Şotlandiyanın Qlazqo şəhərində üç təkanla tullanma yarışında Avropa çempionu olan Azərbaycan atleti Nazim Babayev "Report"a müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Karyeranızda ilk dəfə böyüklər arasında Avropa çempionatında qızıl medal qazandınız. Təəssüratlarınız necədir?
- Yarış yüksək səviyyədə keçdi. Təşkilatçılıq əla, rəqiblərim isə güclü idi. İkinci yeri tutan portuqaliyalı Nelson Evora dəfələrlə dünya və Avropa çempionu, olimpiya çempionudur. Bürünc medal qazanan almaniyalı Maks Heb də çox güclü atletdir. Avropa çempionatı mənim üçün uğurlu alındı. Yarışa yalnız qələbə istəyi ilə çıxmışdım. Rəqiblərin güclü olması məni bir anlıq da qorxutmadı. Özümdən əmin idim.
- Ötənilki Avropa çempionatında medalçılar sırasına düşməyinizə mane olan atletlərdən biri məhz Evora idi...
- İkinci yerə çıxan idmançı keçən il Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında mən 4-cü olanda qalib adını qazanmışdı. Ondan başqa 2015-ci il Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında da birinci yeri tutmuşdu. Evora qış və yay mövsümlərində son 4 Avropa çempionatlarının qalibi idi. O həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medala sahib olub.
- Avropa çempionatında sonuncu cəhdinizi yerinə yetirmədiniz. Bunun səbəbi nədir?
- Əslində reallaşdırmaq istəyirdim. Hərəkətə başlayarkən tribunadan dəstək aldım. Hamı məni dəstəkləyirdi. Qaçış vaxtı sürətli olduğumdan, qırmızı xətti keçərək "foul" etdim və qırmızı bayraq qaldırdılar. Mən də bunu hiss etdiyimdən, tullanmadım.
- Qlazqoda şəxsi rekordunuzu da yenilədiniz. Bəs dünya və Avropa rekorduna çatmaq üçün hansı nəticəni göstərmək lazımdır?
- Mənim Avropa çempionatında göstərdiyim 17,29 metrlik nəticə gənclərin Azərbaycan rekordu da oldu. Qapalı şəraitdə Avropa və dünya rekordları 17,92 metrdir.
- Düşünmürsünüzmü ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq sizin üçün çətin olmayacaq?
- Olimpiadaya lisenziya üçün bu ilin iyuludan sonrakı yarışlarda 16.95 metri keçmək lazımdır. Lisenziya yarışa bir il qalmış verilir. Qış mövsümü atlet üçün yay mövsümündən daha çətindir. Qışdakı nəticələr yaya nisbətən daha az olur. Arada 10, 20, 30 sm fərq olur. Amma hər şey mümkündür. Bu, idmandır. Ümid edirəm ki, yayda lisenziyanı əldə edə biləcəyəm.
- Keçmiş komanda yoldaşınız Ramil Quliyev də gənclər arasında Avropa çempionu olub. Amma o, Türkiyə millisində çıxış edir. Sizə də belə bir təklif gəlsə, eyni addımı atacaqsınız?
- Mənim elə bir fikrim yoxdur. Gedən olsaydım, çoxdan gedərdim. Ramil Quliyev çox gənc yaşlarında Türkiyəyə yollandı. Bu onun öz seçimi idi. O barədə heç nə deyə bilmərəm. Mənim seçimim isə Azərbaycandır.
- Ümumiyyətlə, xaricdən təklif almısınız?
- Xeyr. Heç bir təklif yoxdur.
- Çıxış etdiyiniz idman növündə klublararası turnir mövcuddur?
- Klublararası yarışlar təşkil olunur. Amma bizim klublarda yetərincə idmançı olmadığından, orada təmsil olunmuruq.
- Avropa çempionu olduqdan sonra təklif gəlsə, dəyərləndirərsiniz?
- Təkliflər sponsorlardan gəlir. Özüm "Adidas" şirkəti ilə müqavilə imzalamışam. Xarici klublardan təklif isə hələ yoxdur.
- Milliləşdirilən Aleksis Kopello da üç təkanla tullanma növündə mübarizə aparsa da, Avropa çempionatında iştirak etmədi. Bu, nə ilə əlaqədar idi?
- Hazırda Kopellonun belində yüngül zədəsi var. Zədədən sonra qış mövsümündə 16.57 metrlik nəticə göstərib. Bu isə mənim nəticəmdən geridir. Demək olar ki, 80 sm geri qalır. Ötən yay mövsümündə isə 17 metrdən bir az çox nəticə göstərib.
- Avropa çempionu olmağınızda hansı amil daha çox rol oynadı?
- Məşqlərimizi vaxtında yerinə yetiririk. Yay mövsümündən sonra 20 gün dincəldik. Daha sonra bu günə qədər məşq etmişik. Ağır məşqlərimiz olub, təlim-məşq toplanışlarına qatılmışıq. Əsas da federasiyamız, "Neftçi" klubu hər zaman bizə dəstək olub. Hamının dəstəyi və məşqçimin üzərimdə düzgün şəkildə işləməyi uğura gətirib çıxardı. Fiziki cəhətdən yarışa hazır olmağımıza baxmayaraq, psixoloji cəhətdən də hazırlıqlı olmalıyıq. Bu medal böyüklər arasında ilk titulumdur. Bundan əvvəl böyüklərin yarışında nəticə verə bilməmişdim. Düzdür, gənclər arasında Avropa çempionu olmuşam. Amma böyüklər kateqoriyasında yarışanda ilk illərdə müəyyən çətinlik çəkdim. 22 yaşımda isə Avropa çempionu olmağı bacardım. Uğur qazanmaq üçün, əsasən, düzgün məşqlər etmək, səylə yanaşmaq və məsuliyyətli olmaq lazımdır.
- Qızıl medal qazanandan sonra sizi kimlər təbrik etdi?
- İlk növbədə, federasiyamızın prezidenti Çingiz Hüseynzadə mənə zəng vurdu. Ondan başqa yanımda olan məşqçim, federasiyanın baş katibi Məhərrəm Sultanzadə yanımda idi. Avropa çempionatına kiçik heyətlə yollanmışdıq. Cəmi iki idmançı ilə təmsil olunurduq. Valideynlərim, dostlarım, tanışlarım, məni tanıyan və tanımayan şəxslər də təbrik etdi. Bu da xoş haldır. Sevinirəm ki, Azərbaycanın bayrağını qaldırdım və Şotlandiyanın Qlazqo şəhərində himnimizi səsləndirdim. Buna görə çox xoşbəxtəm. Çünki hər bir idmançının arzuları var. Avropa çempionu olmaq da mənim arzum idi. İnanıram ki, bundan sonra qələbələrin ardı gələcək.
- Avropa çempionu oldunuz. Qarşıdakı hədəfləriniz nədir?
- Növbəti məqsədim dünya və olimpiya çempionu olmaqdır. Hər bir idmançının arzusu olimpiadada qızıl medal qazanmaqdır. Bunun üçün də şərait və istək var. İstək varsa, hər şeyi bacarmaq olar.
saytlarin hazirlanmasi