya gec qoşulsalar da, demək olar ki, artıq bizə uyğunlaşıblar. Onların bu yolda bizə əlavə güc qatacaqlarını deyə bilərəm.

 

Mehman Əşrəfov

Xəbər xətti