“Neftçi”nin idman direktoru Ceyhun Sultanov futbolinfo.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
– Daha hər şey bitdi. Yorğunluqdan şikayət etməyə imkan olmayacaq.
– Yox, bizdə iş gedir. Hətta daha gərgin iş rejimi indi başlayır.
– AFFA İcraiyyə Komitəsinin son qərarlarına sizin münasibətiniz də maraqlıdı.
– Düzgün qərar verildiyini düşünürəm. Düzdü, idman prinsipləri də önəmlidi, lakin ön planda insan sağlamlığı durur. Çempionat davam etsəydi də, bundan çox xeyir görməyəcəkdik. Bütün futbolçuları itirə bilərdik. Kifayət qədər hazırlaşa bilmədiklərindən zədələnmə ehtimalı böyükdü, onları yeni mövsüm üçün, avrokubok yarışları ərəfəsində itirəcəkdik.
– Bəlkə də məşqlərə başlamadan dayandırmaq daha doğru olardı? Belə qərar veriləcəkdisə, hazırlığa başlamağa nə gərək vardı?
– Hazırlaşmaq üçün şərait olsaydı, çempionatın davam etdirilməsini istərdim. Amma karantin qaydaları üzündən həftəlik tsiklə əməl etmək olmurdu. Həftəsonu ikigünlük evəqapanma hazırlıq prosesinə əngəl törədirdi. 2 günü boşa verib sonra məşq etmək, oynamaq mümkünsüz idi. “Yolaverməkdisə” çempionatın dayandırılması daha yaxşıdı. Yalnız Avropa Liqasına son vəsiqənin sahibini müəyyən etmək üçün bütün futbolçuları riskə atmaq düzgün olmazdı. Ona görə İcraiyyə Komitəsinin qərarına hörmətlə yanaşmaq lazımdı.
– Futbol adamısan – oynamısan, indi də rəhbər vəzifədə çalışırsan, bütün dünyada futbola qayıdış prosesi gedir, biz isə çempionatı dayandırırıq. Zamanlama yanlış deyilmi?
– Bizim bunu normal şəkildə reallaşdıra bilmək imkanımız ola-ola çempionat dayandırılsaydı, qəribə görünərdi. Amma bizdə ikigünlük sərt karantin rejimi hazırlığa, normal fəaliyyətə mane olurdu. İndi də daha 2 həftəlik fərqli karantin rejimi tətbiq olunur. Bu şəraitdə mövsümü başa vurmaq mümkünsüzdü.
– Hər necə olsa, mövsüm bitdi. Nəticədən razısızmı?
– 8 tura 8 xallıq fərq böyük deyildi. Hamı deyir ki, “Qarabağ” onsuz da çempion olacaqdı. Amma mən belə düşünmürəm – hər şey ola bilərdi. Hər mövsüm olduğu kimi, yenə çempionluğa oynayırdıq, əfsus ki, ola bilmədik. Çempionatın dayandırılmasına bir tərəfdən də məyus olduq, çünki şansımız var idi.
– “Qarabağ”ın çempionluğu ədalətlidimi?
– Deyə bilmərəm, qarşıda 8 tur var idi. 2-ci olduq, verilən qərara hörmət etməliyik.
– Artıq qeyri-müəyyənliyə son qoyuldu. İndi heyətlə bağlı planlarınızı daha açıq ifadə edə bilərsiz.
– Planlarımız bəllidi, müəyyənləşdirmişik. Ciddi çətinliklər olacaq. Avropa kuboklarına gedənlər hamısı çətinlik çəkəcək. Legioner gətirmək asan olmayacaq, bütün yollar bağlıdı, necə olacağı bəlli deyil.
– Deməli, yerli bazara daha çox müraciət edəcəksiz. Yəni, legionerləri də ölkə daxilində seçməli olacaqsız.
– Bu praktikadan ötən mövsüm istifadə etdik. Gözümüzün qabağında olan, tanıdığımız futbolçuları seçdik. Risk etmədik, komandanı bu üsulla formalaşdırdıq. Bu il isə ölkə xaricindən futbolçu gətirməklə boşluqları doldurmağı düşünürük. Bir neçə oyunçuyla danışmışıq, sadəcə, onları gətirməkdə problem var. Mövcud vəziyyət hamıya aydındı, gediş-gəliş mümkünsüzdü. Zamanla duruma baxıb, çıxış yolu tapacağıq.
– Neçə yeni legionerin gəlişi gözlənilir?
– 4-5 yeni transfer planlaşdırırıq.
– Deməli, eyni sayda da futbolçu gedəcək.
– Bəli. Siyahı bəllidi, lakin adları indidən açıqlamağım düzgün olmaz. Futbolçularla görüşüb sağollaşmalıyıq, sonra açıqlayacağıq. Əksəriyyəti müqaviləsi bitən futbolçular olacaq. Yerli oyunçulardan da həm gedən, həm yeni gələn olacaq.
