“Zirə”nin baş məşqçisi Samir Abasov müsahibə verib.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın Premyer Liqadakı durumuna, legioner limitinə və digər məsələlərə toxunub.
- Son turda “Keşlə”yə 0:2 hesabı ilə məğlub oldunuz. Bunun əsas səbib nə idi?
- Məğlubiyyətin səbəbi pis oynamağımız idi. Həqiqətən də, ötən oyunu komanda şəklində həddindən artıq bərbad keçirdik. Matçın ilk dəqiqələrində hiss olunurdu ki, ötən oyunlara nisbətən, mübarizə əksik oldu. Vuruşmaq lazım olan məqamda rəqibə uduzduq. Bunun da nəticəsi oyunu uduzmaq oldu. Bizim də qol imkanlarımız var idi. Tellurun 100 faizlik epizodu oldu. Amma uduzmağımıza əsas səbəb qol vurmamağımız yox, oyunu ümumi şəkildə uduzmağımız idi.
- Beş müdafiəçi ilə oynasanız da, yenə də rəqibin qarşısını ala bilmədiniz. Sizcə, buna səbəb müdafiənin bacarıqsızlığı idi , yoxsa...?
- Oyuna 5 müdafiəçi ilə başladıq. Birinci hissənin ortalarında bir müdafiəçimiz zədələnərək oyundan çıxdı. Əfsuslar olsun ki, həmin çıxan futbolçunun mövqeyindəki futbolçu da “Qarabağ”la oyunda zədələnmişdi. Məcbur olduq ki, həmin mövqeyə orada oynamayan futbolçunu salaq. Bu gün elə məqamlar var ki, oyunun içində sənə həddindən artıq dəyişiklik etməyə mane olur. Yerli oyunçular, limit və sairə. Beş müdafiəçi, yoxsa altı müdafiəçi ilə oynadıq, fərqi yoxdur. Bu, sistemdir. Sistemi kim hara yozur bilmirəm. Kim hansı gözlə baxır, necə baxır, bu, onların şəxsi fikirləridir. 5 müdafiəçi ilə oynamağımız fikrimizin müdafiədə olmağı ilə bağlı deyildi. Bu, sadəcə, oyunun bir sistemidir. Bu sistemin anlayışından bir az uzaq olanlar üçün demək istəyirəm ki, bu sistemi müdafiəyə də, hücuma da çevirə bilərsən. Yəni, bu, bizim üçün o qədər də problem deyil.
- Oyundan sonra mətbuat konfransında söz tapa bilmədiyinizi dediniz. Bu, komandada problemlərin çoxluğundandır, yoxsa məğlubiyyətin təsirindən?
- Sırf məğlubiyyətdən. Oyun bitdikdən təxminən 10 dəqiqə sonra mətbuat konfransı başlayır. Yəni, oyunu analiz etməmiş danışmaq çətin olur. Komandamızda vəziyyət həddindənn artıq yaxşıdır. Çox şeylər də itməyib. Bizdən də pis vəziyyətdə olanlar var və biz əl-qolumuzu sallamırıq. Sadəcə, niyə taktiki gedişlər yox, sırf mübarizədə uduzduq, bunun səbəbi yoxdur. Səbəbləri özümüzdə axtarmalıyıq.
- Komanda 6 turdan sonra 5-ci pillədə qərarlaşıb, bu nəticə sizin üçün qaneedicidirmi?
- Altı turdan sonra 7-ci tur gəlir və ondan sonra çox şey dəyişilə bilər. Məsələn, “Neftçi”nin dünənə kimi aşağı pillədə olduğu filan deyilirdi. Bir oyun udmaqla yuxarı pilləyə qalxdılar. Son oyunu uduzmağımıza baxmayaraq, üçüncü yerlə aramızda cəmi 3 xal fərq var. Qışdan sonra gəlib, 2-ci, 3-cü yeri də tuta bilərik. Belə hallara dəfələrlə şahid olmuşuq. İndiki durumda qələbə qazandığımız halda, vəziyyətimiz kritik yox, qənaətbəxş olar. Hələ ki, 7-ci turu gözləyirik.
- “Zirə” heyətinə kifayət qədər legionerlər cəlb edir. Düşünürmüsünüz ki, bu heyətlə komanda daha yüksək pillələrdə olmalıdır?
