AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Milli komandanın baş məşqçi postu hələ də boş qalıb. Bu yöndə aparılan danışıqlar nə yerdədir?
- Hazırda qısa siyahımızda 6 namizəd var. Hamısının adını deyə bilmərəm. Çünki bəziləri məxfi saxlamağı xahiş ediblər. Bəziləri ilə də hələ əlaqə saxlamamışıq. Bir az səbirli olaq. Düşünürəm ki, mart ayında baş məşqçinin kimliyinə aydınlıq gələcək.
- Canni De Byazi bizimlə söhbətdə bildirib ki, bir neçə gün əvvəl Elxan Məmmədovla danışığımız olub və hazırda onlardan cavab gözləyirəm...
- Təbii ki, namizədlərlə əlaqə saxlayırıq, şərtlərini öyrənirik, öz şərtlərimizi deyirik. Ancaq hələ qərar verilməyib.
- Albaniya millisini Avropa çempionatına daşıyan De Byazinin bu təcrübəsi bizə kömək edəcəkmi?
- De Byazi yaxşı, uğurlu məşqçidir. Çünki Albaniya yığmasını final mərhələsinə qədər aparmağı bacarıb. Bu da çox önəmli amildir. Biz siyahımızda olan məşqçilərin əksəriyyəti ilə əlaqə saxlayırıq. Mətbuatda oxuduq ki, De Byazi artıq baş məşqçi təyin olunub. Amma belə bir şey yoxdur. Heç kimlə anlaşma əldə edilməyib, qərar verilməyib. Bu barədə qərarı AFFA İcraiyyə Komitəsi verəcək.
- AFFA İcraiyyə Komitəsinin iclası nə vaxta planlaşdırılıb?
- Novruz bayramından əvvələ.
- Baş məşqçinin adı həmin toplantıda açıqlanacaq?
- Bəli.
- Uels millisi ilə yoxlama görüşü keçirilməsi nəzərdə tutulmuşdu. Bu məsələdə bir irəliləyiş varmı?
- Hələlik bir yenilik yoxdur. Çünki Uels tərəfi Bakıya gəldikdən sonra yoldaşlıq görüşü keçirmək istəyib-istəmədiyinə aydınlıq gətirməyib. Onlar iyunun 8-də Bakıya gələcəklər və 5 gündən sonra Avropa çempionatında ilk oyunlarını keçirəcəklər. Bu üzdən hələlik bir qərar qəbul etməyiblər.
- Milli komandamızın həmin ərəfələrdə yoxlama görüşü keçirməsi nəzərdə tutulubmu?
- İyunun əvvəli ilə bağlı iki təklifimiz var. Amma hələ qəbul etməmişik. Mart və may aylarında ümumilikdə 3 oyun keçirəcəyik. Dördüncü rəqiblə bağlı düşünürük. Baş məşqçi təyin olunduqdan sonra bir qərar verəcəyik.
- Həmin iki ölkənin adlarını deyə bilərsiniz?
- Xeyr, çünki püşkatmanı gözləyirik. Bildiyiniz kimi, martın 3-də UEFA Millətlər Liqasının püşkü atılacaq.
- Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada əksər idman tədbirləri təxirə salınır. Əgər UEFA oyunların Romada keçirilməməsini məqsədəuyğun bilsə, İtaliyanın qrupdakı 3 matçını qəbul etməyə hazırsınızmı?
- İnanmıram ki, belə bir dəyişiklik olsun. Çünki UEFA tərəfindən bununla bağlı ciddi bir narahatlıq bildirilməyib. Amma təbii ki, belə bir qərar olarsa, qəbul etməyə tam hazırıq. Ancaq düşünürəm ki, hər şey yolunda gedəcək, UEFA-nın planlaşdırdığı kimi, oyunlar 12 şəhərdə keçiriləcək.
- Türkiyə və Uels yığmalarının baş məşqçiləri bu yaxınlarda Bakıya səfər etmişdilər. İsveçrə millisinin baş məşqçisinin gəlişi gözlənilirmi?
- Təbii ki, nümayəndə heyəti gələcək. Onların içində baş məşqçinin olub-olmayacağını bilmirik. Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş paytaxtımızda səfərdə olmuşdu. Ötən həftə Uelsin çalışdırıcısı Rayan Giqqz də gəldi, bütün infrastrukturla tanış oldu. Həm Türkiyə, həm də Uels yığmasının çox ciddi hazırlaşdığını gördük. Hər birinin də məqsədi qrupda birinci yeri tutmaqdır.
- Bəs Bakı necə, tam hazırdırmı? Yoxsa hələ də hansısa çatışmazlıq var?
- Bəli, şəhərimiz Avropa çempionatını qəbul etməyə tam hazırdır (apasport.az).