Səmədağa Şıxlarov: "Neftçi"də "afirist"lər, "moşennik"lər işləyir" - MÜSAHİBƏ

18:13 - 8 İyul 2019

Bir müddət öncə Azərbaycanın tanınmış veteran futbolçularından olan Səmədağa Şıxlarov xəstəxanaya yerləşdirilmişdi.

 

Onunla əlaqə saxlayıb, son durumunu öyrəndik. Səmədağa bəy müsahibəsində "Neftçi"yə, o cümlədən Azərbaycan futbolunun bugünkü durumuna da toxundu.

 

- Səmədağa bəy, bir müddət öncə səhhətinizlə əlaqədar xəstəxanaya yerləşdirilmişdiz. Hazırda durumunuz necədi?

- Artıq çıxmışam. Amma bu həmişə olan xəstəlikdi. Aşağı hissədə arteriyada problemlər var, damarlara tromb yığılır. 5 dəfə əməliyyat keçirmişəm. Problem olan hissəyə şunt qoyulub. O da ki, tez-tez trombla dolur və fəsadlar verir. Vaxtında əməliyyat etdirmək lazımdı, əks halda qanqrena yarana bilər. Əməliyyat lazımdı, amma mən dərmanlar vasitəsilə müalicə oluram. Əməliyyat bir qədər kömək edir, lakin sonra yenidən eyni hal baş verir. Gəzirəm, amma ağrılar var. Buna baxmayaraq, dözürəm. Başqa nə edə bilərəm ki?

 

- Bununla bağlı maraqlanan olurdu sizinlə?

- Sözsüz ki, yoldaşlarım yanıma gəlib-gedirlər. Amma...

 

- Bəs futbol ictimaiyyətindən kimlərsə maraqlanır?

- Futbol ictimaiyyətindən də əməliyyat üçün söz vermişdilər. Amma hələ xəbər yoxdu. Yəqin ki, başları qarışıb, imkan yoxdu. Heç kimə nəsə demirəm, onları da qınamıram. Çünki hamının problemləri var. AFFA? Xeyr, onlara müraciət etmirəm.  Oqtay Abdullayev demişdi ki, özü maraqlanacaq, müraciət edəcək. Kömək edəcəyini bildirmişdi. Ancaq hələ ki, onunla əlaqə saxlamamışam. Həyatdı, hər şey ola bilər. Etsələr də, etməsələr də sağ olsunlar. Heç kimi məcbur edə bilmərəm.

 

- Heç olmasa AFFA-dan, yaxud "Neftçi"dən təqaüd alırsız?

- AFFA-dan yox, "Neftçi"dən alıram. Özü də çox "böyük" təqaüddü. Cəmi 43 dollar verirlər, təxminən 83 manat.

 

- Razısız bu məbləğlə?

- Çox "razıyam". Elə mənim təkcə dərmanlarım 150 manat edir (gülür). Sağ olsunlar, nə deyə bilərəm? Heç olmasa müəyyən qədər pul verirlər. Bunlar Azərbaycanın üzünü ağ ediblər. Biz futbol oynamamışıq. 300-400 min manat legionerə pul verirlər. Onlar da gəlib keflərini görüb gedirlər. Niyə oynasınlar ki? Onlara lazımdı?

 

- Futbolumuzda baş verənləri izləyirsiz yəqin ki? "Neftçi"nin və  digər komandalarımızın çıxışı ilə bağlı nə fikirləşirsiz?

- "Neftçi" məni maraqlandırmır. Ümumiyyətlə futbolumuz məni artıq daha az maraqlandırır. Çünki istər "Neftçi" istər milli olsun, neqativ halları çox görürəm. Düzdü, hardasa ürəyimin dərinliklərində "Neftçi" var. Amma nə olsun? "Neftçi"də gündə bir "afirist" "moşennik" gəlib işləyir. Hamını uzaqlaşdırırlar, öz dostlarını, qohum-əqrəbalarını gətirirlər. Futbolçular isə kənarda qalır. Bizim futbol budu. Nə vaxta kimi belə davam edəcək? 8 komandalı çempionat olar? Biabrçılıqdı, bir komanda 10-15 legioner gətirir. Bunların məqsədi nədi? Olmaz axı belə. Camaat "çörəyi qulağına yemir". Bizi aldada bilməzlər. Tribunada, hansısa azarkeşləri aldada bilərlər. Amma futbolçuları aldatmaları mümkün deyil axı. Futbolun içində "bişib", böyümüşük. Utanın, yerə girin, bu qədər legioneri Azərbaycana gətirib tökməyin də. Öz ölkəsində 3-4-cü çempionatda oynayan futbolçunu gətirirlər, hələ üstəlik ehtiyatda da oturdurlar. Ehtiyatda oturacaqsa, ayda 300-400 min pul verib nə üçün gətirirsiz? Əlbəttə ki, boşunadı.

 

- "Neftçi"nin indiki rəhbərliyindən razısız?

- Xeyr, çünki onlar yalançıdılar. Bilirsiz niyə? Bordindi kimdi, gətirəndə demişdilər ki, komanda mərhələ adlamasa çıxıb gedəcək. İndidən sonra nə olacaq ki? Gəlib, kefini görüb gedəcək. Guya bundan əvvəlkilər nəsə ediblər? Bu da eyni sözləri deyəcək. Hamısı bəlli ssenari üzrə gəlib, belə də gedirlər. Arada qalan isə, futbolumuzdu, Azərbaycanın pullarıdı. Boş-boşuna xərclənir. Özümüzünkülərə gələndə, deyirlər ki, "vəsait yoxdu". Futbol bu gündə inkişaf edər? Uşaq futbolunda işləyən məşqçilərə baxın, biabrçılıqdı. Gedib lisenziya alıb, gəlib işləyirlər. Hansı ki, praktikanı bilmirlər. Bunlar necə işləyəcək? Futbol ilk növbədə praktikadı, daha sonra nəzəriyyə gəlir.

