Fevralın 24-da Bakı Diaqnostika Mərkəzinin Ürək-Damar Cərrahiyəsi şöbəsində Anar Əmrah doktorun əməliyyat etdiyi veteran futbolçu Səmədağa Şıxlarov artıq özünü yaxşı hiss edir. Lakin məsələnin digər tərəfi daha çox qabarıb. Bu, veteran futbolçunun əməliyyat xərclərində kömək üçün AFFA-ya müraciət etməsi və qarşılığın zamanında verilməməsi barədə qalmaqaldır.
Fevralın 28-də AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Firuz Abdulla ödənişin olduğu haqda açıqlama versə də, ondan əvvəl də, sonra da müvafiq köçürmənin olmadığı haqda çox iddialar dərc edilirdi. Məsələyə aydınlıq gəlməsi üçün AFFA-ya müraciət ünvanlayıb, köçürməni təsdiq edən müvafiq sənədi istədik. Köçürmə çeki artıq saytımızda dərc edilib.
Ardınca xəstənin yanında daha çox fəal olan Naib Abdulla da faktı təsdiqlədi – dərc edildi. Məlum olub ki, problem yoluna qoyulub. Bəs AFFA-nın pulu köçürmdiyinə dair iddialar nəyə əsaslanırdı? Ümumiyyətlə, bu mövzunun bu qədər şişirdilməsi nəyə gərək idi?
Sportal.az xəbər verir ki, veteran futbolçu bu və başqa mövzularda danışdı:
- İndi özünüzü necə hiss edirsiniz?
- Şükür, artıq yaxşıyam. Gəzə bilirəm, özümü yaxşı hiss edirəm.
- Səmədağa müəllim, xəbəriniz varmı, sizin əməliyyatın məbləği AFFA tərəfindn tam ödənib?
- Hələ yox.
- Az əvvəl AFFA-ya müraciətimiz əsasında köçürmə sənədini əldə etdik və dərc etdik. 6000 manat hələ fevralın 25-də, yəni əməliyyatnızın səhəri günü köçürülüb. Bir müddət sonra da klinikanın hesabına “oturub”...
- Bəli, mənə srağagün AFFA-nın milli komandalar üzrə baş həkimi Vyaçeslav Xomenko zəng etmişdi. Dedi ki, pul klinikanın hesabındadır.
- Deməli, bu haqda sizə şəxsən də məlumat verilib. Bəs açıqlamalar verilir ki, pul köçürülməyib. Həm də xoşagəlməz hal əmələ gəlir bununla. Sanki ortada pul davası gedir...
- Mən çox istəyərdim ki, bu məsələ AFFA ilə mənim aramda sakitcə həll olunsun. Heç istəmirəm ictimailəşsin. Sadəcə, əməliyyatdan bir müddət əvvəl müraciət etdim, kömək istədim. Pul əməliyyatdan öncə köçmədiyi üçün bir az narahat oldum. Borc-xərc tapdıq, birtəhər düzəltdik məbləği.
- Amma AFFA tərəfi iddia edir ki, əməliyyat günü haqda əvvəldən xəbər verilməyib onlara. Çekə baxanda da görünür ki, əməliyyatın səhəri köçürmə olub. Deməli, məqsəd yubatmaq və ya boyun qaçırmaq olmayıb. Bilmək istədiyimiz odur ki, qurumla aranızda problem yoxdur ki?
- Mən hələ evdən çıxa bilməmişəm. Klinika ilə məsələlər tam həll edilsin, dəqiq məlum olacaq hər şey. AFFA ilə aramda nə problem ola bilər ki. Əvvəldən də demişdim ki, mən sadəcə müraciət edirəm. Kömək etsələr də, etməsələr də, burda faciəvi bir şey yoxdur. Bunu əvvəldən bildirmişdim.
- Amma siz veteransınız, kömək edilməlidir. Gücünüz çatmırsa, onda həyati əhəmiyyətli məsələdə köməklik edilməlidir. Sadəcə, məsələ çox şidi sanki. Məcrası xoşagəlməz hala gəldi. İctimai müzakirələrə çıxması yaxı görünmür...
- Qəti istəmərəm belə olsun.
- Deyilənə görə, pulu götürməyəcəksiniz...
- Yox, əzizim, mən o məbləği yaxınlarımdan borc alaraq ödəmişəm. Əgər pul klinikanın hesabındadırsa, inşallah, götürəcəyəm onu.
- Bir məsələni də dəqiqləşdirmək istərdim. İddia olunur ki, siz 5-ci dəfədir ürək əməliyyatına məruz qalırsınız. Nəzəriyyədə bir az doğru olmur bu. Beş dəfə ürəkdən?
- Yox, mən ayağımdan və qasıq nahiyəmdən göbəyədək damar əməliyyatı olmuşam. Budəfəki əməliyyat ürəkdən deyildi.
- Aydındır. Allah şəfa versin!
- Çox sağ olun (futbolpress.az).