Millət vəkili: “Qurban Qurbanovun millidən çıxarılması bizə müəmmalı qaldı” MÜSAHİBƏ

11:09 - 1 May 2019

Sportal.az sizi millət vəkili Vahid Əhmədovun müsahibəsi ilə tanış edir:

 

- Futbola marağınız varmı?
- Çox. "Barselona" klubuna azarkeşlik edirəm. Hardasa 10 ildən çoxdu. Bu komandanın oyunu diqqətimi çəkir. Bir oyununu buraxmamışam. 

 

- Bəs yerli klublardan?
- Əvvəllər "Neftçi"yə azarkeşlik edirdim. Ancaq son zamanlar fikir verirəm ki, bu komandada çox çatışmazlıqlar var. Son illərdə "Xəzər Lənkəran"a baxırdım. İndi isə "Qarabağ"ın çıxışını bəyənirəm. Bu komandanın həm məşqçisi normal səviyyədə məşq aparır, həm də oyun üslubu yaxşıdır. 

 

- "Xəzər Lənkəran" daxil bir çox bölgə klubu məhv olub. Hazırda çempionatda "Qəbələ"dən başqa bölgə komandası yoxdu. Çempionatın bu durumunu necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycanda futbolla bağlı çox ciddi işlər görülmür. İdmanın başqa sahələrinə baxın. Güləş olsun, gimnastika olsun və s. digər sahələrdə ciddi irəlləyişlər var. Ancaq futbol sahəsində... Normal futbolçular yetişdirə bilməmişik. Çünki futbola uşaq meydançalarından başlamaq lazımdır. Bölgə komandalarından uşaqlar gətirmək lazımdır. Normal futbolçu yetişməlidi. Düzdü, kənardan gətirirlər, ancaq o da bəhrəsini vermir. Çünki biz yerli futbolu inkişaf etdirməsək, yaxşı futbolçularımız olmayacaq.  Son vaxtlar "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu sahədə çox çalışır. Müəyyən qədər lazımlı futbolçular yetişdirir. Amma səviyyə o səviyyə deyil. Futbolun işinə qarışan müəyyən insanlar var, mən deyə bilmərəm. Ancaq hələki yaxşı futbol görmürük. Avropa futbolu kimidir deyə bilmirik. 

 

- Qurban Qurbanovun millidən gedişi sizcə, doğru qərar idi? Yığmamız yenə əcnəbi mütəxəssisə tapşırıldı.
- Qurban Qurbanovun millidən çıxarılması bizlərə müəmmalı qaldı. Qurban Qurbanov cəsarətli futbolçu idi, cəsarətli məşqçidir. Çox yaxşı məşq aparır. 1 il nəsə alınmadısa, bu o demək deyil ki, alınmayacaq. Ümumiyyətlə, mən Qurban Qurbanovun işinə yüksək qiymət verirəm. Onu saxlamaq lazım idi. Çünki ölkədə futbolun inkişafında onun xüsusi rolu var. Bir vaxtlar Əhməd Ələsgərov idi. Azərbaycan futbolunda onun rolu böyük idi. Qurban Qurbanov da elə bir şəxsdi. 
 
- AFFA-nın işini necə qiymətləndirirsiniz?
- AFFA-nın işini yüksək qiymətləndirirəm. Burada əsas futbolçulardır. Bilirsən, milli futbol olmasa, kənardan nə qədər legioner gəlsə də, inkişaf olmayacaq. Məsələn, mən xarici futbolçuları o qədər də qəbul etmirəm. Fikir ver, Almaniya daha çox yerli futbolçularına üstünlük verir. Düzdü, Avropada çoxu Argentinadan, Braziliyadan gələnlərdi. Ama özləri də yetişdirir. Bizdə də özümüzdə yetişməlidi. Öz futbolumuz, futbolçumuz olmalıdı. 

 

- Fərqləndirdiyiniz hansısa futbolçu varmı?
- Vallah, nə deyim. İnan ki, bizimkilərə az baxıram. Daha çox Avropa futbolunu izləyirəm. Azərbaycan çempionatına çox az baxıram. Əvvəllər marağım çox idi. "Neftçi"nin bütün oyunlarına baxırdım, stadiona gedirdim. O vaxtlar azarkeşlər həddən artıq çox idi. Onda yaxşı futbolçular da vardı. Banişevski, Tuayev, Sxolin, Smolnikov kimi tanınmış futbolçular vardı. Dünya çempionatında iştirak etmiş futbolçular.. Ancaq son zamanlarda qapıçı Kamran Ağayevi qeyd edərdim. O, getdi ölkə xaricinə. O da sonra qayıtdı geri. Başa düşmədim nə məsələ idi. Ancaq heç olmasa gedib xaricdə müəyyən oyunlar keçirib. 

 

- Sonuncu dəfə stadiondan canlı olaraq hansı oyunu izləmisiniz?
- Sonuncu dəfə yadıma gəlmir. İnan mənə, bəlkə 15-20 il əvvəl olub. "Neftçi"dən sonra izləməmişəm. 

 

- Futbolla bağlı ən yadda xatirəniz...
- O qədər olub ki, saymaqla bitməz. (gülür)... Futbol maraqlı oyundu. Heç stadiona getməsən də, televiziya önündə belə oturub həvəslə baxırsan. Amma stadion stadiondu da. Son vaxtlar "Qarabağ"ın oyunlarında ciddi irəlləyişlər var. Azarkeşlərin sayı çoxalıb. O vaxt Lənkəranda tribunalar dolurdu. Futbolçularımızın özündə də günah çoxdu. Normal məşq etsinlər. Sən futbola gəlmisənsə, gecə - gündüz işin - sənətin olmalıdır. Başqa şey barədə fikirləşməməlidir. Gecə gündüz məşq etməlisən ki, normal oyun apara biləsən. Mən də istərdim ki, yaxşı futbol göstərsinlər, bizlər də gedib onlara azarkeşlik edək. 

 

Mənbə: sport7.az

Xəbər xətti