Aqil Nəbiyev: "Ölkə xaricində top qovan futbolçularımız olmasa, bizim üçün çətin olacaq" MÜSAHİBƏ

16:40 - 12 Fevral 2019

Milli komandamızın sabiq futbolçusu, "Şüvəlan"ın keçmiş baş məşqçisi Aqil Nəbiyev Sportal.az-a müsahibə verib.

 

- Xorvatiyalı baş məşqçi Nikola Yurçeviç millimizin baş məşqçi postuna təyin edildi. Bu qərarı necə qarşıladınız?

- Neçə ay idi ki, millinin baş məşqçi postu boş qalmışdı. Bilinirdi ki, əcnəbi mütəxəssisə həvalə ediləcək. Bir az gözlədilər, görünür, tələsmək istəməyiblər. Dünən oxudum ki, artıq qərar verilib. Hər şeyi zaman göstərəcək. İnanıram ki, milliyə faydalı olacaq. Öncədən nəsə demək doğru çıxmaz. Hər şeyi gələcək göstərəcək.

 
- Təyinat AÇ-2020-nin seçmə mərhələsinə az qalmış reallaşdı. Millimizin seçmə mərhələdəki şanslarını necə dəyərləndirirsiniz?
- Qrupumuz çətindir. Bütün ölkələrdə futbol inkişaf edir. Millətlər Liqasındakı rəqiblərimiz yüksək səviyyədə olmasalar da, gördük ki, artıq hamı inkişaf var. Çox yerlərdə futbol inkişaf edir. Qrupdan çıxacağımızı desəm, yalan söyləmiş olaram. Əvvəlki illərdə olduğu kimi olacaq. Bir-iki komandadan xal alacağıq. Qrupumuzda adlı-sanlı komandalar yer alıb. Ölkə xaricində top qovan futbolçularımız olmasa, bizim üçün çətin olacaq. Ölkə daxilində ciddi rəqabət yoxdur, özünüz də görürsünüz. Çempionatda 8 komanda mübarizə aparır və mövsüm ərzində 4 dəfə qarşılaşırlar. Avrokuboklarda isə son mövsüm klublarımız heç də yaxşı nəticə göstərmədi. Hətta “Qarabağ” da öncəki mövsümlərlə müqayisədə nisbətən zəif çıxış etdi. İldən-ilə çempionatın səviyyəsi düşür. Yoxsa hamı çox inkişaf edir, biz çata bilmirik? Mən özüm də tam anlaya bilmirəm. Ümid edək ki, bölgə klublarının sayı artar. Bu gün çempionatda Bakı komandaları çoxluq təşkil edir. Futbol bölgələrə daşınsa, bunun ancaq faydası olacaq. Hər bölgədəki oyuna 7-8 min azarkeş gələcək. Futbolu da azarkeş üçün oynayırlar. Təsəvvür edin ki, “Real”la “Barselona” azarkeşsiz oynayırlar. Necə alınar? Ona görə də bölgə klublarımız artmalıdır. Əgər bu reallaşsa, demirəm ki, qısa zamanda inkişaf olacaq. Ancaq azı beş ilə futbolumuza müsbət təsir olacaq. 2004-2005-ci illərdə çempionluq üçün elə 8-9 klub mübarizə aparırdı. Ancaq əvvəllər sponsorlar da var idi. Bu gün isə belə deyil. AFFA Premyer Liqa və I Divizionda bir çox komandaları maliyyələşdirir. Federasiya da nə qədər komandaya baxmalıdır? Şəxsi sponsorlar gəlməlidir. Belə olsa, nisbətən tərpəniş olar. Futbolumuz ildən-ilə belə də aşağı düşür. İnanıram ki, komandalar artar, inkişaf edərik.
 
- AFFA-dan aşağı yaş qruplarından ibarət milli komandalarda işləməklə bağlı təklif almışdınız?
- Sözün düzü, belə söhbət var idi. Ancaq olmadı. Mətbuatdan oxuduğuma görə, Miloş Velebit U-15 və U-16 milli komandalarını çalışdıracaq və həm də yığmaların koordinatoru olacaq. Hər şeyi zaman göstərəcək, sağlıq olsun.
 
- Aşağı yaş qruplarından ibarət milli komandaları Milan Obradoviçlə Miloş Velebit çalışdıracaq. Bəs nə üçün yerli mütəxəssislərə şans verilmir?
- Əvvəlki illərdə aşağı yaş millilərini yerli mütəxəssislər çalışdırırdı. İnanıram ki, gənc və azərbaycanlı məşqçilərə də bir gün şans verərlər. Federasiya belə qərar verib. Mən hər kəsin fikirlərinə hörmət edirəm. Desəm ki, yanlış qərar veriblər, doğru səslənməz, hörmətlə yanaşıram. Hər şeyi zaman göstərəcək. Təki Azərbaycan futbolu inkişaf etsin.
 
Mehman Əşrəfov

Xəbər xətti