Bakıda yeni futbol meydançası istifadəyə verildi - FOTOLAR

20:05 - 8 İyun 2021

Bakının məşhur “5 mərtəbə”sinin həyətində yeni futbol meydançası sakinlərin istifadəsinə verilib. Sportal.az xəbər verir ki, Stadion 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı Elnur Allahverdiyevin təşəbbüsü, Yasamal Rayon İcra Hakimiyyəti, AFFA və Yasamal Rayon Bələdiyyəsinin dəstəyi ilə ərsəyə gəlib. Meydançanın uzunluğu 25, eni 12 metrdir. Süni ot örtüyü AFFA tərəfindən təqdim olunub.

 

Meydançanın açılış mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili E.Allahverdiyev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak ediblər.

 

E.Allahverdiyev bildirib ki, ötən ilin fevral ayında bina sakinləri ilə seçkiqabağı təşviqat kampaniyası çərçivəsində keçirilən görüşündə həyətdə gənclərin və uşaqların idmana marağını stimullaşdırmaq məqsədi ilə meydançanın tikilməsinə çalışacağına söz verib. “Yasamal Rayon İcra Hakimiyyəti və AFFA-nın rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu meydança binanın azsaylı sakinləri arasında futbola və ümumən idmana marağı artıracaq. Bu binada vaxtilə əfsanəvi hakimimiz Tofiq Bəhramov yaşayıb” – deyə millət vəkili vurğulayıb.

 

E.Allahverdiyev deyib ki, seçildiyi dairə ərazisində bir sıra idman xarakterli tədbirlərin keçirilməsi planlaşdırılsa da, pandemiya ilə əlaqədar onları reallaşdırmaq mümkün olmayıb. Ancaq bu tədbirlərin hamısı qarşıdakı dövr ərazində həyata vəsiqə qazanacaq, o cümlədən dairə ərazisində daha iki futbol meydançası inşa olunacaq.

 

Xəbər xətti