“Sabah”ın idman direktoru İqor Ponomaryov Sportal.az saytına müsahibə verib:
- Bir neçə gün öncə Serbiya millisinin sabiq forvardı Petar Şkuletiçlə müqavilə imzaladınız. Maraqlıdı, onun necə transfer edə bildiniz?
- Petar Şkuletiç tanınmış futbolçudu, Serbiya millisində, “Lokomotiv”, “Monpelye”, “Sivasspor” kimi komandalarda oynayıb. Yaxşı idman karyerası var. 31 yaşı var və bu yaş karyeranın sonları demək deyil. Kriştiano Ronaldo, Zlatan İbrahimoviç 37-40 yaşlarında oynamağa davam edir. Şkuletiç özü də ümid edirk i, Azərbaycan onun üçün irəliyə getmək baxımından tramplin olacaq. Onu komandaya gətirmək təsadüfi alındı. Agentlərdən biri onu bizə təklif etdi. Həqiqətən də xoş idi. Biz də həmin təklifi qəbul etdik və danışıqlar getdi, sonda Şkuletiçlə müqavilə imzaladıq.
- Yəqin ki, onunla dialoqunuz olub? Sizə hansısa sözü verib? Məsələn, hücumçuların standart olaraq verdiyi söz, mövsümə 10-15 qol vurmaqdı...
- Onunla danışdım, deyir ki, mənə Pyotr deyin. Rusca yaxşı danışır. “Lokomotiv”də oynayıb axı. Münasibətə açıq biridi. 10-15 qol vurmaq istəyi hər hücumçuda var. Şkuletiç də onlardan biridi. Ümid edirik ki, o, komandamıza xeyir verəcək, ona çox inanırıq. Bu mövsüm hələ qol vurmamışıq. Ola bilər ki, onun gəlişi ilə hər şey dəyişsin.
- Yayda çox transfer etdiniz. Demək olar ki, hazırki heyət, “Sabah” yarandığı ildən bu yana ən güclüsüdü?
- Ötən mövsüm komandadan çox futbolçu getdi. Biz də yayda yerli və xarici futbolçular gətirdik. Yaxşı heyətimiz var, yaxşı futbolçularımız var. Amma hələ ki, heç qol vura bilməmişik. Bəlkə də bu başadüşüləndi. Çünki komanda çempionatöncəsi yığılıb. Bu da öz təsirini göstərir. Bəlkə də zamanla uşaqlar bir-birinə öyrəşəcək, baş məşqçinin tələblərini biləcək. Baş məşqçi də futbolçuları həmçinin. İndi bizə sadəcə zaman lazımdı. Düşünürəm ki, hər şey normal olacaq. Ümid edirik ki, komanda çempionatda xallar yığacaq və mövsümsonu layiqli yerlərdən birini tutacaq.
- Şkuletiç komandanın mövsümün 1-ci hissəsi üçün son transferi oldu?
- Heç vaxt, heç vaxt demə. Bunu zaman göstərəcək. Çünki biz də transferlər edirik ki, nəticə görək. Çempionatda oynayırıqsa, nəyəsə sahib olmaq istəyirik. Transferlər olacaq ya yox, zaman göstərəcək.
- Bayaq sizin də qeyd etdiyiniz kimi “Sabah” hələ ki, qələbə qazana bilməyib, qol vurmağı bacarmayıb. Geridə qalan 3 oyunu necə dəyərləndirərdiniz?
- Avrokuboklara vəsiqə uğrunda oynayacağımıza inanırıq. Bugünki durumda bunu etmək realdı, ya yox, bunu demək çətindi. Çünki hələ xal qazanmamışıq. Ona görə nəsə demək çətindi. Lakin biz istənilən halda avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bu istəyimizdən də əl çəkmirik. Çempionat oyunları qarşıda çoxdu, 3 oyunla bitmir. Sona qədər mübarizə aparıb sübut etməyə çalışacağıq. Bütün 3 oyunu uduzmuşuq. “Səbail”lə matçda qol imkanlarımız çox idi, dominantlıq edirdik. Amma rəqib qol vurdu, biz imkanlardan yararlana bilmədik. Belə oyunlar olur. “Sumqayıt” oyun haqda nə demək olar? Doğrudu, yalnız hakimlər haqda danışmaq istəmirəm. Ancaq bəzən hakimlər də oyunun müqəddaratına təsir edir. Məsələn, elə “Sumqayıt”la görüşdə hakimlər oyundankənar ola-ola bunu qeydə almadı və rəqib bizə qol vurdu. Hakimlərlə bağlı hansısa standart olmalıdı. Bugünki gündə sanki hakimlərdə ikili standart var. Hansısa klub səhv edəndə fit çalırlar, digər edəndə çalmırlar. Götürək, “Qəbələ” ilə matçını. Hesab 0:0 olanda, “Qəbələ”nin futbolçusuna qırmızı vərəqə verilməliydi, amma hakim bunu etmədi. Bunun özü də nəticəyə təsir edir. Bəlkə “Qəbələ” azlıqda qalsaydı, qalib gələcəkdik. Oyunun gedişində dərhal başladıq oyunu, hakim oyunu dayandırdı. Lakin “Səbail”– “Sumqayıt” matçında ev sahibləri fitə baxmadan dərhal oyunu başlayır və qələbə qolunu vurur. Sanki ikli standart var. Bir oyunda olar digər oyunda olmaz. Bunu necə başa düşmək olar? Belə olmaz axı. Bugünki gündə Hakimlər Komitəsinin hansısa hakimi uzaqlaşdırdığını eşitmisiz? Statistikaya əsasən ötən mövsüm hakim haqsızlığına ən çox məruz qalan komanda bizik.
- Mətbuatda Ramin Quliyevin baş məşqçi postundan göndəriləcəyi xəbərləri dolaşır. Onun postundan uzaqlaşdırılması məsələsi gündəmdədi?
- Ramin Quliyevi istefaya göndərməklə bağlı məsələ yoxdu. Biz baş məşqçimizə inanmağa davam edirik. İnanırıq ki, o, komandanı düşdüyü durumdan çıxaracaq. Komandanın əhval-ruhiyyəsi, baş məçqiyə münasibət normaldı. Ramin Quliyev və komanda öz işini görərək, matçları qalib başa vuraraq, bu söz-söhbətləri də birdəfəlik bağlayacaq.
- Dünən millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi “Legiya” Avropa Liqasının qrup mərhələsinin “Spartak”la oyununda qalib gəldi. Mahirin performansını necə dəyərləndirirsiniz?
- Oyuna tam baxa bilməsəm də, məlumatlıyam nəticədən. “Legiya”ya afərin, “Spartak”ı səfərdə uddu. Mahir gəlincə, o, özünü göstərir. Hamı ona inanır və gözləyir ki, o, Azərbaycan futbolunun beynəlxalq arenada ulduzu olacaq.