AFFA-nın texniki direktoru Bernard Lippertin müavini təyin olunan Yunis Hüseynov müsahibə verib.
Sportal.az xəbər verir ki, təcürbəli mütəxəssis təyinatı ilə bağlı suallara cavab verib.
- Əvvəlcə yeni işinizlə bağlı təbrik edirik.
- Şox sağ olun. Təşəkkür edirəm.
- Təyinatınız necə gerçəkləşdi?
- Sağ olsun, Elxan müəllim (Elxan Məmmədov – red.) dəvət etdi. Danışdıq, məmnuniyyətlə qəbul etdim. Çalışacam ki, savadımla, biliyimlə kömək edim.
- Təklifi nə vaxt aldız?
- 3-4 günün söhbətidi. Müzakirə oldu, qəbul etdim və artıq işə başlamışam.
- İşiniz konkret nədən ibarət olacaq? Texniki direktorun müavini nə deməkdi?
- U-19, U-21 və məsləhət bilsələr, U-17 millilərini nəzarətdə saxlayacağıq. Onların oyunlarına baxıb, fikirlərimizi bildirəcəyik.
- Millilərdə işləməmisiz, aşağı yaşlılarla da. Fayda verəcəyinizi düşünürsüz?
- Bəli, milli komandalarda ilk işimdi. Çalışacam ki, fayda verim, ümidləri doğruldum. Milli komandalara kömək etmək istəyirəm.
- Bir müddət əvvəl sizdən müsahibə götürən həmkarlardan birinin işlərinizdə uğurlar arzulamasına gileylənmişdiz ki, iş yoxdu. İndi var...
- Uğurlar da olar, inşallah (gülür).
- Həmişə “birinci adam” olmusuz, bundan sonra sanki kölgədə qalacaqsız. Belədə, nəsə uğur mümkün görünürmü?
- Niyə olmur ki? İşləmək, çalışmaq lazımdı.
- Necə işləmək? Nələr etmək?
- Çalışacağıq da, görək nə edirik. Qabaqcadan demək olmaz. Fikirləşib nəsə etmək lazımdı ki, futbolumuz inkişaf etsin.
- AFFA-dan qarşınıza bir plan, tapşırıq qoyuldu?
- U-19, U-21 milliləri ilə bağlı işlər tapşırılıb. Öhdəsindən gəlməyə çalışacam. Belə fikirləşirəm ki, yığmalara köməyim dəyər.
- Bildiyimizə görə, bir müddət əvvəl Məşqçilər Komitəsində işləmək təklifi alıb, qəbul etməmisiz. İndi AFFA-nın başqa təklifini qəbul etdiz. Səbəb nə oldu?
- Bəli, sağ olsunlar, o vaxt Məşqçilər Komitəsində işləməyi təklif etmişdilər. Sadəcə, mən istəyirəm ki, hərəkətli bir fəaliyyət olsun. Ona görə də indiki iş daha yaxşıdı. Çünki daim stadionlarda, milli komandalarla olacam. Oturaq iş deyil, digər oyunları izləyəcəm, futbolçulara baxacam və s. Bu, daha ürəyimcədi.
- İşə başlamamışdan bu sahədə yararlı olacağı düşünülən mütəxəssis kimi U-19 və U-21-də hansı problemləri görürsüz?
- Dediyim kimi, milli komandalarda heç vaxt işləməmişəm. Təbii ki, bəzi fikirlərim var. Ancaq bir aydan sonra zəng edərsiz, tam işin içində olandan sonra ətraflı danışarıq. Hələ yeni başlayıram. Ona görə də hər şeyi dəqiqliyi ilə deyə bilmərəm.
- Bernard Lippert bir neçə ildi bu vəzifədədi və indiyə qədər belə bir müavini yox idi. Sizcə, onun köməkçiyə ehtiyacı var?
- Onunla danışdıq. Xoş təsir bağışladı, bir-birimizi başa düşürük. Mən müavin gedirəm. İki yığmaya nəzarət edəcəm.
- İndiki məqamda birdən-birə niyə belə bir ehtiyacın yarandığı barədə nə fikirləşirsiz?
- Yəqin ehtiyac var ki, məni dəvət ediblər.
- Bilirsiz, veteran futbolçuların Həmkarlar İttifaqı yaradılıb. Çoxları gözləyirdi ki, Yunis Hüseynov da orda olacaq. Amma siz AFFA-da işə başladız...
- Belə suallarla bilirəm hara çəkirsiz. Bilirsiz, Yunis Hüseynov heç vaxt ittifaq-mittifaq üzvü olmayıb. Həmişə tək olmuşam, fikrimi də bildirmişəm. Futbolumuzun inkişafından ötrü hər şeyi etmək lazımdı. Bunu həmişə demişəm. Yeni işimə görə təbrik etməyə görə əlaqə saxlamısızsa, sağ olun. Yunis Hüseynov o ittifaqa qoşulmadı, bura getdi... O biri tərəflərə çəkmək lazım deyil. Yaxşı?
- Sadəcə, deyirlər ki, AFFA həmin İttifaqın sıralarının genişlənməyini istəmədiyi üçün bəzi veteranları yanına çəkir...
- Bu barədə heç nə deyə bilmərəm.
- Sizə ordan təklif olmuşdu?
- Mənə hər bir təşkilatdan təklif olub, heç vaxt razılıq verməmişəm (futbolpress.az).