Rövşən Binnətli: "Yeni verilişlərin axtarışındayıq, xeyli planlarımız, hədəflərimiz var" - MÜSAHİBƏ

23:12 - 14 May 2020

Fevralın sonunda “İdman TV” kanalının direktoru vəzifəsinə təyin olunan təcrübəli həmkarımız Rövşən Binnətli müsahibə verib. Sportal.az həmin müsabibəni təqdim edir. 

 

– İlk növbədə “İdman TV”-dəki fəaliyyətiniz haqda danışaq. İşinizi necə dəyərləndirərdiz?

– İnsanın gördüyü iş barədə danışması, müsbət fikir söyləməsi normal deyil. Fevralın 28-də müvəqqəti “İdman TV”-nin direktoru təyin olundum. Mart bizim sevimli bayramımız olan aydı. Elə bayram günlərində də karantin rejimi gücləndi, normal fəaliyyət göstərməyə zaman olmadı. O vaxtdan başlayan özünütəcrid hələ də davam edir. Əksər idarə-müəssisə kimi, yaradıcı sahələrdə – TV və radio sferasında da işçilərin böyük qisminin işə gəlməsi məqsədəuyğun sayılmadı. Yəni yeni fəaliyyət dövrümün əvvəli belə bir zamana təsadüf elədi. Amma çətinliyə baxmayaraq, nəinki mövcud verilişlərin davamlığını qoruduq, yaradıcı heyətimiz hətta tamaşaçıya yeni nəsə verməyə çalışdı və təvazökarlıqdan uzaq olsa da, müəyyən dərəcədə buna nail də oldu.

 