 

- Bu mövsüm avrokuboklarda klublarımızdan nə gözləyirsiz, hansı ümidləriniz var?

- Uğurlar arzulayıram. Amma uğur arzulamaq azdı. "Qarabağ"a bir az ümid edirəm. "Səbail" ilk dəfə iştirak edəcək. Çox irəli gedə bilməz. Uzağı, 1-2 mərhələ adlaya bilər. "Neftçi" də onun kimi. "Neftçi"yə inanmıram, keçən il gətirdikləri transferlər, gördüz nə gündə idi? Adam utanırdı. Bilmirdin ki, utandığından nə edəsən, hansı skamyanın altına girəsən. Bəs bu legionerləri kim gətirib? Soruşan yoxdu ki, "bu zir-zibilləri kim, haradan gətirib?" Onlar öz ölkələrinin zir-zibilləridi, Azərbaycana gətirirlər. İmkan verin bir-iki il özümüzünkülər oynasın, təcrübə yığsın. Birinci Divizionu biabırçı vəziyyətə salıblar. Oradan futbolçu gəlməlidi. Əvəzedicilərin, Birinci Divizionda nə işi var? Onlar ayrıca oynamalıdı. Birinci Divizionun normal reqlamenti olmalıdı ki, sponsorlar da istəyəndə pul yatırsınlar. Əslində pul xərcləmək istəyənlər çoxdu. Amma futbolumuzda belə neqativ halları görəndə etmirlər. Baxırlar ki, çempion olan komanda qalır, Yüksək Dəstəyə 4-cü yeri tutan çıxır. Belədə fikirləşir ki, "nə üçün bura pul xərcləməliyəm?" "Neftçi"nin gətirdiyi futbolçular, bizim vaxtımızda heç əvəzedicilərdə də oynaya bilməzdi. Əsəbiləşmək istəmirəm. Biabrçılıqdı, Yunanıstandan, İtaliyadan gətiriblər, onlara futbolçu deyirlər? Futbolçudu onlar? Mirabdulla Abbasovu niyə "öldürürlər", oynamasına şərait yaratmırlarr? Hücumçu kimi deyirəm, onda olan perspektiv kimdə var? İmkan verin oynasın, açılışsın də. Özümüz-özümüzü aldadırıq, futbolumuza düşmənçilik edirik. Belə olmaz axı, onalrı başqa şeylər maraqlandırır. Ona görə də "Neftçi" rəhbərliyindən narazıyam. Transfer siyasətləri düzgün deyil. Çoxları pərdəarxası transferlər edirlər. Təkcə mən deyil, hər kəs də bilir ki, bunun arxasında nələr dayanıb. Əslində bunu hamı edir. Ancaq əvvəlcə komandanı düzəltmək lazımdı. Daha sonra digər məsələlərə əl atarlar. Bir də ki, əl atmaq lazım deyil, çünki komandaya mükafat verilir. Deyə bilərəm ki, normal mükafat verirlər. Belədə nəyə görə acgözlük edirlər? Hansı klubumuzda prezident, yaxud vitse-prezident vaxtilə futbolçu olub? Çünki çoxlarına belə şeylər sərf etmir? Niyə görə Səmədağa Şıxlarov, Nazim Süleymanov, İsgəndər Cavadov, Əbdülqəni Nurəhmədov, Şakir Qəribov və adlarını bir-bir çəkmək istəmədiyim digər veteranlar klublarda vitse-prezident, prezident, yaxud İcraçı Direktor olmamalıdı? Görün "Neftçi"də kimlər işləyir? İqor Getmandan başqa orada futbolçu var? Kimi ürəyi yanar o komandaya? Yalnız "Neftçi"də çıxış edənlərin ürəyi yanar, başqa yerdə oynayıb gələnlərin deyil. Bilirsiz, tənqiddən keçib. Təhqir etməyə də ehtiyac yoxdu. Sadəcə, qeyrətə gəlmək lazımdı. Vicadan qarşısında özünə sual verməlisən ki, "axı mən Azərbaycan futbolu üçün nə etmişəm"? Axı Azərbaycan futbolu üçün əziyyət çəkənlər olub, onu bu yerə gətirib çıxarıblar. Həmin insanlar pis gündə yaşayır, amma onlar yağ-bal içində. Heç olmasa keçmişə hörmət etsinlər. Əməliyyat olunmalıyam, amma imkanım yoxdu. Nəyə görə belə olmalıdı? Ceyhun Sultanova görə 16 min manatlıq cərimə yazırlar, nəyə görə? Təkcə Ceyhunu demirəm, başqası da ola bilər. Bilirsiz necədi, mən 16 mini qazanmaq üçün illərlə təqaüd almalıyam. Kişi kimi papaqlarını, qarşılarına qoyub, desinlər ki, "bəsdi futbolumuzu bu günə qoyduq". Olmaz qeyrətə gəlməliyik. Normal, peşəkar insanlar var. Hansı ki, onlar işləməlidi. Mən olmasam da gənclərə yer versinlər. Onlar futbolumuza fayda verə bilərlər. Camaatı aldatmaq bizə yaraşmaz (Sport7.az).

Xəbər xətti