– Yəqin siyahıya Baqali Dabonun başçılıq edəcəyini gizlətməzsiz.
– 100 faiz. Müqaviləsi bitir və yenisi təklif olunmayacaq.
– Son forma qalmaqalına kimi fransalı hücumçuya yeni müqavilə təklif etmək fikriniz var idimi?
– Qərarımıza növbəti 8 oyun təsir göstərəcəkdi. Amma indi buna ehtiyac yoxdu. Dabo bizimlə olmayacaq.
– Bəlkə də bu olaya kimi Dabonu cəzalandırmaq lazım idi. Çünki onun daha əvvəl də qalmaqallı hərəkətləri olmuşdu.
– Hər addımı atanda gərək onun hüquqi tərəfini də düşünəsən. İsti başla qərar verib, kluba ziyan vurmaq istəmərik.
– Dario Federiko…
– Müqaviləsi davam edir, onun haqda qərarı baş məşqçi verəcək. Füzuli Məmmədov qalmağını istəsə, qalacaq. Futbolçunun qərarından da çox şey asılıdı.
– Bu, həm də o deməkdi ki, komandanı Avropa Liqasına Füzuli bəy aparacaq…
– Hələlik bəli. Füzuli müəllimə inanırıq, komandanı avrokubok matçına o çıxaracaq. Sonra necə olacağını birlikdə görəcəyik.
– Komanda formalaşdırmaq üçün zaman istəmişdiz. Artıq il üstünə il gəlir. Təcrübəniz kifayət qədər artıbmı və istədiyiniz komandanı formalaşdırırsızmı?
– Birinci ilə baxanda daha təcrübəliyik. İldən-ilə hər şeyin daha yaxşı olacağına inanıram. Buraxdığımız səhvlər olub, onların təkrarlanmamasına çalışacağıq.
– Deməli, yeni mövsüm daha iddialı “Neftçi” görəcəyik. Çempionluq üçün daha ciddi mübarizə aparacağınızı demək olar?
– Zaman göstərəcək. Hər mövsümöncəsi hədəf çempionluq olur. Əsas rəqibimiz “Qarabağ” neçə ilin oturuşmuş komandasıdı, biz isə heyəti formalaşdırmaqdayıq. Çempionluq üçün oynayırıq, buna nəvaxtsa nail olacağıq. Lakin qısa bir müddətdə hər şeyi etmək olmur, hər il daha da yaxşı olmağa çalışırıq.
– Uzun müddət “Sumqayıt”da işlədiz, müəyyən işlər gördüz. Sizdən sonra bu kluba gələnlər nəticələri daha da yaxşılaşdırdı – ötən il kubokun finalçısı oldular, indi də Avropa Liqasına vəsiqə qazandılar. Klubun pilləli inkişafında payınız olduğunu düşünürsüz?
– Harda işləyirsənsə, müəyyən iz qoyursan, faydalı nəsə iş görürsən. “Sumqayıt”ın Avropa Liqasına vəsiqə qazanmasına sevinirəm. Ümid edirəm ki, mənim də payım olub. Yaxşı mövsüm keçirdilər.
– Mövsümə Roberto Bordinlə yox, başqasıyla başlasaydız, nəticə daha yaxşı olardımı?
– Birinci ildə Bordinlə nəyəsə nail ola bildik, yalnız son turlarda axsadıq. Təəssüf ki, ikinci il bunu davam etdirə blmədik. Bordin pis məşqçi deyil, amma hər insanın bəlli potensialı var. Deməli, italiyalının potensialı buna çatdı, çempionluğa nail olmadı. Amma Bordinlə işləmək mənə çox xoş oldu, fərqli mentalitetə sahib idi. Onu uğursuz saymıram, bəlli səviyyədə işini gördü.
– Sadaladığınız çətinliklər aydındı. Amma vaxt kifayət qədərdi, uğurlu nəticə üçün çalışmaq imkanı olacaq. Avropa Liqasında hədəf müəyyənləşdirmisizmi?
– İstərdik ki, qrupa düşək. Amma bir sıra problemləri həll etməliyik. Məsələn, heyətdəki legionerləri vətəninə yola salmaq, zamanı çatanda da geri qaytarmalıyıq. Psixoloji cəhətdən rahat deyillər, darıxırlar, sıxıntıları var. Stiven Monroz artıq 3 aydı dünyaya gələn övladını görə bilməyib, onun beyni meydanda olmayacaq. Eyni zamanda yeni oyunçularımızı vaxtında sıralarımıza qatmalıyıq. Ola bilər ki, çatdıra bilməyək. Bu problemlərlə qrup vədi vermək olmur. Çalışacağıq, amma çətin olacaq.
– Hansı nəticə uğursuzluq sayılacaq?
– İlk mərhələni keçməmək. Mərhələnin bir oyundan ibarət olması da çox pisdi.
saytlarin hazirlanmasi