– Elə karantin dövrünün telekanalın faəliyyətinə təsiri barədə danışaq…

– İctimai xarakterli televiziyaların vəziyyətdən çıxmaq yolu çoxdu, amma idman telekanallarında mövzu, sadəcə, idmandı. Bütün idman yarışları, tədbirləri isə təxirə salınıb, bu halda efirin maraq simasını qorumaq, əlbəttə, olduqca çətindi. Bizi çox qınadılar və qınayırlar ki, keçmiş idman yarışlarını, oyunlarını ekrana gətiririk. Amma belə düşünənlər bilməlidilər ki, bu, təkcə Azərbaycanda fəaliyyət göstərən iki idman kanalına aid olan məsələ deyil. Türkiyə, Rusiya, hətta Avropanın və dünyanın idman telekanallarının fəaliyyətinə nəzər yetirsək, onların proqramlarını diqqətlə izləsək, hamısında eyni tendensiyanın, eyni mənzərənin şahidi olacağıq. Başqa cür mümkün də deyil, çünki idman telekanallarının proqramı əsasən yarışlar üzərində qurulur. Lakin “İdman TV” olaraq bu dövrdə biz “Evdə qal, idmansız qalma” layihəsi ilə tamaşaçıların görüşünə gəldik. Bir aydan çox davam edən bu proqramda Olimpiya, dünya, Avropa çempionları, mükafatçıları iştirak etdilər. Məlumdu ki, insanlar davamlı şəkildə evdə qalanda az hərəkət edir, bu isə ətalətə, hətta xəstəliyə səbəb ola bilir. Bu layihə ilə bacarıqlı idmançılarımız sadə idman hərəkətləri ilə insanları tam passiv həyata düçar olmaqdan qorudu. Ona görə Gənclər və İdman Nazirliyi ilə birgə reallaşdırdığımız telelayihə müsbət qarşılandı. Daha bir yeni verilişmiz “Geridönüş” adlanır. Hər buraxılış bir idman növünə həsr olunur, verilişə isə işin içində olan insanları, səlahiyyətli şəxsləri, məsələn, federasiyaların vitse-prezidentlərini, icraçı direktorlarını dəvət edirk. Onlar mövcud vəziyyətdən çıxış yolları barədə geniş auditoriyaya, tamaşaçı kütləsinə məlumat verir, karantin rejimi bitəndən sonrakı planlarından, başlıca hədəflərindən danışırlar. Qonaqlarımızdan biri isə Avropa Gimnastika İttifaqının prezidenti, həmvətənimiz Fərid Qayıbov olub, onun fikirləri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. “Geridönüş” adını da təsadüfən seçməmişik, çünki koronavirus nəticəsində indi dünya idmanı hesabda geri düşən tərəfdi. İdman isə mübarizə, əzmkarlıq, xarakter deməkdi və bu adı da dünya və Azərbaycan idmanının geridönüşə nail olacağına ümid edərək seçmişik. Bundan başqa, kiber-futbolu ölkə teleməkanında ilk dəfə efirə gətirdik. 20 komandanın iştirakı ilə keçirilən kiber-futbol üzrə 1-ci Azərbaycan çempionatının həlledici mərhələsidir və mayın 18-də qalib məlum olacaq. Eyni zamanda, veteran futbolçular arasında bilik yarışı təşkil etmişik. “Ulduzların yarışı” adlı bu layihəmiz də davam edir. Bir vaxtlar yaşıl meydanlarda mübarizəsini izlədiyimiz futbolçular indi futbol biliklərini nümayiş etdirirlər. Sürətli şahmat üzrə onlayn ölkə kuboku yarışı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş 17 yaşlı şahmatçılar arasında blis-turnirin canlı yayınlanması vurğulana bilər. 2018-ci il dünya çempionatı ilə bağlı FİFA-nın hazırladığı filmin nümayişi də tamaşaçı marağına səbəb oldu. Yeri gəlmişkən, təxminən saatyarımlıq film “İdman TV”-nin yaradıcı heyətinin gücü ilə həm tərcümə olundu, həm də səsləndirldi. Tarixi oyunların, yarışların təqdim olunmasında sistemliliyi gözləməyə çalışırıq. Elə haqqında bəhs etdiyim Rusiya mundialının görüşlərini qrup mərhələsindən başlayaraq sona qədər təqdim etdik, mayın 11-dən isə 2012-ci il Avropa çempionatının matçları efirimizdədi. Yəni bunlarsız mümkün deyil, amma biz yeni verilişlərin axtarışındayıq, xeyli planlarımız, hədəflərimiz var. Günün nəbzini tutan proqramlarla tamaşaçıların görüşünə gəlməyi planlaşdırırıq.

 

– Karantin dövründə idman mediasında da “susqunluq” oldu. Bu dövrdə idman mətbuatının işini necə dəyərləndirirsiz?

– Bayaq televiziyaya aid dediyim fikirləri eyniə onlayn və yazılı mediaya da aid etmək olar. İnsanlar yeni xəbər, məlumat axtarır, ancaq yarış yoxdusa, yeni xəbər də olmur. Olan xəbərlər də bir az üzücü, əhval-ruhiyyəni korlayan məlumatlar olur. Nəticədə pessimizm üstünlük təşkil etməyə başlayır. Yazılı mediada işləyən həmkarlarımız üzərlərinə düşən missiyanı maksimum icra etməyə çalışdılar və çalışırlar. Dünəndə olanları bu günə gətirmək, daşımaq, əlbəttə, yaxşıdı, o özü də maarifləndirici məqamdı. Amma çox olanda, tamaşaçıları razı salmadığı kimi, oxucuları da razı salmır. Ona görə də, onların işini qiymətləndirərkən, məsələyə bu müstəvidən yanaşmaq lazımdı. Zənnimcə, həm saytlar, həm idman nəşrlərimiz vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

 

– Koronavirusun mediaya təsirindən danışdıq. Bəs futbola təsiri? Ölkə futbolunun ümumi mənzərəsinə nəzər yetirəndə pandemiyann təsirini necə görürsüz?

