Şəhriyar Rəhimov AÇ-2020-nin seçmə mərhələsində Slovakiya ilə oyundan öncə müsahibə verib.
Sportal.az 30 yaşlı müdafiəçinin müsahibəsini təqdim edir:
- AÇ-2020-nin seçmə mərhələsində son olaraq, evdə Uelsə məğlub oldunuz. Həmin oyunda yaxşı nəticə üçün nə çatmadı?
- Seçmə mərhələdəki son ev oyununu yaxşı nəticə ilə bitirmək istəyirdik. Bilirdik ki, qələbəmiz yoxdur, azarkeşlər də bizdən inciyib. Belə baxanda qrupda heç bir şansımız yoxdur, amma istəyirdik ki, xalqımızı sevindirək, milli komanda adına yaxşı nəticə qazanaq. İstəyimiz alınmadı. Açıq etiraf eləmək lazımdır ki, qrupdakı bütün komandalar səviyyəcə bizdən üstündür. Hansısa oyunda sürpriz etmək istəyirdik. Uelslə matçda da bu baş vermədi, uduzduq. Yenə də standart vəziyyətdən qol buraxdıq. Çalışdıq, əlimizdən gələni etdik. Birinci hissədə bir az dinamik oynadıq. İkinci yarı isə müəyyən qədər sönük alındı.
- Düşünmürsünüz ki, erkən qol buraxmaq komandanızı tez sındırdı?
- Əlbəttə. Biz Fransa millisi deyilik ki, hansısa oyunda geridönüş edək. Hər zaman çalışırıq ki, kompakt oynayaq, qol buraxmayaq, rəqib "açılandan" sonra əks-hücumlarda şans yarada bilək. Nəinki biz, kiçik futbol ölkələri qol buraxanda artıq geridönüş etmələri çətin olur. Ueslin futbolçuları hava toplarının 99 faizindən qalib ayrılırdı. Bizim üçün çox çətindir. Bilirik ki, standart vəziyyətlərdən qol buraxmaq ölkə futbolunun xəstəliyidir. 10-cu dəqiqədə qapımızda qol gördük, sonra nə isə etmək çətin idi.
- Uelsə qarşı yarımmüdafiəçi mövqeyində oynadınız. Həmin mövqedə çətinlik çəkmirdiniz?
- Hamı bilir ki, bu, mənim üçün doğma mövqe deyil. Oyunda yarımmüdafiəçi kimi görsənə bilərəm. Sadəcə, məşqçilərin də tapşırıqları var idi. Onlar bizə tapşırmışdı ki, sağ cinahdakı Teylor Roberts digər cinaha nisbətən daha çox hücuma meyl edir. Kardiffdəki matçda da həmin taktika ilə oynamışdıq. Məndən kimisə keçib qol vurmaq yox, müdafiəyəmeylli oyun tələb edirdilər. İkinci yarıya geridə başladığımız üçün müdafiəçinin birin çıxarıb, Təmkin Xəlilzadəni daxil etdilər ki, irəlidə hücumameylli oyunçu olsun.
- Qeyd etdiniz ki, standart vəziyyətlərdən qol buraxmaq Azərbaycan futbolunun problemlərindən biridir. Bunu həll etmək mümkün deyilmi?
- Bu 5 ilin, 10 ilin problemi deyil. Müstəqillikdən bəri görürük ki, başla hər zaman zəif oynamışıq. Biz azərbaycanlıların genetik olaraq orta boyu təxminən 1.78 metr olar. Bizdə ucaboy futbolçu az olub. Britaniyalılar isə hər zaman cinah ötürmələri, başla oyunla seçiliblər. Bizim zəif tərəfimiz onların güclü yeridir. Bu üstünlüklərindən də istifadə edirlər.
- Qarşıda Slovakiya ilə oyun var. Yığma son görüşdə də uduzsa, tarixində ikinci dəfə seçmə mərhələni 1 xalla başa vuracaq. Rəqibə də qələbə lazımdır. Həmin görüşdə nəyə ümid etmək olar?
- Digər qrupların əksəriyyətində ilk 2 yerin sahibləri artıq bəllidir. Bizdə Xorvatiya kimi komanda Avro-ya vəsiqəni ötən matçda təmin etdi. Qalan komandaların şansı qalır və oyunlara motivasiya ilə çıxırlar. Əminəm ki, Slovakiya bizə qarşı var gücünü qoyacaq. İtirəcəyimiz heç nə yoxdur. 4 tur öncə bilirdik ki, qrupdan çıxa bilməyəcəyik. Biz daim final mərhələsinə yüksəlmək üçün oynayan komanda olmamışıq. İstəyirik ki, sürpriz edək və göstərək ki, Azərbaycanda da futbol var, inkişaf yolundayıq. Azarkeşlər və xalqımız üçün yaxşı nəticə qazanmaq niyyətindəyik. Əlimizdən gələni edirik. Nə qədər alınıb-alınmayacağını bilmirəm. Millidə oynayan hər bir futbolçu bacardığını edir. Bəlkə də bacardığımız budur. Həmişə çalışmışıq ki, ölkəmizi layiqincə təmsil edək.
- Baş məşqçi Nikola Yurçeviç son mətbuat konfransında bildirdi ki, qalmaq istəyir. Xorvatiyalı mütəxəssis gələcəkdə yaxşı nəticələrin ola biləcəyinə ümid etdiyini də vurğuladı. Sizin ümidiniz varmı?
- Baş məşqçinin qalıb-qalmaması ilə bağlı mənim açıqlama verməyim düzgün olmaz. Hər bir baş məşqçi gələcəkdə yaxşı nəticələrin olacağına inanır və qalıb özünü sübut etmək istəyir. Uğursuz nəticələr olsa belə, məşqçilər özlərini isbatlamaq şansı istəyirlər. Baş məşqçi ilə bağlı qərar rəhbərlik səviyyəsində olan məsələdir. Milliyə kimin rəhbərlik etməsindən asılı olmayaraq, oyunçu can-başla oynamalıdır.
- Yurçeviçlə bağlı şəxsi fikriniz necədir?
- Mən tək özümü götürüm və fikirləşim ki, baş məşqçi məni yığmaya çağırır, ona görə qalsın. Bu, düzgün yanaşma olmaz. Bəlkə bundan sonra gələn baş məşqçi də məni yığmaya dəvət edəcək? Məni bəyənməyə də bilər, hər şey mümkündür. Azərbaycan millisi üçün xeyirlisi nədirsə, o da olsun. Mən millidə bir il və ya iki il oynadım. Olmaya da bilərəm, fərq etmir. Əsas odur ki, milli yaxşı nəticələr qazansın. Bunu həqiqətən ürəkdən deyirəm. (Report)
saytlarin hazirlanmasi