Dünən keçirilən AFFA-nın XXVIII Hesabat-Seçki Konfransında mühüm qərarlar qəbul olundu. Administrativ strukturda mahiyyət dəyişikliyi olmasa da, qəbul edilən qərarların doğurduğu rezonans kiçik olmadı.
İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra isə mətbuat konfransı keçirildi və bu dəfə Elxan Məmmədovla birgə Vaqif Sadıqov da var idi. Sadıqov artıq AFFA-nın yeni vitse-prezidentidir. O, jurnalistlərə İK-nın iclasında çıxış etdiyi təklif barədə açıqlama vermişdi.
Söhbət ikinci milli komandanın yaradılmasından gedirdi. Mövzunu daha detallı araşdırmaqçün Sadıqovla danışdıq. “FutbolPress”ə müsahibəsində ideya ətrafında daha geniş izah verən vitse-prezidentin dedikləri kifayət qədər maraqlıdır:
“İcraiyyə Komitəsinin iclasında qızğın müzakirələr getdi. Əsasən milli komandanın baş məşqçi postuna namizədlərin siyahısı və o ətrafda danışıqlar sıx dartışılırdı. İclasda yeni təkliflə çıxış etdim. İkinci milli komanda ideyasının əsas məqsədi odur ki, gənc futbolçuları bir komadaya cəmləyək və onların arasından milliyə seçim olsun”.
- Bu prosesin detalları necə ola bilər?
- Fikir versək, 15-dən 19-dək yaş qrupları üzrə milli komadalar var. U-21 isə artıq milliyə birbaşa tramplindir. Bəs bu tramplindən kifayət qədər fayda götürə bilirikmi? Son illər Mahir Emrelin çıxmaqla elə bir ad yoxdur ki, millidə möhkəmlənə bilsin. Bu tendensiya futbolumuzda ən xoşagəlməz haldır. Yeni təklifin məqsədi də bu boşluğu aradan qaldırmaqdır. Deməli, çempionatda tətbiq edilən 21 yaşadək futbolçu limitinə görə komandalarımız məcburən bir futbolçu oynadırlar. O limitin əvəzedicisi kimi də 1-2 o yaşlarda olan futbolçu heyətə qatılır. Bunun faydalarını az da olsa, hiss etməkdəyik. Fikrimcə, Mahir həm də bu limit məsələsinə görə milliyə qazandırıldı. Ancaq prosesi sürətləndirmək lazımdır. Bu ilin sonlarında həmin limit oyunçuları limit yaşını bitirəcəklər. Bəs sonrası? Onlardan neçəsi Premyer Liqadakı klublarının marağında olacaq? Əsas heyətdə möhkəmlənə biləcəklərmi? Zaman göstərir ki, burda faiz göstəricisi olduqca aşağıdır. Və beləcə istedadlı futbolçular tam formalaşmamış havada qalırlar. Məhz o cür oyunçuları itirməməkçün 23 yaşadək futbolçulardan ibarət bir komanda formalaşdırmaq lazımdır. Limit oyunçuları daha iki il həmin komandada oynasınlar. Belədə həm klublarımızın onları müşahidə etmək imkanı olacaq, həm də əsas milliyə keçid üçün fürsət xeyli genişlənər.
- Şərti adı belə qoyaq – U-23 yığması. Bu yığmanın yaradılmasının başqa hansı vacibiyyəti ola bilər?
- Dünən konfransda da dedim, bu komanda əsas milli üçün gənc futbolçu bazası olmaqla bərabər, həm də yerli məşqçi üçün də sınaq meydanı olmalıdır. Həmin komandanı birmənalı olaraq azərbaycanlı mütəxəssislər çalışdırmalıdır. Biz millini çalışdırmağa perspektiv vəd edən mütəxəssislər arasında seçim edib, həmin komandaya təyin etməliyik.
- Bəs o komada necə fəaliyyət göstərəcək? Yəni oyunlar və s.
- Əlbəttə ki, müxtəlif turnirlər, təlim-məşq toplanışları, yoxlama oyunları vasitəsiylə. Medianın və ictimaiyyəin də diqqəti məhz bu komandada olacaq. Orada qabaracaq futbolçuları əsas milliyə qazanmış olacağıq. Komandanın oyunu, nəticələri yaxşı olacaqsa, bununla artıq o çalışdırıcının da əsas milliyə yolu açılacaq.
- Maraqlı fikirdir. Bəs müzakirələrdə bu təklifə reaksiya necə oldu?
- Rövnəq müəllim buna isti yanaşdı. Ümumiyyətlə, millinin baş məşqçisi postuna namizələr siyahısında həm yerli mütəxəssis, həm də xarici adlar var. Həm ikinci milli komanda, həm baş məşqçi mövzularında müzakirlər qızğın getdiyindən iclas çox çəkdi. Özünüz də fikir verdinizsə, nadir hallarda İK-nın iclasları bu qədər davam edir. Rövnəq müəllim təklif etdi ki, bu müzakirələrçün bir az da vaxt ayrılsın. İki həftə sonra İK yenidən toplaşıb, həm baş məşqçi məsələsinə aydınlıq gətirəcək, həm də ikinci yığma komanda mövzusunda konkret addımların müzakirəsi olacaq.
- Əsas milliyə 32 namizədin olduğu siyahı tərtib edilib. Elxan Məmmdov bildirdi ki, növbəti iclasda “short list” hazırlanacaq. Qısa siyahıya yerli məşqçi adı düşə bilərmi?
- Bəli, ola bilər. Belə fikir formalaşdırılıb ki, milli komanda mütləq əcnəbi mütəxəssisə həvalə ediləcək. Qətiyyən elə deyil. Elə iclasdakı qızğın müzakirələr də buna görə idi. Yerli məşqçi tərəfdarları da xeylidir və biz bunu yox, ən çox millinin hazırkı durumuna görə hansı tipdə məşqçinin faydalı ola biləcəyini müzakirə edirik. Bilirsiniz ki, millinin orta yaş həddi kifayət qədər yüksəkdir. İndi ən həssas dönəmdəyik. Nəsildəyişmə prosesi yubanmamalıdır. Lakin bunu o qədər həssas etmək lazımdır ki, qırılma olmasın. Baş məşqçi seçimində bu amil başda olmaqla, ən xırda detallar nəzərə alınacaq. İkinci milli komandanın formalaşdırılması həm də bu amilə görə mühüm əhəmiyyət daşıyır. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, ilk dəfədir ki, ölkə futbolunda perspektivli gənc oyunçu bolluğu var. Lakin bu məsələdə həssas və dəqiq islahatlar aparılmalıdır. İkinci yığma bizimçün bu imkanları dəfələrlə böyüdəcək. Ümid edirəm ki, mətbuatın və ictimaiyytin də dəstəyilə biz bu ideyaları gerəkləşdirə biləcəyik. Əlimizdən gələni etməliyik ki, səhvə yol verməyək.
saytlarin hazirlanmasi