– Kollektiv idman növləri üçün bu vəziyyət daha çox çətinik yaratdı. Fərdi idman növlərində fiziki formanı qorumaq bəlkə də bir qədər asandı, amma komanda növlərində, o cümlədən, futbolda məsələ mürəkkəbdi, çünki bunun üçün meydan, açıq hava, xüsusi şərait lazımdı. Əksəriyyət kimi, mən də çox istəyirəm ki, ölkə çempionatı bərpa olunsun. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Geridönüş” verilişinin qonağı olarkən birmənalı şəkildə bildirdi ki, mayın 31-dək məşq üçün icazə verilməsə, çempionatımızı başa çatdırmaq mümkün olmayacaq. UEFA-nın tələbi avqustun əvvəlinədək yarışları yekunlaşdırmaqdı. Mayın 31-dək məşqlər bərpa edilməsə, bunu etmək mümkün olmayacaq, çünki lazımi fiziki formaya düşmək üçün futbolçulara 3-4 həftə vaxt lazımdı. Bu halda matçları 11 oyun gününə sığışdırmaq alınmayacaq. Bu baxımdan, mənzərə ürəkaçan deyil, amma vəziyyətin düzələcəyinə ümid tükənməyib. Azarkeşsiz də olsa, görüşlərin baş tutacağına inanmaq istərdik. Düzdü, bizim oyunlara onsuz da az azarkeş gəlirdi, ancaq məlum hadisələr göstərdi ki, futbol çempionatının yoxluğu müəyyən intizara, narahatlığa səbəb oldu. Deməli, “bizdə futbolu sevmirlər” yanaşması reallığı dolğun əks etdirmir. İnanaq ki, milli çempionat bərpa olunar, qaliblər real mübarizənin nəticəsində müəyyənləşər və avrokuboklara vəsiqə qazanarlar.

 

– “İdman TV”-yə gəldikdən sonra hansı yenilikləriniz, tövsiyələriniz oldu?

– Bu barədə tamaşaçılar daha yaxşı fikir bildirə bilər. Az öncə sadaladığım verilişlər, yeniliklər fevral ayının 28-dən, yəni, vəzifəmin icrasına başladığım andan olan fəaliyyətimizin bir hissəsi idi. Diqqət yetirilməli məqamlardan biri xəbərlərlə bağlıdır. Xəbərlərdə zənginlik var idi, amma sistemlilik lazımi səviyyədə deyildi. Ölkə idmanı ilə bağlı məlumatların önə çıxarılması əsas tələblər sırasındadı. Bu, çox vacibdi. “İdman TV”-də çaılşan hər bir əməkdaş gözəl anlayır ki, ölkə idmanı ilə bağlı xəbərlər prioritetdi və bu telekanal, ilk növbədə, ona görə mövcuddu ki, başverənləri layiqincə təbliğ etsin. Mənim yaradıcı idarəçiliyimin mərkəzində bu dayanır. Təbii ki, balansı qorumaq lazımdı və bir yarışa görə digərini kölgədə qoymaq olmaz. İstənilən idman növünə aid xəbərin tamaşaçısı, oxucusu var. Bir faktı deyim: futbola aid 3-4 və daha çox xəbərin verilməsi normal qarşılanır, amma eyni hal başqa növdədirsə, yanaşma tənqidi olur. Bu da ona görə baş verir ki, hər kəs öz maraq dairəsindən çıxış edərək fikir söyləyir. Biz isə bu işin cavabdehi olduğumuzdan maraq balansını qorumalıyıq. Yanaşmamız bundan ibarətdi və sistemlilik deyəndə də bunu nəzərdə tuturam. “İdman TV”-də intellekti yüksək, müasir düşüncəyə sahib bacarıqlı jurnalistlərimiz, heyətimiz var. Kollegiallığa önəm verirəm, hər kəsin fikri mənim üçün maraqlı və gərəklidi. Çünki yalnız bu halda uğurlu ortaq məxrəc tapmaq mümkün olur. Düzdü, bu dediklərimi reallaşdırmaq üçün yetərincə zamanım olmayıb, ancaq həyat normal axarına düşdükcə, bizim də niyyətimizi gerçəkləşdirmək üçün imkanlarımız genişlənəcək.