- Bu gün “Zirə”də digər komandalarla aşağı-yuxarı legioner sayı eynidir. Beş legioner keçən mövsüm də bizimlə olanlardı. Cəmi 3-4 yeni legioner transfer etmişik. Onlar da hazırda adaptasiya dövründədir. Altı legionerə icazə verilən sistemdə, 6 yox, 12-15 legionerin olmalıdır. Əlavə olaraq da, 10 nəfər də yerli futbolçu. Bu gün ümumi futbolda yaşanan problemlər bizdən də kənar keçməyib. Buna görə də məhdud şəkildə oyunçu sayımız var. Narahatçılığımız əlimizdə olan həmin futbolçuların zədələnməsidir. Mfo gedib öz millisində ayağın qırıb. Hücumu gücləndirən oyunçudur və bu, bizə pis təsir edir. Afrikalılar gedir millilərinə, oyun günü qayıdırlar. Bu məsələlər bizi narahat edir.
- Əlinizdə olan legionerlərinizdən tam olaraq istifadə edə bilmirsiniz? Hazırkı legioner limiti sizə nə dərəcədə problem yaradır? İki tur əvvəl mətbuat konfransında da bu haqda danışmışdınız.
- Əlbəttə, problem yaradır. Ümumiyyətlə, limitin tərəfdarı deyiləm. Əksinə, limitin yer üzündən götürülməsinin tərəfdarıyam. Bu, süni şəkildə kimlərəsə imkan yaradır ki, bunlardan istifadə olunsun. Kimlər deyəndə, yəni, futbolçular. Bir futbolçunu 1 il boyunca oynadırsan, olur komandanın əsas bir üzvü. Gələn il məcburiyyətdən limitə görə onu ehtiyatda oturtmalısan, digərin oynatmalısan. Həmin futbolçu da da batıb gedir. Bunlar da süni şəkildə olan bir şeydir. Məncə, xeyir vermir.
- Çempionluğa əsas namizədlərdən olan “Qarabağ” və “Neftçi” komandaları ilə artıq qarşılaşmısınız. “Neftçi”nin uğursuz çıxışlarını nəzərə alsaq, bu il çempionatın rəqabətsiz olacağını demək olarmı?
- Mən belə fikirləşirəm ki, bu gün “Qarabağ”la başa-baş mübarizə apara bilən, güclü olan komandalardan biri “Neftçi”dir. Çünki “Neftçi”də olan futbolçuların keyfiyyəti heç də “Qarabağ”ın oyunçularından geri qalmır. “Neftçi”də nə baş verdiyini mənim deməyim düz çıxmaz. Bilsəm də, yəni, başa düşsəm də bunu mən ömür boyu demərəm. Çünki ən azından, kluba hörmətsizlik olar. İnşallah, onlar öz problemlərin həll edər. Həll eləməsələr də, mənə nə? Yenə deyirəm, baxmayaraq ki, biz “Neftçi”yə qalib gəlmişik, amma onlarda oyunun taleyini həll edə biləcək keyfiyyətli oyunçular həddindən artıq çoxdur. Hər biri bütün oyunlarda öz payına düşəni yerinə yetirə bilir. Bu, üstün bir şeydir. “Qarabağ”ın da futbolçularının illərdir birlikdə oynaması açıq-aşkar digər komandalardan fərqini göstərir. Bunu araşdırmağa dəyməz. Əlbəttə, sənin 500 minlik futbolçun 50 minlik futbolçudan fərqlənməlidir.
- Növbəti turda evdə “Qəbələ”ylə qarşılaşacaqsınız. Komanda hazırda sonuncu pillədə qərarlaşıb. Bu oyun haqda nə deyə bilərsiniz?
- İnanın Allaha, bizdə “Qəbələ”nin sonuncu pillədə olduğunu düşünən yoxdur. Mən də inanmıram ki, “Qəbələ”ylə qarşılaşan heç bir rəqib onların sonuncu pillədə olmasını düşünər. Sonuncu pillədə ola-ola gəlib, “Sabah”ı uddular, 2-ci pillədə olan “Səbail”lə heç-heçə etdilər. Yəni, bu, göstərici deyil. Sonuncu yerlə 2-ci yer arasında 6 xallıq fərq var. Bizi onların turnir cədvəlindəki mövqeləri maraqlandırmır. “Qəbələ”yə həddindən artıq böyük hörmətimiz var. Yaxşı oynayıb, özümüz özümüzü sevindirmək istəyirik. Birinci dövrəyə qədər bəzi işlərimizi yoluna qoymuş olarıq. (Qol.az)
saytlarin hazirlanmasi