 

– Bir sualım da iki telekanalın – “İdman TV” ilə “CBC Sport”un müqayisəsi haqdadı. Yaradıcılıq xüsusiyyətləri, təqdimetmə baxımından necə müqayisə aparardız?

– Məsələyə xəbərlərin təqdimatı, ayrı-ayrı verilişlərin hazırlanması, çatdırılması müstəvisindən yanaşsaq, tam subyektiv mənzərə yaranacaq. Birinə yaxşı görünən veriliş digəri üçün maraqlı olmaya bilir. Ona görə bu, tamaşaçı zövqünə buraxılmalı məsələdi. Buna bizim qiymət verməyimiz həm obyektivlikdən uzaq olar, həm də reallığı əks etdirməz. Ümumi götürəndə isə idman kanallarının işi yayımladığı yarışların keyfiyyəti baxımından qiymətəndirilir. Çempionlar Liqasını yayınlayan kanalın tamaşaçısı, təbii ki, çoxdu. Olimpiya Oyunları dörd ildən bir keçirilən möhtəşəm yarışdı, onu hansı kanal göstərirsə, həmin müddət ərzində auditoriyası daha geniş olacaq. Dünya çempionatını yayınlayan kanalla, mundial oyunlarından icmal hazırlayan kanalı müqayisə etmək, yaxud onlar arasında paralel aparmaq düzgün olmaz. Yaradıcı verilişlərin qiymətini sırf tamaşaçı verə bilər.

 

– İstəyirəm sonda telekanallardakı fəaliyyətinizdən danışaq. “Lider TV”, həmçinin “CBC Sport”dakı fəaliyyətiniz və bu telekanallar ilə bağlı hansı nüansları qeyd edə bilərsiz?

– 2001-ci ildən başlayaraq 11 il “Lider”də işləmişəm. “CBC Sport”un da fəaliyyətə başladığı ilk gündən sıralarında olmuş, xəbər departamentinin şef-redaktoru işləmişəm – tam 4 il. Ötən ilin oktyabrında oradan ayrılıb “İdman TV”-yə gəlmişəm. “CBC Sport”da başlıca məqsəd xəbərlərin operativliyi ilə yanaşı, tamaşaçıya çatdırılma mexanizmində peşəkarlığa diqqət yetirmək idi. “Lider” telekanalından sonra bir müddət yazılı mediada fəaliyyət göstərmişdim, yəni televiziyadan kənar düşmüşdüm. “CBC Sport”da çox xoş günlər keçirdim. Orda yaradıcı potensialı yüksək olan istedadlı jurnalistlərimiz var. Həm peşəkarlıq, həm də insanlıq baxımından olduqca xoş xatirələr qalıb məndə. Tam səmimi deyirəm, bizim teleməkanda nəzərdən qaçmayan qütbləşmə məni ciddi narahat edir. Həmişə arzulamışam ki, telekanallarımız arasında yaradıcı rəqabət olsun, çünki bu, inkişafı şərtləndirir. Azərbaycanda iki idman kanalının mövcudluğu olquqca təqdirəlayiqdi və bu, məsələyə dövlət səviyyəsində diqqətlə yanaşmanın nəticəsidi. “İdman TV” olaraq özümüzə nə arzulayıramsa, “CBC Sport”dakı həmkarlarıma da onu arzu edirəm. Nə qədər ki sağlam rəqabət olacaq, bir o qədər də jurnalistlərimizin yaradıcılıq səviyyəsi və ümumilkdə jurnalistikamız yüksələcək, inkişaf edəcək…("Futbol+")

Xəbər xətti